Məhkəmə qərarları › İş №3(067)-1570/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1570/2025

31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1570/2025 31.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə1, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs iştirakı ilə xx.xx.1976-cı ildə Quba rayonu, Qonaqkənd kəndində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu, Qonaqkənd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcravə Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokola əsasən məlum olur ki, borclu Ömərov X5 rayon məhkəməsinin 2(067)-1207/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 42000 manat borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs bildirmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-1207/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən X3 və Şəxs 44000 manat pul alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu Şəxs ünvanına bildiriş göndərilməsinə, xəbərdarlıq edilməsinə baxmayaraq, İcra və probasiya şöbəsinə gəlməkdən imtina etmişdir. Borclu axtarış nəticəsində İcra və probasiya şöbəsinə gətirilmişdir. O, inzibati xəta haqqında protokolun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, məhkəmənin qətnaməsi qəbul olunduqdan sonra hissə-hissə olmaqla 2000 manat məbləğində ödəniş etmişdir. Borc məbləğini hissəhissə olmaqla hər ay 1500 manat olmaqla ödəyəcəkdir. Hazırkı vaxtda 500 manat ödəniş edə bilər, lakin zərərçəkmiş şəxs razı deyil. Həmçinin noyabr ayının 15-də 2500 manat ödəniş edəcəkdir. Digər borclu həyat yoldaşıdır. O, borcdan 10000 manat əlbəəl tələbkara ödəmiş, lakin tələbkar pulu onun ödədiyini təsdiq etməmişdir. Tələbkar ona 20000 manat pulu bütövlükdə deyil, hissə-hissə vermiş, 10000 manat pulu faiz olaraq hesablanmışdır. Eyni zamanda o, İcra məmurunun çağırışlarına getmiş, yazılı izahat vermişdir. Barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində həbs növündə inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxsin nümayəndəsi bildirmişdir ki, borclu 44000 manat borcdan məhkəmə qətnaməsi qəbul edildikdən sonra hissə-hissə olmaqla 2000 manat məbləğində ödəniş etmişdir. Lakin bundan sonra borclu borcundan heç bir ödəniş etməmiş, borclunun hazırda 42000 manat borcu qalmışdır. Həmçinin borclu artıq 2-ci dəfədir ki, axtarış nəticəsində icra şöbəsinə gətirilmişdir. O, borcun hissə-hissə ödənilməsi ilə razı olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasına tədqiq edilmiş: - Borclu Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə1 tərəfindən 31 oktyabr2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə təqdim olunmuşdur. - Xaçmaz rayon məhkəməsinin 2(067)-1207/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 44000 (qırx dörd min) manat məbləğində borc pul və hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 224 (iki yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumu, habelə müqavilənin bağlanmasına görə ödənilmiş 20.50 (iyirmi manat əlli qəpik) manat məbləğində pul cavabdehlər X3 və Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilsin. - xx.xx.2025-ci il tarixdə Quba rayon İcra şöbəsinin böyük icra məmuru X1 tərəfindən 2(067)-1207/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. - xx.xx.2025-ci il tarixli “Borclunun axtarış haqqında” qərardan müəyyən edilir ki, Xaçmaz rayon İcra və probasiya şöbəsinin İcra məmuru X6 tərəfindən borclu Şəxs barəsində axtarış elan edilmişdir. - xx.xx.2025-ci il tarixli borclunun Xaçmaz rayon İcra və Probasiya şöbəsinə verdiyi izahatından müəyyən edilir ki, icra sənədi üzrə tələbi bu günədək icra etməməsinin səbəbi xəstə olması və maddi imkanının olmaması olmuşdur. İcra sənədi üzrə bu günədək 2000 (iki) min manat ödəniş etmişdir. İcra sənədi üzrə bu günədək olan 42000 manat borcunu hissə-hissə ödəməyə hazırdır. - Elektron sorğulama sənədlərində borclunun adında hər hansı əmlak və ya gəliri müəyyən edilməmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr belə işlərə baxarkən Konstitusiyadan irəli gələn tarazlıq prinsipini rəhbər tutaraq, bir tərəfdən məhkəmə aktının icrasının vacibliyinə, digər tərəfdən isə şəxsin lüzumsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməməsinə xüsusi diqqət yetirməlidirlər. Bu yanaşma, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamında əks olunmuş dekriminallaşdırma siyasətinə dair tövsiyələrdən irəli gəir. Məhkəmə qeyd edir ki, icra məmurunun istinad etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Göründüyü kimi, inzibati xəta haqqında protokolda ümumi sözlərdən, yəni qanunda qeyd olunmuş maddəni göstərməklə borclunun qərəzli icra vərəqəsini icra etməməsi qeyd edilmiş, lakin protokolda qərəzli icra etməmənin nədən ibarət olması həmçinin, icra etməmənin səbəbinin üzrsüz olması açıqlanmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Materiala əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Şəxs tələbkara olan borcundan ödənişlər edir, borcun qalan hissəsini isə ödəyəcəyinə söz verir. Qeyd olunanlar borclu Şəxs borca dair icra sənədi üzrə tələbin icrasından yayınmağa çalışmadığını göstərir. Məhkəmə hesab edir ki, borclu Şəxs borcundan müəyyən ödənişlər etməsi və qalıq qalan borcunu yaxın zaman ərzində ödəyəcəyinə dair vədi, onun əməli qərəzli olaraq törətmədiyini həmçinin, İXM-in 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş “..üzrsüz səbəbdən..” şərtinin ödənilməməsi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını nümayiş etdirir. Həmin əsas inzibati məsuliyyəti istisna edir. Bununla da, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Bundan başqa, iş materiallarından görünür ki, Quba rayon İcra şöbəsində xx.xx.2025-ci il tarixli qərarla icraat başlanmış, borcluya xx.xx.2025-ci il tarixdə tələbin könüllü icrası barəsində bildiriş təqdim edilmiş o cümlədən, borcun ödənilməsi ilə bağlı borcluya rəsmi xəbərdarlıq göndərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İXM-in 528.1-ci maddəsində dipozisiyasında nəzərdə tutulmuş şərtlər ödənilmir və qeyd olunanlar borclunun məhkəmə qərarının uzun müddət ərzində, üzrsüz səbəbdən, qərəzli olaraq icra etməməsi kimi qiymətləndirilə bilməz. Beləliklə, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, tərtib olunmuş inzibati protokolda inzibati xətanın nədən ibarət olması, icra sənədinin üzrsüz yerinə yetirilməməsi, inzibati xəta törədən şəxsin hərkətlərinin qərəzliliyinin nədən ibarət olması öz əksini tapmamışdır, Bununla da, icra məmuru inzibati xəta haqqında protokol tərtib edərkən İXM-nin tələblərini və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyi nəzərə almamışdır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Belə olduğu təqdirdə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: xx xxxx 1976-ci ildə Quba rayonu, Qonaqkənd kəndində anadan olmuş Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar