Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1643/2025 18.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədirliyi, Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, Xaçmaz RPŞ-nin əməkdaşı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1973-cü ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsi 44 saylı evdə qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Xaçmaz RPŞnin inzibati binasında ucadan ünvansız nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Xaçmaz PPŞ-nin sahə rəisi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs barəsində, onun evində yanğınla əlaqədar şikayət daxil olmuşdur. Şəxs xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Xaçmaz RPŞ-nin inzibati binasında sərxoş halda ucadan ünvansız nalayiq ifadələr işlədərək onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs AR İXM-nin 535.1-ci maddəsi ilə özünü təqsirli bilərək qeyd etmişdir ki, o, içkili olmuşdur, evində odun sobasını yandırmaq istəmiş, sobaya fındıq qabıqları atmışdır ki, yansın və ev istilənsin. Uşaqları da həyətdə oynayıblar. İçkili olduğu üçün yatıb qalmışdır. Ehtiyatsızlığından ev yanmışdır. Sonradan polis əməkdaşları gəldikdə mübahisə yaranmışdır. Əməlindən peşmandır. Bir daha belə hərəkətlər etməyəcək. Həmçinin o, əlilliyi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X3 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə yanğınla bağlı məlumat daxil olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi saxlamışlar. O, içkili olduğu üçün onlara tabesizlik göstərərk nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X1 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə yanğınla bağlı məlumat daxil olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qaçmağa çalışmışdır. O, içkili olduğu üçün onlara tabesizlik göstərərək nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. O, şöbədən də qaçmağa cəhd etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla, şahid ifadələri və iş materialları ilə tam sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2025-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Xaçmaz şəhəri ərazisində M.Hüseynzadə küçəsində ucadan nalayiq küçə söyüşləri söymüş, ona irad bildirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır, polis şöbəsində də qanunsuz hərəkətlərini davam etdirmişdir. - İnzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:05-də inzibati qaydada tutulmuş və 15:30-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 15-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, məhkəmə iclasında verilmiş izahatlar, şahid ifadələri ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 18 noyabr 2025-ci il saat 17:00-dan hesablansın. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakiim Samir Bayramov
Məhkəmə qərarları › İş №3(067)-1643/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1643/2025
18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver