Məhkəmə qərarları › İş №3(067)-164/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-164/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-164/2025 04.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1970-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, X1 işləyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə 15 yanvar 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir ondan ötrü ki, Şəxs 15 sentyabr 2025-ci il tarixdə Xaçmaz şəhəri, Səid Qurbanov küçəsində yerləşən «Coninin kafesi» kimi adlanan kafedə X7, X2, X6 və X8 ilə birlikdə qumar oynunda iştirak etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X9 izahatında göstərmişdir ki, 15 yanvar 2025-ci il tarixdə Şəxs ətrafında olan digər şəxslərlə birlikdə Xaçmaz rayonu, S.Qurbanov küçəsində yerləşən «Coninin kafesi» kimi adlanan kafedə qumar oynadıqları zaman Xaçmaz RPŞ-nin PPXB-nin əməkdaşları ictimai iaşə yerlərinin yoxlanılması məqsədilə kafeyə baxış keçirdiklərində həmin şəxslərin əməlləri barədə məlumat daxil olmuş və tərəflərindən həmin şəxslərin qumar oynaması müəyyən edilmişdir. Həmin şəxslər saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinə aparılmışlar. Raportla rəhbərliyə məruzə edildikdən sonra iş onun tərəfindən icraata götürülmüşdür. Tərəfindən araşdırma zamanı hadisə yerində saxlanılan hər bir şəxs etdikləri əməli etiraf etmişlər və şahidlər iş üzrə cəlb edilmişdir. Lakin ölkə ərazisində Bələdiyyə seçkiləri keçirildiyindən xidməti zərurətlə əlaqədar olaraq posta təyin edilmiş və şahidlərin məhkəməyə gətirilməsini təmin edə bilməmişdir. Belə ki, qumar oyununda iştirak etmiş şəxslərin hər biri 01 (bir) manat pulu stolun üzərinə qoymaqla kartla qumar oynayıb qalibi müəyyənləşdirdikdən sonra həmin qalib şəxs kafedə sifariş verdikləri çayın və şirniyyatın pulunu ödəmək haqqında razılığa gəlmişlər. Otaqda iki ədəd stol olmuşdur və digər stolda da başqa şəxslər əyləşərək həmin vaxt çay içmişlər. Saxlanılan şəxslər etdikləri əməli etiraf etməklə yanaşı səmimi peşmançılıqlarını bildirmişlər. Bundan ötrü barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, bu oyunun qumar olduğunun fərqində deyildi. Sadəcə kart oynayaraq qalibi müəyyənləşdirdikdən sonra uduzan şəxs sifariş olunmuş çayın pulunu ödəməli idi. Əgər bu oynadıqları kart oyununun qumar olduğunu bilsəydi oynamazdı. Polis əməkdaşları içəri daxil olarkən stolun üstündə olan pul məbləği içdikləri çayın pulu idi. Ailəlidir və oğlu müharibə veteranıdır. Əməlindən peşmandır. Məhkəmə iclas zalında iş materiallarına əlavə edilmiş 1 ədəd audio-video diskə baxış keçirilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməli tam sübuta yetirilmişdir. Belə ki, qumar oyununda istifadə olunan kartların və pul vəsaitlərinin, hər hansı şəxsin qarşısında deyil, stolun orta hissəsində, yəni qumar oyununun aktiv oynanıldığı hissəsində olduğu müəyyən olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 15 yanvar 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, 1 ədəd audio-video disk, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 401-ci madəsinin Qeyd hissəsinə əsasən: Bu Məcəllədə “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür. 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən Şəxs barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin, Xaçmaz rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(067)-165/2025 saylı qərarından görünür ki, Şəxs ilə qumar oynunda iştirak etmiş digər iştirakçı xx.xx.1995-ci il təvəllüdlü X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək, oyun ləvazımatı, habelə qumara qoyulmuş pul vəsaitləri, oyun kartları müsadirə edilməklə 3 000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Odur ki, hazırki iş üzrə xətanın predmeti olan qumara qoyulmuş pul vəsaitləri (17 manat) və oyun kartları (20 ədəd) artıq digər məhkəmə qərarı ilə müsadirə edildiyindən Şəxs barəsində yalnız cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxx 1970-ci il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar