Məhkəmə qərarları › İş №3(067)-1797/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1797/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1797/2025 08.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Xaçmaz RPŞ-nin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində qeydiyyatda olan. Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokola əsasən məlum olur ki, xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində Xaçmaz şəhəri, Zəfər parkının qarşısında söyüş söydüyü üçün polis əməkdaşları yaxınlaşmış, onlara da tabe olmayaraq ünvanlarına söyüş söymüşdür. Məhkəmədə iclas zalında Xaçmaz rayon Polis Şöbəsinin nümayəndəsi izahat verərək bildirmişdir ki, polis əməkdaşları “Zəfər Parkı” adlanan ərazidə xidmətdə olan zaman bir nəfərin şəxsin telefonla danışaraq nalayiq söyüşlər söydüyünü görüb, şəxslə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Vətəndaşa ictimai yerdə söyüş söyməməsini bildirdikləri zaman şəxs polis əməkdaşları ilə aqressiv şəkildə danışaraq onların ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Vətəndaş Xaçmz RPŞ-nə dəvət olunmuş barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, inzibati xəta haqqında protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, evdən telefon zəngi gəldiyi üçün, əsəbi olmuş, ünvansız söyüşlər söymüşdür. Ona yaxınlaşıb söyüş söydüyünə görə irad bildirildiyində həmin şəxslərlə kobud şəkildə danışmışdır. Lakin həmin şəxslər mülki geyimdə olduqları üçün onları sonradan tanımış və üzür istəmişdir. Həmin polis əməkdaşları Post Patrul Xidməti əməkdaşlarını dəvət etdikdən sonra onu PPXB-nin xidməti avtomobili ilə Polis Şöbəsinə aparılmışdır. Həmçinin, o, avtomobilə özü əyləşmişdir. Tutularkən sərxoş vəziyyətdə olmamışdır, əməlindən peşmandır. Ailəlidir, 2 övladı var. Polis Şöbəsində ona qarşı heç bir təzyiq göstərilməmişdir. Barəsində yüngül inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iclas zalında Şahid izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində CAB-nın əməliyyat müvvəkili polis kapitanı Elvin Camalzadə və polis leytenantı Şahin Kərimovla birlikdə H.Əliyev küçəsində yerləşən Zəfər Parkının yaxınlığında xidmətdə olarkən bir nəfər şəxsin telefonla danışaraq ucadan söyüşlər söyməsinin şahidi olmuşlar. Onlar vətəndaşa yaxınlaşaraq özlərini təqdim etmişlər və vətəndaşı dəfələrlə nizam-intizama dəvət etmişlər. Vətəndaş onların qanuni tələbinə məhəl qoymayaraq “onsuz da əsəbiyəm, çıxın gedin.” sözlərini demiş, həmçinin onların da ünvanına nalayiq söyüşlər söymüşdür. Şəxsə yenidən xəbədarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etmişdir. Bundan sonra onlar PPXB-nin əməkdaşlarını dəvət edib, həmin şəxsi Xaçmaz RPŞ-nə aparmışlar. Həmin şəxsin X2 olduğu müəyyən olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş polis sahə rəisinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmır, bununla yanaşı onun əməlində İXM-nin 510-cu maddəsində nəzərə tutulan inzibati xətanın tərkibinin olması öz təsdiqini tapdığından o, İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “İnzibati qaydada tutma haqqında protokol”dan müəyyən edilir ki, Şəxs Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 20:05-də inzibati qaydada tutulmuşdur. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokola əsasən məlum olur ki, xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində Xaçmaz şəhəri, Zəfər parkının qarşısında söyüş söydüyü üçün polis əməkdaşları yaxınlaşmış, onlara da tabe olmayaraq ünvanlarına söyüş söymüşdür. - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində Xaçmaz RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Elvin Camalzadə həmin şöbənin əməliyyat müvəkkilləri, polis leytenantı Şahin Kərimov və Şahidla birlikdə xidməti ərazidə xidmətdə olan zaman Xaçmaz şəhəri, H.Əliyev küçəsində yerləşən Zəfər parkının qarşısında bir nəfər şəxsin telefonla danışaraq ucadan söyüşlər söydüyünü görüb ona yaxınlaşmışlar. Özülərini təqdim-etdikdən sonra həmin şəxsin ictimai yerdə olduğunu və vətəndaşların narazılığına səbəb olduğunu bildirdikdə o, heç bir səbəb olmadan kobudluq edərək qeyri-adekvat hərəkətlərə yol verib, ünvanlarına şöyüşlər söyməyə başlamışdır. Onlar həmin şəxsi dəfələrlə nizam intizama dəvət etsələr də, o, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etmişdir. Onlar həmin şəxsi Xaçmaz RPŞnə aparmışlar. Xaçmaz RPŞ-də həmin şəxsin Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yaşayan xx.xx.1986-cı il təvəllüdlü Şəxs olması müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə yaranır, bu Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş məsuliyyət xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə yaranır. Belə ki, inzibati xəta haqqında protokoldan göründüyü kimi Şəxs nalayiq ifadələr işlətməklə ictimai qaydanın pozulmasına yönələn hərəkətlərə yol vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tövsifedici əlaməti polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə hərəkətlərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Şəxs polis işçilərinin konkret olaraq hansı qanuni tələblərinə tabe olmaması müəyyən edilməmiş və bu hər hansı sübutla öz təsdiqini tapmamışdır. Əksinə olaraq Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərinə yol verməsi öz təsdiqini tapmışdır. Odur ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən həmin Məcəllənin 510-cu maddəsinə tövsif edilməklə o, həmin maddənin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilib barəsində müəyyən inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi hər hansı sübutla öz təsdiqini tapmadığından, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından onun əməli İXM-nin 535.1-ci maddəsindən 510-cu maddəsinə tövsif olunmaqla onun barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olması, o cümlədən, İXM-in 32.2-ci maddəsinə əsasən himayəsində azyaşlı övladlarının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən barəsində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyətini yüngülləşdirən halın olmasını, himayəsində azyaşlı övladlarının olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehlərdən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR ALDI : xx xxxx 1986-cı ildə Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində anadan olmuş Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsindən həmin məcəllənin 510-cu maddəsinə tövsif edilsin. Şəxs İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində 75 (yetmiş beş) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal inzibati qaydada tutulmadan azad edilsin. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar