Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1675/2025 30.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İnzibati tənbeh vermə haqqında qərarından şikayət verilmiş X6 İdarəsinin nümayəndəsi X1, "xxxx" MMC-nin direktoru X5 vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Vəzifəli şəxs X5 X6 İdarəsinin 17 oktyabr 2025-ci il tarixli, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında Qərar”ının (Dövlət Miqrasiya Xidməti Təşkilat-Nəzarət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-37/2-0-10390-26-3-06-11954/2025 saylı qərarı) ləğv edilməsi barədə verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X8 məhkəməyə müraciət edərək, X6 İdarəsinin 17 oktyabr 2025-ci il tarixli, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında Qərar”ının (Dövlət Miqrasiya Xidməti Təşkilat- Nəzarət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-37/2-0-10390-26-3-06-11954/2025 qərarı) ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra: “Cəmiyyət”) (VÖEN: **********) direktoru olaraq onun barəsində X6 İdarəsi tərəfindən (bundan sonra: XRMİ) 17 oktyabr 2025-ci il tarixində ******* nömrəli “İnzibati tənbeh vermə haqqında Qərar” (bundan sonra: Qərar) qəbul edilmişdir. Həmin Qərardan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra: Xidmət) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə uyğun olaraq 27 oktyabr 2025-ci il tarixli Şikayət edilmiş və Xidmətin Təşkilat-Nəzarət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-37/2-0-10390-26-3-06-11954/2025 nömrəli cavab məktubuna əsasən Qərar dəyişdirilmədən saxlanılmışdır. Xidmətin şikayətinə ünvanladığı cavab məktubu 11 noyabr 2025-ci ildə rəsmi qaydada ona təqdim edilmişdir. Həm inzibati xəta haqqında qərar qəbul edilərkən, həm də yuxarı orqan tərəfindən şikayətinə baxılarkən onun (və ya səlahiyyətli nümayəndənin) iştirakı təmin olunmadığına və etirazını təqdim etmək hüququndan məhrum olunduğuna görə İXM-in 137-ci maddəsində göstərilən qaydada şikayəti üzrə verilmiş qərardan 10 gün müddətində məhkəməyə şikayət verir. Eyni inzibati xəta üzrə Cəmiyyət barəsində də XRMİ tərəfindən ******* nömrəli “İnzibati xəta haqqında Protokol” tərtib edilmişdir. 17 oktyabr 2025-ci il tarixində Cəmiyyətin təsərrüfat sahəsində XRMİ-nin əməkdaşları tərəfindən yoxlama aparılmış və həmin ərazidə yerləşən anbarda 6 Türkiyə vətəndaşının lizinq obyekti olan fındıq təmizləmə avadanlıqlarının quraşdırılması ilə məşğul olduqları müşahidə edilmişdir. Bu hal, həmin şəxslərin Cəmiyyətin işçiləri olduqları barədə yanlış nəticənin çıxarılmasına və 17 oktyabr 2025-ci il tarixində ******* nömrəli “İnzibati xəta haqqında Protokol” (bundan sonra - “Protokol”), həmçinin, eyni tarixdə XMRl-nin rəis müavini Nümayəndə4 tərəfindən Qərar qəbul edilməsinə səbəb olmuşdur. Nəticədə, Cəmiyyətin vəzifəli şəxsi qismində ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsinə əsasən, yəni işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələblərini pozmaqla, iş icazəsi almadan əcnəbinin və ya vətəndaşlığı olmayan üç və ya daha şəxsin işə cəlb edilməsi iddiası ilə 5,000 (beş min) manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Qeyd edilən Qərar əsassız və qeyriqanuni olduğundan ləğv edilməlidir. Belə ki, Cəmiyyətin Nizamnaməsinə və faktiki fəaliyyət istiqamətlərinə uyğun olaraq onun fəaliyyətini qoz-fındıq məhsullarının becərilməsi təşkil edir. Cəmiyyət tərəfindən müxtəlif dövrlərdə istehsalatın təşkili və inkişafı məqsədilə zəruri texniki avadanlıqlar sifariş olunur və təsərrüfat sahəsində quraşdırılır. Həmin avadanlıqların quraşdırılması Cəmiyyətin fəaliyyət dairəsinə daxil deyildir və müvafiq müqavilələr əsasında həmin avadanlıqları təchiz edən təchizatçılar tərəfindən həyata keçirilir. Hazırkı halda da, M 25/01-PL-MA-SR nömrəli, 11 aprel 2025-ci il tarixli Satıcı “X13 İth, İhr, San. Tic, Ltd. Sti” firması (bundan sonra: “Suiser”), Alıcı "xxxx" ASC, Lizinq Alan tərəf "xxxx" MMC olmaqla, Alqı-Satqı Müqaviləsi (bundan sonra: “Müqavilə”) bağlanmışdır (əlavə olunur). Müqaviləyə əsasən, Suiser tərəfindən Alıcıya satılmış olan fındıq təmizləmə avadanlıqları Cəmiyyətin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Müqavilənin 4 saylı Əlavəsinə uyğun olaraq, avadanlığın quraşdırılması və işə salınması Satıcının öhdəliyi olaraq qeyd edilmişdir. Həmçinin, həmin Əlavəyə əsasən avadanlığın quraşdırılması işi ilə əlaqədar göndərilən texniki işçilərin yaşayış və səyahət xərcləri Cəmiyyət tərəfindən qarşılanır. Buna uyğun olaraq, Suisser tərəfindən göndərilmiş 1 avqust 2025-ci il tarixli məktuba uyğun olaraq 25 sentyabr 2025-ci il tarixində Suiser tərəfindən fındıq təmizləmə avadanlıqlarının quraşdırılması üçün 6 Türkiyə Respublikası vətəndaşı Cəmiyyətin Qusar rayonu, Yuxarı Zeyxur kəndində yerləşən təsərrüfat sahəsinə gəlmişdir. Həmin şəxslər - Sertkaya Mehmet, Aydoğan İsa, Şenkaya Ümit, Kurucu Serdar, Sarı Göekhan və X12 şirkəti tərəfindən texniki mütəxəssis qismində ezam olunmuş və Müqavilədən irəli gələn öhdəliklər üzrə işləri, yəni avadanlıqların quraşdırılması prosesini icra etmək məqsədilə Cəmiyyətin anbarına daxil olmuşdur. Həmin 6 şəxs Suisser şirkətinin işçiləri olmaqla onlarla Suisser arasında əmək müqavilələri mövcuddur və buna görə də, qeyd edilən şəxslərə münasibətdə işəgötürən olaraq Cəmiyyətin hesab edilməsi əsassızdır (müvafiq müqavilələr əlavə olunur). Cəmiyyətlə həmin şəxslər arasında əmək münasibətləri mövcud olmadığından, Cəmiyyətin həmin şəxslərə münasibətdə iş icazəsi almaq kimi öhdəliyi yoxdur. Bu faktlar Cəmiyyətin nümayəndəsi X3 və 6 Türkiyə Respublikası vətəndaşının izahatları ilə də təsdiq edilir. Belə ki, Cəmiyyətin nümayəndəsinin izahatında həmin şəxslərin Suiser tərəfindən Alqı-satqı Müqaviləsi üzrə öhdəliklərinin icra edilməsi üçün göndərildikləri və yalnız avadanlıqların (konstruksiyaların) quraşdırılması məqsədilə gəldikləri və beləliklə, həmin şəxslərin Cəmiyyətin işçisi olmadıqları bildirilmişdir. Bununla yanaşı, Türkiyə Respublikası vətəndaşlarının izahatlarında da, onların yalnız avadanlıq quraşdırılması məqsədilə Azərbaycana gəldikləri və maaşlarını birbaşa Cəmiyyətdən deyil, Suiserin əməkdaşı olan Murat Karadağ adlı şəxs vasitəsilə aldıqları bildirilmişdir. Murat Karadağ adlı şəxs Cəmiyyətin əməkdaşı deyil və o Cəmiyyət adından heç bir əmək haqqı ödənişi edə bilməz. Ümumiyyətlə, Cəmiyyətdə əmək haqları nağd formada ödənilmir. Suisser tərəfindən göndərilən 1 avqust 2025-ci il tarixli məktubda da Murat Karadağ adlı şəxsin də Suisser tərəfindən Azərbaycana ezam göndərildiyi bildirilmişdir. İşin faktiki halları səlahiyyətli orqan tərəfindən ətraflı araşdırılmamış, izahatlarda göstərilən Müqavilə ilə bağlı məqamlar, eləcə də Cəmiyyətin və onun səlahiyyətli nümayəndəsinin haqlı etirazları Protokolun tərtibi zamanı nəzərə alınmamışdır. İnzibati xəta hadisəsinin olmaması ilə yanaşı, XRMİ tərəfindən inzibati iş üzrə icraata başlanılması və müvafiq Qərarın və Protokolun tərtib edilməsi zamanı yol verilmiş prosessual pozuntular da öz növbəsində Qərarın qanunvericiliyə uyğun olmadığını, əsassız və qeyri-obyektiv olduğunu göstərir. Protokola əsasən yuxarıda qeyd olunan izahatlar Protokola əlavə olunsa da, ona təqdim edilməmiş, yalnız Cəmiyyət barəsində eyni xəta üzrə protokol tərtib edildikdən və məhkəmə üzrə baxış iclası təyin olunduqdan sonra müvafiq izahatlar elektron məhkəmə sistemi üzərindən ona məlum olmuşdur. Bundan əlavə, İXM-in 106-cı maddəsinə uyğun olaraq səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işə baxarkən işə baxılmanın yeri və vaxtı barədə işdə iştirak edən şəxsləri məlumatlandırmalı və mümkün vəsatətlərin və etirazların olmasını müəyyən etməli idi. XRMİ tərəfindən işə baxılarkən işin yeri və vaxtı barədə ona və Cəmiyyətə məlumat verilməmiş və işə baxılmada iştirakı təmin edilməmişdir. Beləliklə, iş barəsində etirazını bildirməyi mümkün olmamışdır. Bu səbəbdən həmin Qərardan İXM-nin 128-ci maddəsinə uyğun olaraq yuxarı səlahiyyətli orqana, yəni Xidmətə müvafiq sənədlər ilə birlikdə 27 oktyabr 2025-ci il tarixində şikayət etmişdir. Belə ki, həmin maddəyə əsasən şikayətə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə baxılma təxirə salınır, şikayətə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Bildirir ki, yuxarı orqan tərəfindən də şikayətinə baxılarkən işin yeri və vaxtı barədə ona məlumat verilməmiş və iştirakı təmin edilməmişdir. Eləcə də, İXM-in 136.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayət üzrə qəbul edilmiş qərar dərhal elan edilməli, 136.2-ci maddəyə əsasən isə qərarın surəti onun qəbul olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora təqdim edilməlidir. Yuxarı orqan tərəfindən İXM-nin müvafiq maddələrinin tələbləri pozularaq iştirakı təmin edilmədən şikayətə baxılmış və rəsmi formada qərar çıxarılmadan, yalnız şikayəti barədə yuxarı orqanın ünvanlandığı cavab məktubu ilə XRMİ tərəfindən qəbul edilmiş Qərarın dəyişdirilməsinə əsas olmadığı bildirilmişdir. Bir daha qeyd edir ki, qeyd olunan şəxslər Alqı-satqı Müqavilə əsasında alınan avadanlıqların quraşdırılması üçün öz işəğötürəni Suiser tərəfindən Cəmiyyətin istehsalat obyektlərinə ezam olunduğundan, Cəmiyyətin onlarla hər hansı hüquqi və faktiki əmək münasibətləri yoxdur. İXM-in 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətmiş şəxs və inzibati xəta törətməkdə şəxsin təqsiri sübut edilməli hallar olaraq müəyyən edilmişdir. Həm işin faktiki halları, həm də şəxslərin izahatları bir daha təsdiq edir ki, nə Cəmiyyət, nə də vəzifəli şəxs olaraq o, qeyd edilən şəxsləri əmək münasibətləri kontekstində işə cəlb etmişik. Həmin şəxslər öz işəgötürəni tərəfindən Suiserin müqavilə öhdəliklərini icra etmək üçün Azərbaycana ezam olunmuşdur. Beləliklə də, nə o, nə də Cəmiyyətin iddia edilən inzibati xətaya aidiyyətləri var və onlar iddia edilən inzibati xətanın subyekti hesab oluna bilməzlər. Bu səbəbdən, fəaliyyətində heç bir inzibati xəta tərkibi mövcud deyildir və tərəfindən inzibati xəta törədildiyi iddiası tamamilə əsassızdır. Məhkəmə iclasında şikayət verən şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 ərizəyə uyğun izahat verərək, bildirmişdir ki, Azərbaycan Respublikası İXM-nin 578-ci maddəsi ilə işəgötürən şəxs əcnəbi vətəndaşları işə cəlb edirsə müvafiq iş icazəsinin almasını həyata keçirməlidir. Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, hər bir fəaliyyət əmək fəaliyyəti hesab olunmur, bu zaman işin faktiki halları məhkəmə tərəfindən dəyərləndirilməlidir və şəxsin fəaliyyətinin əmək fəaliyyəti olub-olmaması qənaətinə gəlinməlidir. "xxxx" MMC kənd təsərrüfatı müəssisəsidir, fındıq emalı ilə məşğuldur. Şirkət öz fəaliyyətini təmin etmək üçün xarici şirkətdən avadanlıq alır, müqavilənin şərtlərinə əsasən avadanlıqların gətirilməsi və quraşdırılması satan şirkətin öhdəliyinə aiddir. Bu "xxxx" MMC şirkətinin vəzifəsi deyil. Müqavilənin şərtlərinə əsasən həmin avadanlıqların gətirilməsi və quraşdırılması “SUİSER MAKİNE” şirkəti öhdəliyi daşımışdır. Şirkət tərəfindən avadanlıqların quraşdırılması üçün ölkəyə texniki heyət cəlb edilmişdir. Müqavilənin 2 nömrəli əlavəsinə uyğun olaraq avadanlıqları quraşdıran şirkətin fəhlələrinin gündəlik xərclərini "xxxx" MMC şirkəti qarşılayır, əmək haqqı ödənişini həyata keçirməmişdir. Türk vətəndaşları öz izahatlarında da bildirmişlər ki, "xxxx" MMC şirkətinin ərazisində dəmir konstruksiyaların montajı işləri görürlər. Şirkətin marağında da deyil ki, yerli işçinin 600 manata görə biləcəyi işi 1000 ABŞ dollar müqabilində əcnəbi işçilərə gördürsün. Murat Karadağ “SUİSER MAKİNE” şirkətinin əməkdaşıdır. Müqavilənin şərtlərinə əsasən malların lizinq alanın yerinə çatdırılması bu müqavilənin bağlanmasından sonra 4 ay müddətində baş verəcəkdir. Satıcı bu müddətlə bağlı hər hansı alıcıya və lizinq alana məlumat verməlidir. Çatdırılma gecikdirildikdə bank zəmanəti uzadılmalıdır. Göründüyü kimi, birinci mərhələdə avadanlıqların çatıdırılması üçün 4 ay nəzərdə tutulur, ikinci mərhələdə montaj və test mərhələsidir. Bundan sonra təhvil-təslim həyata keçirilməlidir. Hesab faktura may ayında ödəniş həyata keçirilmişdir. Avqust ayında “SUİSER MAKİNE” şirkəti tərəfindən montajı həyata keçirmək üçün göndəriləcək işçilərin siyahısı göndərilmişdir. İXM-nin 578-ci maddəsinə əsasən ezamiyyət vərəqəsinin verilməsi işəgötürən şirkətin üzərinə düşür. Həmin şəxslərin öz işəgötürəni mövcuddur və "xxxx" şirkəti əcnəbi işçiləri işə götürməmişdir. 6 nəfər işçi tərcüməçi dəvət olunmadan, şirkətin nümayəndəsinin iştirakı olmadan izahatı alınmış, hər bir şəxsə eyni suallar verilmiş, aldıqları əmək haqları, iş saatları barədə suallar verilmişdir. Fəhlələr də dərk etdikləri qaydada, əsas maraqları olan maaş barədə məlumat vermişlər. Məhkəmə iclasında X6 İdarəsinin nümayəndəsi X4 şikayəti qəbul etməyərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-yə məxsus bağ sahəsində yoxlama aparmışlar. Yoxlama zamanı 4 nəfər Türkiyə Respublikası vətəndaşının qanunsuz əmək fəaliyyətinə cəlb olunduğu müəyyən olunmuşdur. Belə ki, baxış zamanı qeyd olunan şəxslərin dəmir konstruksiyaların montajı sahəsində əməyə cəlb olunduğu tərəflərindən müəyyən edilmişdir. Həmin şəxslərin izahatı alınan zaman 4 nəfər şəxsdən başqa 2 nəfərin də olduğu müəyyən edilmişdir. Lakin onlar yoxlama aparan zaman həmin şəxslər qaçıb gizlənmişlər. Həmin şəxsləri aşkar edib izahatları alınan zaman turist kimi ölkə ərazisinə gəldiklərini bildirsələr də, lakin sorğu edilərkən turist kimi gəlmədikləri müəyyən edilmişdir. Eyni zamanda, yaşadıqları evdə fəhlə paltarları da aşkar olunmuşdur. Digər 4 nəfər isə işçi kimi Murat Karadağ adlı şəxs tərəfindən 1000 manat əmək haqqı müqabilində usta və fəhlə kimi "xxxx" MMC-də işə cəlb olunduqlarını bildirmişlər. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Murat Karadağ müxtəlif vaxtlarda qaçaq yollarla işçilər gətirərək qeyd olunan şirkətdə işlətmişdir. "xxxx" MMC-nin rəhbəri Südabə Orucova qanun pozuntusuna yol veridiklərini etiraf etmiş və minimum məbləğdə cərimə olunmağı xahiş etmişdir. Şəxsin etiraf etməsini nəzərə alaraq barəsində 5000 manat cərimə olunması barədə qərar qəbul edilmişdir. İşçilərin yoxlama zamanı orta təhsilli olduğu, peşə bacarıqlarını təsdiq edən sənədlərinin olmadığı müəyyən edilmişdir. İzahatlar əsasında məlum olmuşdur ki, şirkətlə həmin şəxslər arasında əmək münasibətləri var və "xxxx" MMC işçilərə əvvəlcədən 1000 manat əmək haqqı ödəmişdir. Yoxlamadan sonra hüquqi şəxs barəsində protokol tərtib olunmuş, protokolla tanış olması üçün nümayəndə dəvət olunsa da gəlməmişdir. Onlar sonradan bildirmişlər ki, qanuni əsaslarla işçi dəvət etmişlər. Əgər işçilər qanuni əsaslarla dəvət olunmuşdursa, yoxlama zamanı işçilərin niyə qaçıb gizlənməsi sual doğurur. Eyni zamanda, əgər həmin işçilər deyildiyi kimi ezam olunmuşlarsa, onların ezamiyyət vərəqəsi də yoxdur. Nazirlər Kabinetinin 04 dekabr 2014cü il tarixli, 387 nömrəli qərarı ilə əcnəbi vətəndaşların ölkə ərazisində 10 sahə üzrə işə dəvət olunmaları mümkündür ki, həmin 10 sahə sırasında tikinti sahəsi nəzərdə tutulmamışdır. Qeyd olunan işçilərin ezamiyyət vərəqələri olsa belə, onlar bu halda da qanunsuz əmək fəaliyyətinə cəlb olunmuş hesab ediləcəkdir. Türkiyə Respublikası vətəndaşlarına suallar türk dilində verilmiş, onlar sualların onlara aydın olmasını bildirib cavab vermişlər. Türkiyə Respublikası vətəndaşlarının hər biri öz izahatlarında tikinti işləri gördüklərini etiraf etmişlər. Həmçinin 90 gün ölkədə olmaq müvəqqəti xarakter daşıyır, bu müddətdə həmin şəxs Dövlət Miqrasiya Xidmətindən icazə almadan işləyə bilməz. Ölkə prezidenti çıxışlarında bildirmişdir ki, Azərbaycan vətəndaşlarının icra edə biləcəyi işin görülməsi üçün əcnəbi vətəndaş dəvət edilə bilməz. İnzibati xəta haqqında protokol tərtib edilən zaman şirkətin nümayəndəsi ilə telefon vasitəsilə əlaqə saxlanılaraq dəvət edilmişdir. Lakin nümayəndə gəlməmişdir. Eyni zamanda İnzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmiş, 2 gün ərzində məhkəməyə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ayrı-ayrılıqda 6 nəfər türk vətəndaşları olan Sertkaya Mehmet, Aydoğan İsa, Şenkaya Ümit, Kurucu Serdar, Sarı Göekhan və Yıldız Hasanın yazdıqları izahatlardan müəyyən olunur ki, onlar xx.xx.2025-ci il tarixdən Manner şirkətində səhər saat 9-00-dan axşam saat 17-00-dək hər ayda 1000 manat əmək haqqı müqabilində işləyirlər. - “Əmək müqaviləsi”ndən müəyyən edilir ki, "xxxx" MMC ilə işçi X3 arasında əmək müqaviləsi müddətsiz bağlanmışdır. - Türkiyə Respublikası vətəndaşları Ümit Şenkaya, Hasan Yıldız, İsa Aydoğan, Serdar Kurucu, Mehmet Sertkaya və Gökhan Sarının ilə Türkiyə Respublikası Giresun şəhərində qeydiyyatda olan Suiser Makina Sanayi və Ticaret Limited Şirkəti tərəfindən aparılan Azərbaycan Respublikası, Qusar rayonu, Yuxarı Zeyxur kəndində fındıq fabrikində quraşdırılma və montaj işinin görülməsinə dair həmin şirkətin təmsilçisi Murat Karadağ arasında xx.xx.2025-ci il tarixli müqavilə bağlanmışdır. - “Alqı-Satqı Müqavilə”sindən müəyyən olunur ki, "xxxx" MMC ilə “X14 İth.İhr.San.Tic.Ltd.Şti “arasında xx.xx.2025-ci il tarixli avadanlığın alqı-satqısına, çatdırılmasına və quraşdırılmasına dair razılaşma əldə olunmuşdur. - xx.xx.2023-cü il tarixli, C-1/2023 nömrəli “Müqavilə”dən və xx.xx.2024-cü il tarixli təhvil-qəbul “Aktı”ndan müəyyən edilir ki, Qusar rayonu, Yuxarı Zeyxur kəndi ərazisində fındıq emalı zavodunun tikinti və quraşdırma işləri bütün texniki normalara uyğun olaraq yerinə yetirilərək təhvil verilmişdir. - İş materiallarına əlavə edilmiş fotoşəkillərdən 6 nəfər Türkiyə Respublikası vətəndaşının "xxxx" MMC şirkətinə məxsus müəssisədə avadanlıqların quraşdırılma işlərini həyata keçirdikləri müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar şəxsin özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. İş materiallarına əlavə edilmiş fotoşəkillər, qərar, akt və izahatlardan müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 578.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Xaçmaz Rayon Məhkəməsinin 3(067)-1590/2025 nömrəli, 01 dekabr 2025-ci il tarixli qərarı ilə "xxxx" MMC İXM-nin 578.2-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 30000 (otuz min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir (hakim Aynur Əliyeva). Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin 3(067)-1590/2025 nömrəli, 01 dekabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, "xxxx" MMC-nin direktoru X5 şikayəti əsassız olduğundan rədd edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, X5 barəsində qəbul olunmuş inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 578.2-ci maddəsinə əsasən eyni xəta üç və ya daha çox əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində törədildikdə vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər otuz min manatdan otuz beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : X5 X6 İdarəsinin 17 oktyabr 2025-ci il tarixli, ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarından (Dövlət Miqrasiya xidməti Təşkilat-Nəzarət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-37/2-0-10390-26-3-06-11954/2025 saylı qərarı) verdiyi şikayət təmin edilməsin. X6 İdarəsinin 17 oktyabr 2025-ci il tarixli, ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarı (Dövlət Miqrasiya Xidməti Təşkilat-Nəzarət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-37/2-0-10390-26-3-06-11954/2025 saylı qərarı) dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №3(067)-1675/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1675/2025
30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver