Məhkəmə qərarları › İş №3(067)-1686/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1686/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1686/2024 26.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, Xaçmaz RPŞ-nin nümayəndəsi X1, müdafiəçi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Xaçmaz rayonu, Sabiroba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xaçmaz rayonu, Sabiroba kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 25 dekabr 2024-cü il tarixdə, saat 11:30 radələrində Xaçmaz şəhəri, Bakı prospektində DİN YPX-nin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Xaçmaz RPŞ-nin nümayəndəsi izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs istifadəsində olan “VAZ 21099” markalı nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanı olmadan idarə edərək Xaçmaz şəhəri istiqamətindən Xudat şəhəri istiqamətində hərəkətdə olduğu vaxt DİN YPX-nin tağım komandiri Fikrət Aydəmirov tərəfindən Şəxs saxlama işarəsi verib saxlatdıqdan sonra Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını avtomobilin üzərinə bağlayaraq getməsini bildirmişdir. Videogörüntülərdə göründüyü kimi Şəxs heç bir səbəb olmadan onun idarə etdiyi avtomobilin saxlanılmasına göstəriş verən şəxsin ünvanına nalayiq ifadələr işlədərək özünün qazi olduğunu bildirmiş və həmin avtomobilin üzərinə dövlət nömrə nişanını heç kim ona bağlada bilməz ifadələrini işlədərək yenidən nalayiq ifadələr işlətməyə davam etmişdir. DİN YPX-nin əməkdaşı X7 Babakişiyevi nizam intizama dəvət etməsinə baxmayaraq sonuncu öz əməlini davam etmiş və öz avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Belə ki, Şəxs 01 (bir) ildir ki, Xaçmaz rayonu ərazisində dövlət qeydiyyat nişanı olmadan avtomobilini idarə edir. Lakin DİN YPX-nin əməkdaşları Şəxs qazı olmasını nəzərə alaraq barəsində tədbir görməmişlər. Həmçinin Şəxs manevr qaydalarını pozaraq yüksək sürətlə avtomobil idarə edərək təhlükəli vəziyyət yaratdığına görə DİN YPX-nin əməkdaşları tərəfindən dəfələrlə saxlanılaraq nizam-intizama dəvət olunmasına baxmayaraq öz əməlini davam etmişdir. Hadisə xx.xx.2024-cü il tarixdə baş vermiş, Şəxs xx.xx.2024-cü il tarixdə Xaçmaz RPŞ-yə dəvət olunaraq Xaçmaz RPŞ-nin sahə rəisi, polis mayoru Ədalət Əsgərov tərəfindən barəsində tutma haqqında protokol tərtib olunaraq hazırkı tarixdə baxılması üçün məhkəməyə müraciət olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, Şəxs narkotikin təsiri altında avtomobili idarə etmişdir. Həmçinin Xaçmaz RPŞ-nin PPXB-nin əməkdaşları hadisə ilə əlaqədar Şəxs axtarmalarına baxmayaraq onu görə bilmədiklərindən DİN YPX-nin əməkdaşları ilə birlikdə sonuncunun avtomobilini Xaçmaz RPŞ-yə aparmışlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində qanuni tədbirin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında özünü təqsirli bilərək bildirmişdir ki, o, hadisə günü evinin tikildiyi torpaq sahəsinin sənədlərində anlaşılmazlıq olduğundan aidiyyəti şöbəyə gedərək orada mübahisə etdikdən sonra idarə etdiyi avtomobillə oradan uzaqlaşaraq Xudat yolu istiqamətində hərəkətini davam etmişdir. Həmin vaxt DİN YPX-nin əməkdaşı Fikrət Aydəmirov ona saxlama işarəsi vermiş və o idarə etdiyi avtomobili saxlayaraq xidməti avtomobilində əyləşən Fikrət Aydəmirova yaxınlaşmışdır. Fikrət Aydəmirov rəhbərliyin göstərişi olduğunu və ön dövlət qeydiyyat nişanını avtomobilin üzərinə bağlamasını ona bildirmişdir. O, torpaq sahəsi ilə əlaqədar şöbədə mübahisə etdiyinə görə onun idarə etdiyi avtomobilin saxlanılmasına göstəriş verildiyini zənn edərək əsəbiləşib nalayiq ifadələr işlədərək oradan uzaqlaşmışdır. O, xx.xx.2024-cü il tarixdə Xaçmaz-Xudat yolu üzərində yerləşən kafelərin birində əyləşərək çay içdikdən sonra kafenin önündə bir nəfər tanışı ilə söhbət etdiyi vaxt kafedə işləyən Pənah adlı şəxs ona yaxınlaşıb kafenin qarşısına çörək gətirən avtomobilə maneçilik törədən onun avtomobilini kənarda saxlaması üçün avtomobilin açarını ondan alıb getmişdir. Biraz sonra o, avtomobilinin Xudat şəhəri istiqamətində hərəkətdə olduğunu görmüşdür. Digər tanışı ona yaxınlaşaraq tanımadığı şəxs tərəfindən onun avtomobilinin Xudat şəhəri istiqamətində idarə edildiyini bildirmişdir. Daha sonra ona müəyyən olunmuşdur ki, polis əməkdaşları ilə birlikdə avtomobili Xaçmaz RPŞ-yə aparılmışdır. O, bu barədə Xaçmaz RPŞ-yə getmişdir. Həmçinin o, dövlət qeydiyyat nişanını avtomobilin üzərinə bağlamamağına görə inzibati xətanı törətdiyini anlayır. O, avtomobilinin texniki baxışdan keçmədiyinə və sığorta olunmadığına görə dövlət qeydiyyat nişanının avtomobilin salonunda saxladığını bildirmişdir. Belə ki, o, hadisədən bir neçə saat əvvəl narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun əlilliyi var, lakin dövlət tərəfindən barəsində əlillik dərəcəsi müəyyən edilməmişdir. Həmçinin əməlindən peşman olduğunu bildirərək törətdiyi əməlin səhv olduğunu anlayır və bir daha belə əməli törətməyəcəyini bildirmişdir. Məhkəmə iclasında müdafiəçi izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində üç azyaşlı uşağının olduğunu, əməlindən peşman olduğunu bildirməsini və ikinci Qarabağ müharibəsi qazısı olduğunu nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə DİN YPX-nin tağım komandiri ərazini müayinə edərkən Şəxs dövlət qeydiyyat nişanı olmadan avtomobilini idarə etdiyini müəyyən etmiş və efir vasitəsilə məlumat verərək həmin avtomobil saxlanılmışdır. O, Şəxs dövlət qeydiyyat nişanını avtomobilin üzərinə bağlayaraq hərəkətini davam etməsini bildirmişdir. Daha sonra Şəxs sürücülük vəsiqəsinin müddətinin bitməsi, barəsində yüksək cərimələrin olması müəyyən edilmişdir. Şəxs taksi sürücülərinin qarşısında onun idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılmasına göstəriş vermiş şəxsin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmçinin o, üzərindəki videoçəkilişi sonradan Şəxs təkidi ilə qoşaraq Şəxs nalayiq ifadələrini videoçəkiliş vasitəsilə qeydə alınmasını istəmişdir. O, Şəxs nizam-intizama dəvət etməsinə baxmayaraq sonuncu öz əməlini davam edərək öz avtomobilinə əyləşib hadisə yerindən getmişdir. Şəxs müharibə iştirakçısı olmasını nəzərə alaraq barəsində cərimə protokolu yazmaq fikirləri olmamışdır. Lakin dövlət qeydiyyat nişanını avtomobilin üzərinə bağlayaraq getməsini tələb etmişlər. Əlavə olaraq bildirmişdir ki, Şəxs bildirdiyi kimi həmin vaxt narkotikin təsiri altında olmuşdur. Bu barədə akt tərtib olunmuş, lakin Şəxs raport əsasında tutulduğu üçün Sumqayıt şəhərinə aparılaraq rəy əldə olunmamışdır. Məhkəmə iclas zalında iş materiallarına əlavə edilmiş 01 ədəd audio-video diskə baxış keçirilərkən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi müşahidə olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və proses iştirakçılarının ifadələri ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “Raport”dan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində Gəndob-Yalama yolunun 26-cı kilometrliyində BDYPİ-nin YPXA 2-ci tağımının YPX-nin baş inspektoru, polis baş leytenantı Fikrət Aydəmirov xidmətdə olduğu zaman “VAZ 21099” Az.**-CD-*** dövlət qeydiyyat nişanlı avtomaşının ön dövlət qeydiyyat nişanın olmadığı üçün tərəfindən nəzarət qaydasında saxlanılmış, vətəndaşa özünü təqdim edərək avtomaşına aid sənədləri soruşduqda sənədləri təqdim etməkdən imtina edərək onun avtomaşına saxlamasına göstəriş verən polis əməkdaşının və avtomaşını saxladığı üçün onun ünvanına ucadan nümayişkaranə formada nalayiq söyüşlər söyərək onun qanuni tələbinə qəsdən tabesizlik göstərərək yüksək sürətlə avtomaşını sürərək oradan uzaqlaşmışdır. Həmin şəxsi bort-kompüter vasitəsi ilə yoxlayan zaman Vaz 21099 Az.**-CD-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərində həbsi olması, texniki baxışdan keçmədiyi və sürücülük hüququ olmadan idarə etməsi tərəfindən aşkar olunmuşdur. - xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 25 dekabr 2024-cü il tarixdə, saat 11:30 radələrində Xaçmaz şəhəri, Bakı prospektində DİN YPX-nin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. - xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan müəyyən edilmişdir ki, Şəxs Xaçmaz RPŞ-nin sahə rəisi, polis mayoru X5 tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 13:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 25 dekabr 2024-cü il tarixdə, saat 13:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmə iclasında əməlindən peşman olduğunu bildirməsi yüngül cəzanın təyin edilməsinə nail olmaq məqsədi daşıyır, bu səbəbdən məhkəmə şəxsin əməlindən peşman olması barədə dediklərini səmimi peşmanlıq kimi qiymətləndirmir və inzibati xətaya görə məsuliyyəti yüngülləşdirın hal kimi nəzərə almır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta hadisəsi törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunmalıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin himayəsində üç azyaşlı uşağın olduğunı nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddə təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxxx 1992-ci ildə Xaçmaz rayonunun Sabiroba kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 25 dekabr 2024-cü il tarixdən, saat 13:40-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar