Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1537/2023 12.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayonu YPX-nin inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1986-cı ildə Quba rayonu, Küpçal-Qışlaq kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu, Küpçal-Qışlaq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Şəxs 18 noyabr 2023-cü il tarixdə saat 10:47 radələrində idarə etdiyi «VOLKSWAGEN PASSAT» minik markalı, ** CO *** dövlət nömrə nişanlı avtomaşını ilə Xaçmaz rayonu, Hülövlü kəndi ərazisində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə ərazidə xidməti vəzifəsini icra edən Xaçmaz rayon X3 Patrul Xidməti inspektoru tərəfindən saxlanılmış və yoxlama zamanı onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirdi ki, 18 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində Xaçmaz rayonu, Hülövlü kəndi ərazisində xidmətdə olduğu vaxt qarşıdan gələn nəqliyyat vasitəsini idarə edən sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsi ehtimalı ilə onun tərəfindən həmin nəqliyyat vasitəsinə saxlama işarəsi verərək şaxlamış, lakin sürücünün təhlükəsizlik kəmərindən istifadə etməsi müəyyən olunmuşdur. Həmin vaxt sürücü Şəxs nəfəsindən spirtli içki iyi gəldiyi üçün Xaçmaz rayon YPX-nin inspektoru tərəfindən alkotester vasitəsilə onun sərxoşluq vəziyyəti yoxlanıldığında, onda “1.364” promil spirtli içki qəbul etməsi müəyyən edilmişdir. Şəxs saxlanılarkən, spirtli içki qəbul etdiyini etiraf etməsi barədə, Xaçmaz rayon YPX-nin inspektorunun üzərində daşıdığı video-registr vasitəsilə görüntülər qeydə alınmışdır. Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs bildirdiyi sərxoş olduğu üçün barəsində protokol tərtib etməmək müqabilində ondan 300 manat məbləğində pul istədiyi şər və böhtandır. Videoregistr vasitəsilə qeydə alınmış görüntülərdən də müəyyən olunur ki, ona hər hansı təzyiq olunmayıb, öz iradəsi ilə sərxoş olmasını şifahi və alkotestr qəbzinin arxa hissəsində yazılı etiraf edərək öz imzası ilə imza imzalamışdır. Daha sonra Şəxs onunla birlikdə Xaçmaz RMX-ya alkoqol səviyyəsinin ölçülməsi üçün getmiş, lakin nahar fasiləsi olduğundan, saat 13:20 radələrində Şəxs Quba RMX-da alkoqol müayinəsinsən keçəcəyini bildirirərək oradan uzaqlaşmışdır. Xaçmaz-Quba rayonları arasında olan yolun məsafəsi nəzərə alınsa, həmin müddət ərzində qida qəbulu ehtimal edilərsə, itirilmiş 1 saat müddətində Şəxs tərəfindən qəbul edilmiş spirtli içkinin promili öz təsirini itirəcəkdir. Həmçinin bildirmişdir ki, sürücü barəsində təkrar protokolun olub-olmamasının yoxlanılması Xaçmaz YPX-nin bölməsinə qayıtdıqdan sonra mümkün olduğundan, sürücüyə saxlanıldığı vaxt inzibati xəta haqqında tərtib olunmuş protokolun surətini vermək mümkün deyildir. Məhəkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən üzərində daşıdığı xidməti video-registr vasitəsilə aparılmış videoçəkilişə telefon vasitəsilə baxış keçirilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 18 noyabr 2023-cü il tarixdə Xaçmaz rayonu, Hülövlü kəndi ərazisində nəqliyyat vasitəsini idarə edərkən, Xaçmaz rayon YPX əməkdaşı tərəfindən təhlükəsizlik kəmərindən istifadə etməmək ehtimalı ilə saxlama işarəsi verildiyindən o, avtomobili saxlamış, lakin təhlükəsizlik kəmərindən istifadə etdiyi müəyyən olunmuşdur. Xaçmaz YPX-nin inspektoru ondan spirtli içki qəbul etməsi barəsində soruşduğunda o, ümumiyyətlə spirtli içki qəbul etmədiyini bildirsə də, alkotester cihazının heç bir lisenziyasını göstərmədən onun sərxoşluq vəziyyətini yoxlamışdır. O, spirtli içki qəbul etmədiyinə baxmayaraq, alkotester vasitəsilə onun sərxoş olduğu müəyyən olunmuşdur. Həmin YPX əməkdaşı ona spirtli içki qəbul etdiyini yazmasını və imza çəkməsini bildirmiş, əks təqdirdə Post Patrul Xidmətinin əməkdaşlarını dəvət edərək onu polis şöbəsinə aparılacağı ilə hədələmişdir. O, təzyiq olunduğu üçün spirtli içki qəbul etməsini yazmış və imza çəkmişdir. Ona YPX əməkdaşları protokol tərtib olunaraq barəsində 600 manat cərimə olunacağını və istifadə etdiyi həmin nəqliyyat vasitəsinin duracağa yerləşdiriləcəyini, cəriməni ödədikdən sonra maşını duracaqdan təhvil ala biləcəyini bildirmişlər. O, protokol tərtib olunmaması müqabilində polis əməkdaşının onadan 300 manat məbləğində pul istəndiyini bildirmişdir. O, YPX-nın inspektoruna sərxoşluğun müəyyən olunması üçün həkim müayinəsinə getmələrini bildirmiş, birlikdə Xaçmaz RMXyə getdiklərində alkotester müayinəsi edən həkimin məzuniyyətdə olduğu onlara deyilmişdir. Daha sonra o, Xaçmaz YPX-nin inspektoruna Quba RMX-də alkotester müayinəsi olunacağını bildirərək saat 14:00 radələrində oradan ayrılmış və saat təxminən 15:00 radələrində Quba RMX-da alkotester vasitəsilə müayinədən keçmiş və nəticə “0” probmil olmuşdur. Həmçinin bildirmişdir ki, polis əməkdaşı ona 300 manat məbləğində pul verəcəyi təqdirdə protokol tərtib etməyəcəyini bildirmiş, lakin o kartında 150 manat olduğu üçün yalnız bu məbləğdə pul verə biləcəyini dedikdə, polis əməkdaşı bu məbləğlə razılaşmamışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 18 noyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, həmin tarixli GP 20004347 nömrəli qərardad, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin spirtli içki qəbul etməsini etiraf etməsi barəsində şifahi və yazılı izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarına əlavə edilmiş 01 ədəd audio-video diskə baxış keçirərkən Xaçmaz rayon YPX inspektoru tərəfindən Şəxs idarə etdiyi avtomobil saxlandıqda, onda alkotester cihazı vasitəsilə sərxoşluq vəziyyəti yoxlanarkən spirtli içki qəbul etməsi müəyyən olunmuş və heç bir təzyiq altında olmadan, sərxoş vəziyyətdə avtomobil idarə etməsini etiraf edərək bu barədə izahat yazması müəyyən olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs yol patrul xidməti əməkdaşı tərəfindən saxlanıldığı anda onda sərxoşluq olmadığı, barəsində əsassız olaraq sərxoş olması barədə protokol tərtib edilməsi və avtomobili idarə edərkən yol patrul xidməti inspektoru tərəfindən saxlandıqda sərxoş olduğunu etiraf etməsi barədə izahatı, məcbur qalaraq yazması kimi dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər yalnız özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş 18 noyabr 2023-cü il tarixli, 123 nömrəli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında alkotesterin nəticəsindən (protokollaşdırmadan) görünür ki, sürücü Şəxs həmin tarixdə sərxoşluq yoxlamasından keçirilmiş, qəbul etdiyi alkoqolun miqdarı (alkoqolun konsentrasiyası) aşkar olunmamışdır. Lakin, Şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə akt tərtib olunmamışdır. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında saat 15:00 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasında olduğunu bildirdiyi halda, məhkəməyə təqdim etdiyi 18 noyabr 2023-cü il tarixli, 123 nömrəli tibbi sənəddə “müayinənin vaxtı və nəticəsi” qrafasında saat 13:15 qeyd olunmuşdur. Bu da məhkəməyə sübut qismində təqdim edilən tibbi sənədin mötəbərliyini şübhə altına alır və həmin sənəd onun tərəfindən inzibati xəta pozuntusunun törədilmədiyini sübut etmədiyindən məhkəmə bu sənədi şəxsin təqsirsizliyini təsdiq edən sübut kimi qiymətləndirmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 saylı qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə alkoqolun konsentrasiyasının 0,3 promil və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında nəqliyyat vasitəsini idarə etməməlidir. Göründüyü kimi, Şəxs “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehlərdən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1537/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1537/2023
12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver