Məhkəmə qərarları › İş №3(067)-1571/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1571/2025

31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1571/2025 31.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Xaçmaz rayonu, Ləcət kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, xx.xx.2025-ci il tarixdə Xaçmaz RPŞ-yə dəvət edilərkən polis əməkdaşlarına qarşı söyüş söymüş və onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Elvin Camalzadənin raportu onun icraatına daxil olmuşdur. Raportda göstərilmişdir ki, Elvin Camalzadə, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Orxan Səmədovla birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində vətəndaş Şəxs yaxınlaşaraq instagram sosial şəbəkəsində qeyri-etik paylaşımlar etdiyini və digər nalayiq şərhlər yazdığını bildirərək həmin şərhlərin silinməsi ilə bağlı Xaçmaz RPŞ-nə dəvət etmiş, bu zaman vətəndaş polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək Polis Şöbəsinə getməyəcəyini bildirmişdir. Polis əməkdaşları Şəxs nizam-intizama dəvət etməsinə baxmayaraq, şəxs öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bununla əlaqədar Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir. O, inzibati xəta haqqında protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında qeyd olunan maddə ilə özünü təqsirli bildirərək göstərmişdir ki, sosial şəbəkədə polisi söymüşdür. Polis əməkdaşları onu saxlayarkən polisin əlini itələmiş, lakin həmin vaxt polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməmiş, söyüş söyməmişdir. O, əvvəlcə polis əməkdaşlarının onu niyə görə Polis Şöbəsinə aparmaq istədiyini bilməmiş, bu barədə soruşduqda “Polis Şöbəsində biləcəksən” deyə cavab verilmişdir. O, hansı səbəbdən onu apardıqlarını bir daha soruşmuş və ona səbəbini dediklərindən sonra polisin xidməti avtomobilinə əyləşmişdir. X3 qarşı hər hansı fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Əməlindən peşmandır. Dünən axşam saatlarında saxlanılmış, lakin bu vaxta kimi belə bir halla üzləşməmişdir. O, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və proses iştirakçılarının ifadələri ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə, saat 18:20 radələrində Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Elvin Camalzadə əməliyyat müvəkkili, polis leytenantı X7 ilə birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində Xaçmaz rayonu, Ləcət kəndində yaşayan xx.xx.1993-cü il təvəllüdlü Şəxs görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra “İnstagram” sosial şəbəkədə qeyri etik paylaşımlar etdiyini və digər nalayiq şərhlər yazmasını bildirərək həmin paylaşımların silinməsi ilə əlaqədar Xaçmaz RPŞ-nə dəvət etmişlər. Bu zaman Şəxs heç bir əsas olmadan aqressiv şəkildə onlarla getməyəcəyini bildirərək kobud hərəkətlərə yol vermiş və ünvanlarına küçə söyüşləri söyməyə başlamışdır. Onlar Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də, sonuncu onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam etmişdir. Onlar həmin şəxsi Xaçmaz RPŞ-nə gətirmişlər və Növbətçi hissəyə təqdim etmişlər. - xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan müəyyən edilir ki, Şəxs Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 19:07-də inzibati qaydada tutulmuş, 31 oktyabr 2025-ci il tarixə, saat 14:48-də tutmadan azad edilmişdir. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə Xaçmaz RPŞ-yə dəvət edilərkən polis əməkdaşlarına qarşı söyüş söymüş və onların qanuni tələblərinə tabe olmamışdır. - İş materiallarında olan sosial şəbəkə hesabından çıxarışdan barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş şəxsin polisin ünvanına nalayiq ifadələr işlətdiyi müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilməmişdir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs 30 oktyabr 2025-ci il tarixdən, saat 19:07dən 31 oktyabr 2025-ci il tarixə, saat 14:48-dək tutularaq həbsdə saxlanıldığı müddət bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş inzibati tənbeh müddətindən çıxılmalıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta hadisəsi törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində, 30 oktyabr 2025-ci il tarixdən, saat 19:07-dən 31 oktyabr 2025-ci il tarixə, saat 14:48-dək tutularaq həbsdə saxlanıldığı müddət ona təyin edilmiş inzibati tənbeh müddətindən çıxılmaqla həbs növündə inzibati tənbeh təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxx 1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs 30 oktyabr 2025-ci il tarixdən, saat 19:07-dən 31 oktyabr 2025-ci il tarixə, saat 14:48-dək tutularaq həbsdə saxlanıldığı müddət bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş inzibati tənbeh müddətindən çıxılsın və ona qəti olaraq 07 (yeddi) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsdə saxlama müddətinin əvvəli 31 oktyabr 2025-ci il tarixdən, saat 16:20-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar