Məhkəmə qərarları › İş №3(067)-1593/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1593/2025

20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1593/2025 20.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin DYPB-nin Yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kapitanı X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1991-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xaçmaz rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Qeyd edilənlərlə bağlı Xaçmaz RPŞ DYPB-nin Yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kapitanı X4 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP_7537819 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs özünə məxsus “KiaRio” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Zərərçəkmiş şəxs2 idarə etdiyi ** DU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşma zamanı avtomobilə maddi ziyan dəymiş, sərnişin qismində olan Zərərçəkmiş şəxs1 yüngül xəsarət yetirilmişdir. Toplanmış material Xaçmaz RPŞ-nə göndərilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. O, inzibati xəta haqqında protokolun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qeyd olunan maddə ilə özünü təqsirli bilmişdir. Hadisənin yaşadığı küçədə baş verdiyini, avtomobilində azyaşlı uşağın olduğunu, uşağı evə düşürüb hadisə yerinə geri qayıtdığında zərərçəkən Zərərçəkmiş şəxs1 hadisə yerində olmadığını, ona dəyən ziyanın ödənilməsi üçün 750 manat məbləğində pulun sığorta şirkəti tərəfindən hesablandığını və icra olunacağını bildirmişdir. Lakin hadisə zamanı Zərərçəkmiş şəxs1 dodağından qan axdığını görmüşdür. O, qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, sürücü Şəxs hadisə baş verəndən sonra onunla maraqlanmamış, yoldan keçən avtomobil ilə xəstəxanaya göndərilmişdir. Eyni zamanda onun xəsarətlə bağlı xərclərinə köməklik göstərməmiş və bir ay müddətinə işə çıxmadığını nəzərə almamışdır. Xəstəxanada həkim bədən xəsarətlərini yüngül xəsarət kimi qeyd etmiş, ekspert də onunla maraqlanmayaraq şəxsiyyət vəsiqəsi məlumatlarını qeyd etmişdir. O, xəsarətinin ağır olmadığını, alın nahiyəsinin şişdiyini və təzyiqinin dəyişdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, avtomobilinə dəymiş ziyan sığorta şirkəti tərəfindən qarşılanacaqdır. Şikayəti yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, İXP_7537819 nömrəli “İnzibati xəta haqqında” protokoldan, yol-nəqliyyat hadisəsinin sxemindən və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törənmişdir. - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə, saat 18:20 radələrində, Xaçmaz RMX-nın tibb bacısı Əliyeva RPŞ-nin Növbətçi Hissəsinə zəng edərək, Xaçmaz şəhəri, A.Hüseynzadə küçəsində yaşayan 1979cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 "Alın nahiyəsinin və sol baldırın əzilməsi, alt dodağın əzilmiş yarası” diaqnozu ilə xəstəxanaya daxil olduğunu bildirmişdir. Aparılmış təhqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, 18 sentybar 2025-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs2 idarə etdiyi «Opel Astra» markalı, **-DU- *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə, Xaçmaz şəhəri, Ç.Mustafayev küçəsi ilə Borçalı küçəsinin kəsişməsində Şəxs idarə etdiyi Kia Rio markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşın yola çıxmaq istəyən zaman sağ ön təkər hissəsinə çırpılmışdır. Hadisə zamanı Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2025-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi əsasında toplanmış materialda cinayət hadisəsi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir. - xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 PHŞ-in 608 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – alt dodağın selikli qişasının cırılmış yarası, alın və sol baldır nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, qərarda qeyd olunduğu ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. - Sürücülük vəsiqəsinin və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətlərindən müəyyən edilir ki, BC458914, 77BL346, qara rəngli, xetçbek tipli, KİA RİO markaləı avtomobil Şəxs məxsusdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsinə 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar