Məhkəmə qərarları › İş №3(067)-1567/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1567/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1567/2023 30.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X4 təhlükəsizlik bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1983-cü ildə Xaçmaz rayonunun Fərzəlioba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Fərzəlioba kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xətaya dair material tərtib edilərək baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan görünür ki, Şəxs 21 noyabr 2023-cü il tarixdə Xaçmaz rayonun məhkəməsinin qarşısında Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanın pozulmasına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında iştirak edən Xaçmaz rayon X4 təhlükəsizlik bölməsinin polis sahə rəisi X2 göstərdi ki, Şəxs 21 noyabr 2023-cü il tarixdə Xaçmaz rayonun məhkəməsinin qarşısında Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanın pozulmasına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, onun barəsində şikayət etmiş Zərərçəkmiş şəxs onun qonşusu olmaqla aralarında torpaq mübahisəsi mövcuddur. Zərərçəkmiş şəxs məhkəmədə ona və digər ailə üzvlərinə qarşı ərizələrinə baxılmış və tələbləri əsassız hesab edilmişdir. 21 noyabr 2023-cü il tarixdə növbəti məhkəmə prosesindən çıxdıqdan sonra o, avtomobildə olarkən Zərərçəkmiş şəxs məhkəmənin qarşısında küçədə onun və digər ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmiş, lakin o, mübahisə zamanı Zərərçəkmiş şəxs söyməmiş və hər hansı hüquqazidd hərəkətlərə yol verməmişdir. Ona görə də hər hansı inzibati xətaya yol vermədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Şəxs həmkəndlisi olmaqla bir neçə vaxtdır ki, Şəxs və digər ailə üzvləri ilə aralarında torpaq mübahisəsi vardır. Onun müraciəti əsasında bir neçə dəfə məhkəmə iclasları keçirilmişdir. 21 noyabr 2023-cü il tarixdə onun qeyd olunan şəxslərə qarşı şərəf və ləyaqətin müdafiəsi tələbinə dair iddiasına baxılmış və iddia tələbi təmin edilməməklə məhkəmə iclası başa çatmışdır. Məhkəmənin binasından çıxarkən küçədə Şəxs və ailə üzvləri onunla mübahisə edib ünvanına nalayiq ifadələr işlətməyə başlamışlar. Məhkəmə prosesi başa çatdıqdan sonra həmin şəxslərin ona qarşı edəcəyi hərəkətləri başa düşdüyündən mobil telefonunun kamerasını aktiv vəziyyətdə saxlamış və onların söyüşünü mobil telefonla video qeydə almışdır. Şəxs barəsində şikayətçi olmaqla iş üzrə qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş polis sahə rəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şikayət vermiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tövsifedici əlaməti xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdən ibarətdir. Şəxs Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etməsini təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir və bunu təsdiq edən şikayət vermiş şəxsin izahatından başqa hər hansı sənəd və sübut inzibati xəta haqqında materiala əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, başqa sübutlar olmadan inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şikayət vermiş şəxsin izahatı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsi qənaətinə gəlmək üçün əsas ola bilməz. Beləliklə də məhkəmə araşdırması zamanı Şəxs 21 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi müəyyən edilməmiş və hər hansı sübutla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsin əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından və onun 21 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi iş materiallarında olan sənədlərlə və məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53 və 114.2.1-ci maddələrinə əsasən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və bu barədə qərar çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar