Məhkəmə qərarları › İş №3(067)-1608/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1608/2023

15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1608/2023 15.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X11 təhlükəsilik bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X7 iştirakları ilə xx.xx.1996-cı ildə Xaçmaz rayonunun Armudpadar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Armudpadar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs 15 dekabr 2023-cü il tarixdə axşam saatlarında idarə etdiyi “Hyundai Sonata” markalı, 99SE803 dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi ilə hərəkətdə olarkən işıqlandırılmış küçədə uzaq vuran işıqlardan istifadə etdiyi üçün ərazidə xidmətdə olan Xaçmaz rayon X13 X16 yol-patrul xidməti inspektorları tərəfindən Xaçmaz şəhəri, H.Əliyev prospektində ərzaq mağazasının qarşısında saxlanılmış, yolpatrul xidməti inspektorları tərəfindən ona qayda pozuntusu izah olunaraq sənədləri təqdim etməsi təklif edildikdə sərxoş vəziyyətdə nalayiq ifadələr işlədib mübahisə etməyə başlamaqla ətrafdakıları özünə cəlb etmiş, dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq əl-qol hərəkətləri edib polisin qanuni tələblərinə qəsdən tabe olmamış, tabesizlik göstərib işlətdiyi marketə daxil olaraq hüquqazidd hərəkətlərini davam etdirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X11 təhlükəsilik bölməsinin polis sahə rəisi X3 göstərdi ki, Şəxs 15 dekabr 2023-cü il tarixdə axşam saatlarında idarə etdiyi “Hyundai Sonata” markalı, 99SE803 dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi ilə hərəkətdə olarkən işıqlandırılmış küçədə uzaq vuran işıqlardan istifadə etdiyi üçün ərazidə xidmətdə olan Xaçmaz rayon X13 X16 yol-patrul xidməti inspektorları tərəfindən Xaçmaz şəhəri, H.Əliyev prospektində ərzaq mağazasının qarşısında saxlanılmış, yol-patrul xidməti inspektorları tərəfindən ona qayda pozuntusu izah olunaraq snədləri təqdim etməsi təklif edildikdə sərxoş vəziyyətdə nalayiq ifadələr işlədib mübahisə etməyə başlamaqla ətrafdakıları özünə cəlb etmiş, dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq əl-qol hərəkətləri edib polisin qanuni tələblərinə qəsdən tabe olmamış, tabesizlik göstərib işlətdiyi marketə daxil olaraq hüquqazidd hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, 15 dekabr 2023-cü il tarixdə axşam saatlarında tanışı ilə birlikdə qardaşına məxsus “Hyundai Sonata” markalı, 99SE803 dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində hərəkətdə olarkən o, sərxoş olduğundan avtomobili tanışı idarə etmiş və həmin küçədə Xaçmaz rayon X13 X16 yolpatrul xidməti inspektorları onlara saxlama işərisi vermişdir. Onlar avtomobili onun və qardaşının işlətdiyi Xaçmaz şəhəri, Heydər Əliyev prospektində yerləşən marketin qarşısında saxlamış və yol-patrul xidməti inspektorları ona yaxınlaşaraq avtomobilin sənədlərini istəmişlər. Həmin vaxt içkili olduğundan əməkdaşlarla mübahisə yaratmış, polis əməkdaşları onu polisə getməyi təklif edərkən o, heç bir hüquqazidd hərəkət etmədiyini bildirib marketin içərisinə daxil olmuş və oradan bayıra çıxmaq istəməmişdir. Sonra digər polis əməkdaşları gələrək onu Xaçmaz rayon Polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon X13 X16 yol-patrul xidməti baş inspektoru X9 göstərdi ki, 15 dekabr 2023-cü il tarixdə axşam saatlarında Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində xidmətdə olarkən “Hyundai Sonata” markalı, 99SE803 dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəfindən işıqlandırılmış küçədə uzaq vuran işıqlardan istifadə etməklə idarə edildiyini müşahidə edərək sürücüyə sayrışan işıqlar və səs gücləndirici vasitəsilə saxla işarəsi vermişlər. Lakin sürücü saxla işarəsinə məhəl qoymayaraq sürətini artırıb yol hərəkəti qaydalarının pozulması ilə müşayət olunan hərəkətlər etdiyiyindən tərəflərindən Xaçmaz şəhəri, H.Əliyev prospektində saxlanılmışdır. Avtomobil saxlanılan zaman sürücü, sonradan şəxsiyyəti onlara məlum olan Şəxs nəqliyyat vasitəsindən düşüb uzaqlaşmağa çalışmış, tərəflərindən buna imkan verilməmiş və sürücüyə tərəflərindən qayda pozuntusu izah olunaraq sənədləri təqdim etməsi təklif edildikdə o, sərxoş vəziyyətdə olmaqla nalayiq ifadələr işlədib mübahisə etməyə başlamaqla ətrafdakıları özünə cəlb etmiş, dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq əl-qol hərəkətləri edib işlətdiyi marketin içərisinə daxil olaraq ona yaxınlaşan olsa özünə xəsarətlər yetirəcəyini bildirmişdir. Onlar dərhal hadisə yerinə Xaçmaz rayon X19-patrul xidməti əməkdaşlarını köməyə dəvət etmiş və onların köməkliyi ilə Şəxs Xaçmaz rayon Polis şöbəsinə aparılmışdır.Polis şöbəsində müayinə zamanı Şəxs sörxoş olduğu bir daha təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon X13 X16 yol-patrul xidməti inspektoru X10, Xaçmaz rayon X19-patrul xidməti bölüyünün manqa komandiri X5 və Post-patrul xidməti bölüyünün polis nəfəri X2 rayon X13 X16 yol-patrul xidməti baş inspektoru X4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 14 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, şahidlərin ifadəsi, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan 14 dekabr 2023-cü il tarixli, 501 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs qeyd olunan tarixdə tibbi müayinədən keçmiş və onda orta dərəcə alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs xətaya sərxoş vəziyyətdə yol verməsini və səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 14 dekabr 2023-cü il tarixli, 538 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 dekabr 2023-cü il tarixdə saat 01:20 radələrində tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 14 dekabr 2023-cü il tarixdən saat 01:20-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 14 dekabr 2023-cü il tarixdən saat 01:20-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar