Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1614/2025 08.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Qərardan şikayət verən X5 nümayəndəsi və vəkili Nümayəndə1, Qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə X8 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X5 nümayəndəsi və vəkili Nümayəndə1 şikayət ərizəsində göstərilənləri təsdiq edərək bildirdi ki, X5 barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 20 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 3000 manat məbləğində cərimə edilmişdir və 3000 manat məbləğində cərimə edilməsinə əsas kimi Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsini istinad etmişlər. Həmin ərazi ticarət müəssisəsidir, sahibkarlıq sahəsidir, yəni obyektdir, onun arxası həyətdir, həyətdən sonra həmin sahibkarın öz evidir. Yəni həm bina özü həm həyəti həm də ki, həmin yaşayış evləri xüsusi mülkiyyətdir. Yəni bu sahibkarlıq sahəsidir, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanunun 3.1-ci maddəsinə əsasən Yoxlamalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələbləri nəzərə alınmaqla yalnız həmin qanunda nəzərdə tutulmuş hallarda və qaydalarda aparılır. Digər hallarda qəbul edilmiş hər-hansı bir qərarın hüquqi əhəmiyyəti yoxdur. Həmin sahəyə giriş yalnız qərar əsasında və həmin qərar reyestrə daxil olandan sonra qərarı təqdim etməklə sahibkarı yoxlaya bilər. Əks halda onların apardığı yoxlamaların hüquqi nəticəsi yoxdur. Bundan əlavə də həmin ərazidə hər hansı bir inzibati xəta aşkar olunmayıb, yəni İnzibati Xətalar Məcəlləsinin 53.1ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda yəni İnzibati xəta haqqında protokol tərtib edilə bilməz və onun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilə bilməz. Ondan əlavə də inzibati xətaya gəldikdə həmin günü mağazaya gələn mallar karton qutulardan çıxarılaraq mağazanın arxasında yığılıb, yəni öz xüsusi mülkiyyətində. Daha sonra həmin tullantılar çeşidlərin və təkrar istifədə oluna biləcək əşyalar ayrı yığılır, qalanları isə atılır. Bundan əlavə olaraq obyektin tullantıların daşınması ilə əlaqədar Xudat Mənzil Kommunal Təsərrüfatı İdarəsi ilə xx.xx.2025-ci il tarixli müqaviləsi var. Bu müqaviləyə görə hər ay ödəniş edirlər, həmin müqavilənin müddəti bu ilin sonu bitir. Yəni o, ki, qaldı çirklənməyə vaxtlı-vaxtında həmin kommunal müəssisə gəlir yığışdırır aparır. Burda ümumiyyətlə inzibati xəta hadisəsi yoxdur, İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsini tövsif etmək qanuna ziddir. Bir şeyi də qeyd etmək istəyirəm ki, İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinin tələbində bütün hər şey konkret göstərilmişdir tullantıların basdırılmasına, çirklənməsinə görə yəni burda elə bir əsas yoxdur. İnzibati xəta hadisəsi ümumiyyətcə mövcud deyil, yəni tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərar əsassızdır, qanunsuzdur. Ondan əlavə bildirmişdir ki, ekologiya əməkdaşları şirkətin mühasibinin izahatını alaraq və həmin izahatı rəhbər tutaraq, X8 barəsində inzibati tənbeh tədbiri tətbiq etmişlər. Mühasibin izahat verməyə heç bir səlahiyyəti yox idi. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, qeyd olunan əraziyə onlar tərəfindən baxış keçirilərkən aşkar olunmuş inzibati xəta əməlinin tərkibinə görə şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol şəxs özü orada olmasa da, şəxsin nümayəndəsi kimi özünü təqdim etmiş mühasibin iştirakı ilə tərtib edilmişdir. Mühasib nümayəndə olması ilə bağlı şəxsin ona verdiyi etibarnaməni onlara təqdim etməsinə baxmayaraq onlar həmin sənədin surətini çıxartmamışlar. Məhkəməyə iki ədəd fotoşəkil təqdim etmiş və həmin fotoşəkillərdən də, müəyyən olunur ki, ərazi zibillənmişdir. Yoxlama aparılmasına gəldikdə isə, əvvəldən heç bir qərar qəbul edilməmiş və reyestrə daxil edilməmişdir. Ətraf mühitin zibillinməsi aşkar olunduğu üçün, dərhal tədbir görülmüşdür. Hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və qüvvədə qalmalıdır. İş materiallarında olan 09 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Xaçmaz rayonu, Qusarçay kəndi xx.xx.2025-ci il saat 15:45-də mağazada formalaşan müxtəlif növ (karton, sellofan, tikinti materialı və s) pərakəndə şəkildə yerləşdirildiyi və ərazi çirkləndirildiyi üçün inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 22 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Xaçmaz rayonu, Qusarçay kəndi xx.xx.2025ci il saat 15:45-də mağazada formalaşan müxtəlif növ (karton, sellofan, tikinti materialı və s) pərakəndə şəkildə yerləşdirildiyi və ərazi çirkləndirildiyi üçün X8 barəsində İXM-nin 266.1-ci maddəsi ilə 3000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən müəyyən olunur ki, mülkiyyətçi X6 ilə X8 arasında icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən mülkiyyətçi X6 tam mülkiyyət üzrə ona məxsus olan Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən ümumi sahəsi 2121.9 kv/m olan qeyri yaşayış sahəsini 10 il müddətinə X7 icarəyə vermişdir. İş materiallarına əlavə edilmiş izahatın surətindən görünür ki, Qusarçay kəndində yerləşən “Həyat İnşaat” mağazasının mühasibi X4 işin hallarına dair izahat vermişdir. Beləliklə də, iş materiallarından görünür ki, Xaçmaz rayonu, Qusarçay kəndinin ərazisində yerləşən “Həyat İnşaat” mağazasının sahibkarı olan X8 İXM-nin 266.1-ci maddəsi ilə 3000 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə tərəflərinə izahatlarını, iş materiallarını və işin faktiki hallarını araşdıraraq hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2, 8.3-cü maddələri). İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsi). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikasının Qanunun: -3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - 4.1-ci maddəsinə əsasən yoxlamaların məqsədi sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. -4-2.1.3-cü maddəsinə əsasən yoxlama zamanı istifadə olunacaq və yoxlamanın hüquqi əsasını təşkil edən bütün hüquqi aktlardan, habelə yoxlayıcı orqanın (yoxlayıcının) qərarlarından çıxarışları sahibkara (onun səlahiyyətli nümayəndəsinə) təqdim etmək və bu Qanunun 8-ci maddəsinə uyğun olaraq sahibkarlara məsləhətlərin və izahatların verilməsini təmin etmək; -13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Göründüyü kimi, ekologiya xidmətinin əməkdaşları yoxlamanı vahid məlumat reyestrinə daxil etmədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan obyektə daxil olaraq, yoxlama aparmışlar. Bundan başqa, yoxlama zamanı da bəzi prosessual pozuntulara yol vermişlər. Belə ki, ekologiya xidmətinin əməkdaşları “Həyat İnşaat” mağazasının mühasibi X1 Səyyad Kərimov tərəfindən onu (S.Kərimovu) təmsil edilməsi üçün səlahiyyətlərini təsdiq edən etibarnamənin olmadığı halda, mühasib Tərlan Həmidovu işin faktiki halları ilə bağlı izahatını almışlar və inzibati araşdırma zamanı həmin izahata istinad etmişlər. Bu isə yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini pozulmasına gətirib çıxarmışdır. Həmçinin müəyyən edilmişdir ki, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquq və vəzifələrinin izah edilib-edilməməsi haqqında hər hansı qeyd aparılmamış, tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh tətbiq etmə haqqında qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə prosessual müddətə riayət edilmədən təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.6-cı maddələrinin məzmununa görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə məhkəmə qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirilmə apararaq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında material baxılması səlahiyyətli orqana qaytarılmalıdır. İşə yenidən baxılarkən, qəbul ediləcək qərar tərəflərin iştirakı ilə iş üçün əhəmiyyət kəsb edən bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılmalı və qanunun tələblərinə cavab verən qərar qəbul edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1614/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1614/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver