Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1702/2022 10.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Qərardan şikayət vermiş şəxs- X1 iştirakları ilə, X1 Şimal Ərazi Baş Gömrük İdarəsinin 05 oktyabr 2022-ci il tarixli, 01400/3266 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şimal Ərazi Baş Gömrük İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 05 oktyabr 2022-ci il tarixli, 01400/3266 nömrəli qərarına əsasən X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində inzibati xətanın bilavasitə obyekti olan 13677,38 manat dəyərində valyutanın dəyərinin 50 (əlli) faizi, yəni 6838,69 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin vəzifəli şəxsinin 05 oktyabr 2022-ci il tarixli, 01400/3266 nömrəli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan- Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan- Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 ərizəsini müdafiə edərək göstərdi ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 05 oktyabr 2022-ci il tarixli, 01400/3266 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olan 13677,38 manat dəyərində valyutanın dəyərinin 50 (əlli) faizi, yəni 6838,69 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. O, barəsində çıxarılmış yuxarıda qeyd olunan qərarla razı deyildir. Belə ki, qanunun mənasına görə müvafiq icra hakimiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçməsi ilə bağlı o, inzibati məsuliyyətdən azad edilməli idi. Qanunun tələbinə əsasən o, xəta törədildiyi gündən ən geci 1 il keçənədək inzibati məsuliyyətə cəlb edilə bilərdi. Belə ki, inzibati xəta 2017-ci ildə baş vermişdir. O, 2017-ci ildə ölkəyə ixrac etdiyi yüklərin müqabilində köçürməli olduğu 8045,52 ABŞ dolları məbləğində vəsaiti bankda olan hesaba 180 gün müddətinə köçürməli idi. Lakin üzürlü səbəblərdən bu müddət tərəfindən ötürülmüşdür. 2017-ci ildə ölkədən ixrac etdiyi yüklərin müqabilində köçürməli olduğu 8045,52 ABŞ dolları məbləğində vəsaiti bankdan olan hesaba 180 gün müddətinə köçürmədiyi halda həmin vaxt, yəni 180 gün başa çatdığı gün o, inzibati məsuliyyətə cəlb edilə bilərdi. Lakin bunun üstündən uzun müddət keçdikdən sonra o, inzibati məsuliyyətə cəlb edilmişdir. Hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş gömrük İdarəsinin 05 oktyabr 2022-ci il tarixli 0144/3266 nömrəli inzibati tənbeh vermə haqqında qərara xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. O, qərarın surətini 15 oktyabr 2022-ci il tarixdə poçt vasitəsilə almışdır. Göstərilənlər nəzərə alınmaqla ərizəsinin təmin edilməsini, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin 05 oktyabr 2022-ci il tarixli, 01400/3266 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, barəsində Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası vətəndaşı X3 2017-ci ildə 8 gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərərk ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 8045,52 ABŞ dolları (13677,38 manat) məbləğində vəsaiti müəyyən olunmuş müddət ərzində müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Həmin xətaya görə Şimal Ərazi Baş Gömrük İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 05 oktyabr 2022ci il tarixdə 01400/3266 nömrəli qərarla X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində inzibati xətanın bilavasitə obyekti olan 13677,38 manat dəyərində valyutanın dəyərinin 50 (əlli) faizi, yəni 6838,69 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il qərarında qeyd edilir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. İş materialları ilə müəyyən edilmişdir ki, X3 tərəfindən inzibati xəta 2017-ci ildə törədilmişdir. Belə ki, X3 2017-ci ildə ölkəyə ixrac etdiyi yüklərin müqabilində köçürməli olduğu 8045,52 ABŞ dolları məbləğində vəsaiti bankda olan hesaba 180 gün müddətinə köçürməli olduğu halda bu müddət onun tərəfindən ötürülmüşdür. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarının mahiyyətinə görə, qaydalarda və ya maddələrdə inzibati xəta müəyyən olunmuş müddətlərdən sonra yaranırsa, müddət axımı müəyyən olunmuş müddətin növbəti günündən başlayır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəlləpinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəlləinin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəlləpinin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 53.0. maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 tərəfindən qeyd olunan inzibati xəta əməli 2017-ci ildə törətməsinə baxmayaraq qanunla müəyyən edilmiş müddətdə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərar çıxarılmamış, xətanın törədilməsindən 5 il müddət keçdikdən sonra barəsində inzibati xəta haqqında icraat aparılaraq inzubati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Məhkəmə hesab edir ki, X1 inzibati məsuliyyətə cəlb etmə müddətləri ötürülmüşdür. Belə olan halda isə o, inzibati məsuliyyətə cəlb edilə bilməzdi və ya cəlb edildiyi halda belə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli idi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1, 114.2 və 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.3 səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından- yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Belə olan halda məhkəmə hesab edir ki, şikayət təmin edilməklə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin vəzifəli şəxsi tərəfindən X1 barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında 19 oktyabr 2020-ci il tarixli,01400/1350 nömrəli qərar inzibati məsuliyyətə cəlb etmə müddəti ötürüldüyündən ləğv edilərək onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasınınnın İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin vəzifəli şəxsi tərəfindən X1 barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında 05 oktyabr 2022-ci il tarixli, 01400/3266 nömrəli qərar inzibati məsuliyyətə cəlb etmə müddəti ötürüldüyündən ləğv edilərək onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-1702/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1702/2022
10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver