Məhkəmə qərarları › İş №3(067)-1676/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1676/2025

24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1676/2025 24.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Xaçmaz RPŞ-nin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, N.Tusi küçəsi 35 saylı evdə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon PŞ-nə dəvət edilərkən heç bir səbəb olmadan polis əməkdaşları ilə gəlməyəcəyini bildirib küçə söyüşləri söyərək onları təhqir etmiş və nizam-intizama dəvət edildikdə buna məhəl qoymamışdır. Məhkəmə iclasında Xaçmaz RPŞ-nin nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxs , xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon PŞ-nə dəvət edilərkən heç bir səbəb olmadan polis əməkdaşları ilə gəlməyəcəyini bildirdi və küçə söyüşləri söyərək onları təhqir etmiş və nizam intizama dəvət edildikdə məhəl qoymamışdır. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, evdən əsəbi çıxaraq yol ilə gedərkən polis əməkdaşları ona yaxınlaşmışlar ki, onu şübhəli şəxs kimi şöbəyə aparsınlar. O, da onlarla getmək istəmədiyindən ünvansız söyüş söymüşdür. Əməlindən peşmandır. Həmçinin o, əlilliyi olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X4 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Xaçmaz şəhər N.Tusi küçəsində özünü şübhəli apardığı üçün Şəxs yaxınlaşaraq onu şöbəyə dəvət etmişlər, o, şöbəyə getməkdən imtina etmişdir, ucadan nalayiq ifadələr işlədərək səs-küy salmışdır. Onu nizam-intizama dəvət etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmır. Onun törətdiyi əməl xırda xuliqanlıq kimi tövsif olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Xaçmaz şəhər N.Tusi küçəsində ictimai yerdə ucadan ünvansız nalayiq küçə söyüşləri söyərək xuliqanlıq etmişdir. - Şəxs polis bölməsində verdiyi izahatından görünür ki, o, etdiyi hərəkətləri etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. - İş materiallarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 15-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, məhkəmə iclasında verilmiş izahatlar, özünün səmimi etirafı, şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 510-cu maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi inzibati xətanı etiraf edərək peşman olmasını (İXM-32.1.1) nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1993-cü ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 6 (altı) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. İnzibati həbsin əvvəli 22 noyabr 2025-ci il saat 19:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar