Məhkəmə qərarları › İş №3(067)-156/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-156/2021

03.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-156/2021 03.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon Məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu, xx.xx.1980-cı ildə Xaçmaz rayonunda anadan olmuş, Xaçmaz rayonu Qaracəlli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Xaçmaz rayon məhkəməsinin icraatına Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs oğlu barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokola və əlavə olunmuş sənədlərə əsasən, Şəxs oğlu xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası İXM-in 92.1 maddəsi ilə (2016-ci ilin martın 1-dək qüvvədə olan) təqsirli bilinib 700 manat cərimə edilmiş, lakin cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Daha sonra Şəxs oğlu barəsində xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün xx.xx.2021-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə işə baxarkən iş üzrə icraata xitam verilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etmişdir. Məlum olduğu kimi, hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Hazırkı halda törədilməsi bildirilən inzibati xəta hadisəsi (İXM 529.1) uzanan inzibati xəta olmaqla xx.xx.2016-cı ildə (qərarın qanuni qüvvəyə mindiyi gündən (xx.xx.2016) 3 ay keçdikdən sonra ertəsi gün) başlamış və xx.xx.2016-cı il tarixədək (inzibati məsuliyyətə cəlb etmə müddəti ötənədək), yəni müəyyən müddət ərzində fasiləsiz törədilmişdir. Belə ki, “İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi” (İXM, maddə 529) növünə görə idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə bu növ inzibati xətaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məcəllənin 38.2-ci maddəsi davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanmasını qeyd etsə də, yuxarıda göstərilən əsaslara görə, məhkəmə hesab edir ki, araşdırılan inzibati xəta davam edən xəta deyil, uzanan xətalara aiddir. . Belə olan halda aydın olur ki, cərimə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədiyi üçün xx.xx.2016-cı il tarixdə inzibati xəta hadisəsi baş vermiş olur (ertəsi gündən başlayaraq 3 aydan sonra) və Şəxs oğlu bu inzibati xətaya görə ən geci xx.xx.2016- cı il tarixə kimi məsuliyyətə cəlb edilə bilərdi. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs oğlu barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xətanın törədildiyi gündən üç ay keçdiyindən bu, işin icraatını rədd edən haldır və buna görə də başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci və 114.2.1ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs oğlu barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanmış icraata inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar