Məhkəmə qərarları › İş №3(067)-163/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-163/2022

19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-163/2022 19.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1981-ci ildə Xaçmaz rayonunun Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Mürşüd-oba kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Sumqayıt Apellyasiya məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(105)-379/2020 saylı qətnaməsinə əsasən Şəxs 9400 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq Zərərçəkmiş şəxs qızına verilməsi qət edilmişdir. Məhkəmə qətaməsi icraya yönəldilmişdir. Lakin borclu Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 göstərdi ki, Sumqayıt Apellyasiya məhkəməsi tərəfindən verilmiş 13 yanvar 2020-ci il tarixli, 2(105)-379/2020 saylı icra sənədinə əsasən Şəxs 9400 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq Zərərçəkmiş şəxs qızına verilməsi təmin edilməlidir. Məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə bağlı borcluya dəfələrlə rəsmi bildirişlər göndərilərək xəbərdarlıq edilməsinə, icra şöbəsinə dəvət edilərək ona qanunun tələbləri dəfələrlə izah edilməsinə baxmayaraq keçən müddət ərzində çox hallarda çağırışlara gəlməkdən yayınmaqla və ödəniş etməməklə icra sənədini üzürsüz səbəbdən icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs oğlu törətdiyi xətanı etiraf etməklə göstərdi ki, Sumqayıt Apellyasiya məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(105)-379/2020 saylı qətnaməsinə əsasən ondan 9400 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq Zərərçəkmiş şəxs qızına verilməsi qət edilmişdir. Lakin maddi imkansızlığından və işləmədiyindən məhkəmə qətnaməsi ilə qət edilmiş məbləği ödəyə bilməmiş, təklif etməsinə baxmayaraq tələbkar borcun ona hissə-hissə ödənilməsinə də razı olmamışdır. Hazırda da həmin məbləği bir dəfəyə ödəyə bilmir. Məhkəmə iclasında izahat verən Zərərçəkmiş şəxs qızı göstərdi ki, Xaçmaz rayon məhkəməsinin Sumqayıt Apellyasiya məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(105)- 379/2020 saylı qətnaməsinə əsasən borclu Şəxs 9400 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi qət edilmişdir. Lakin borclu Şəxs oğlu maddi imkanları və torpaq sahələri olmasına keçən müddət ərzində ona hər-hansı ödəniş etməmiş və pulunu ödəməkdən yayınmışdır. Şəxs oğlu barəsində şikayətçidir və onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 19 yanvar 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 19 yanvar 2022-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar