Məhkəmə qərarları › İş №3(067)-1851/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1851/2022

06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1851/2022 06.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxx 1995-ci ildə Xaçmaz rayonunun Seyidlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Seyidlər kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz rayon məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(067)-374/2022 saylı icra sənədini icra etmir və onun həmin icra sənədinə əsasən 4261 manat borcu vardır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(067)-374/2022 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2021-ci il tarixli müqavilə üzrə “Lenovo” markalı kompüter üçün 1185,6 manat əsas borc, 10 manat cərimə və həmin müqaviləyə əsasən 2990 manat əsas borc, 10 manat cərimə və 65,93 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Həmin icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. Lakin borclu tələbkara hazıradək heç bir ödəniş etməmiş, onun 4261 manat borcu vardır. Həmçinin bildirmişdir ki, borclu bir müddət əvvəl axtarışla icra şöbəsinə gətirilmiş, izahatı alınmış, ona borcunu ödəməsi üçün imkan yaradılmış, lakin borclu hazırda icra şöbəsinə gələrək heç bir məbləğ ödəyə bilmədiyini demişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, ailəli olmaqla himayəsində üç azyaşlı – 3, 5 yaşlı və 7 aylıq uşaqları var. Onun uşağı xəstə olduğu üçün, yəni sudurqası olduğu üçün o, tələbkardan kompüteri alaraq nağd pula satıb uşağının müalicəsi üçün xərcləmişdir. Hazırda da digər uşağı xəstəliyi ilə əlaqədar əməliyyat olunmuşdur. Onun maddi imkanı olmadığından icra sənədi üzrə borcunu ödəyə bilməmişdir. Həmçinin bildirmişdir ki, o, borclu olduğu məbləğdən hazıradək heç bir ödəniş etməmişdir. İşləyərək borcunu ödəyəcəyini bildirərək barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxxxx 1995-ci ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar