Məhkəmə qərarları › İş №3(067)-1685/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1685/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1685/2024 26.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Xaçmaz RPŞ-nin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1976-cı ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, 1 May küçəsi 9 saylı evdə qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir, ondan ötrü ki, 25 dekabr 2024-cü il tarixində saat 18-00- radələrində Xaçmaz şəhər Bakı küçəsində sərxoş vəziyyətdə ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərtib edilmiş protokola uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxs, 25 dekabr 2024-cü il tarixində saat 18-00- radələrində növbətçi hissədən zəng gəlmişdir ki, bir şəxs 2 saylı orta məktəbə əlində bıçaqla gələrək arvadını öldürəcəyi ilə hədələmiş və söyüşlər söymüşdür. Dərhal hadisə yerinə getmişlər. Onu sakitləşdirib nizam intizama dəvət etsələr də o, onların qanuni tələbinə əməl etməmişdir. Daha əvvəllərdə neçə dəfələrlə məktəbdən bu barədə şikayətlər olub. Arvadı tərəfindən verilmiş ərizə araşdırılır. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında bildirmişdir ki, protokol tərtib etmiş şəxsin dedikləri doğrudur. Arvadı 3-4 aydır ki, evdən çıxıb gedib. Evə qayıtmasını istəyir, məktəbin qarşısında olarkən bıçaqdan istifadə etməmiş, bıçaq onun üzərində cibində olmuşdur. Spirtli içkini evdə içmişdir. Hadisə yerində ünvansız söyüşlər söymüşdür. Daha işməyəcəyinə söz verir. Törətdiyi əməlindən peşmandır. Bu səbəbdən barəsinə cərimə cəzası tədbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Məhkəmədə X4 şahid qismində izahat verərək bildirmişdir ki, inzibati xətaya dair icraat aparılan şəxsin barəsində raportu o, yazmışdır. Xidmətdə olarkən məlumat gəldi ki, 2 saylı məktəbin qarşısında naməlum şəxs tərəfindən asayiş pozulur. Məktəbdə işləyən işçinin əridir. Həmin şəxs içkili idi və ünvansız söyüşlər söymüşdür. Məhkəmədə X3 şahid qismində izahat verərək bildirmişdir ki, xidmətdə olarkən məlumat gəldi ki, 2 saylı məktəbin qarşısında naməlum şəxs tərəfindən asayiş pozulur, ünvansız söyüşlər söyülür. Məktəbdə işləyən işçinin əridir, sonradan ona məlum olmuşdur ki, həmin içkili şəxsin üzərində bıçaq olmuşdur. Onu nizam intizama dəvət etmiş, o, isə əməl etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, işdə iştirak edən şəxsləri dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 dekabr 2024-cü il tarixində saat 18-00- radələrində ünvan 2 ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. -xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən olunmuşdur. -xx.xx.2024-cü il tarixli İnzibati qaydada Tutma haqqında Protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, 20:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 15-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, məhkəmə iclasında verilmiş izahatlar, özünün səmimi etirafı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 510-cu maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 510-cu maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi inzibati xətanı etiraf edərək peşman olmasını (İXM-32.1.1) nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: xx.xx.1976-cı ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 5 (beş) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. İnzibati həbsin əvvəli 25 dekabr 2024-cü il saat 20:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar