Məhkəmə qərarları › İş №3(067)-1726/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1726/2022

02.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1726/2022 02.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, zərərçəkən şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1979-cu ildə Xaçmaz rayonunun Qaraçay-cek kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Padar kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz rayon məhkəməsinin 07 iyun 2012-ci il tarixli, 2(067)-886/2012 saylı icra sənədini icra etməmiş və onun 13080 manat aliment borcu vardır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 07 iyun 2012-ci il tarixli, 2(067)-886/2012 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2005-ci il və xx.xx.2007-ci il təvəllüdlü iki uşağın saxlanılması üçün hər ay hər bir uşaq üçün 60 manat, cəmi 120 manat sabit pul məbləğində aliment alınaraq X3 verilməlidir. İcra sənədləri müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş təqdim edilmişdir. Borclu aliment borcunu ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borcu ödəməmişdir. Borclu sonuncu dəfə 2013-cü ildə aliment ödənişi etmişdir. Bundan başqa, borclu hazırkı icra sənədi üzrə CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunaraq barəsində islah işləri növündə cəza təyin edilmiş, lakin o, bundan sonra da aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, zərərçəkən şəxs uşağı atasının evində qoyub getmiş, o, həmin uşağını oradan götürərək doqquzuncu sinfi bitirənədək öz yanında saxlamış, uşağın biri isə zərərçəkənin yanında qalmışdır. Zərərçəkənlə o, bu cür razılaşmışlar ki, uşağın biri onun yanında, digəri zərərçəkmişin yanında qalsın. Lakin o, bu razılıqları barədə icra şöbəsinə bildirməmiş, öz aralarında razılığa gəlmişlər. Uşağı sonuncu üç-dörd aydır ki, zərərçəkənin öz yanına apararaq saxlayır. Həmçinin bildirmişdir ki, o, Xaçmaz Mənzil_Kommunal Təsərrüfat idarəsində işləyir, əmək haqqısını alaraq uşaqlarının alimentini ödəyəcəkdir. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. Məhkəmə iclasında zərərçəkən şəxs izahatında bildirmişdir ki, Şəxs ilə onun birgə nikahından biri qız, biri oğlan olmaqla iki övladı var. Şəxs icra sənədinə əsasən iki uşağın saxlanılması üçün onun xeyrinə 2012-ci ildən aliment ödəməlidir. Lakin Şəxs 2013-cü ildən aliment ödəmir, uşaqlarına atalıq etmir. O, uşağının bu yaxınlarda on səkkiz yaşının olacağını bildirərək Şəxs həbs edilməsini istədiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, uşaqlarından qızı beş yaşından doqquzuncu sinfi bitirənədək atasının, yəni Şəxs yanında, oğlu isə onun yanında olmuşdur. Uşağı 9-cu sinfi bitirdikdən sonra Şəxs həmin uşağını da onun yanına göndərmişdir. Lakin uşaqlardan birinin onun, digərinin atasının yanında qalması barədə Şəxsla onun arasında razılıq olmamışdır. O, uşağı atasının yanında qoyaraq özü uşaqları üçün işləmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1979-cu ildə Xaçmaz rayonunun Qaraçay-cek kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 02 noyabr 2022-ci il tarixdən, saat 17:05-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar