Məhkəmə qərarları › İş №3(067)-1859/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1859/2022

08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1859/2022 08.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1981-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Həzi Aslanov küçəsi ev 33, mənzil 8-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 08 dekabr 2022-ci il tarixdə, Xaçmaz şəhəri, Qələbə küçəsində X1 ünvanına nalayiq ifadələrlə söyüb ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında bildirmişdir ki, o, dünən xalasının əri ilə spirtli içki qəbul etmiş və evinə gələrək avtomobilində yatmış, gecə polis əməkdaşları onu polis şöbəsinə gətirərək saxlamışlar və ona polis şöbəsində bildirmişlər ki, onun barəsində şikayət olunmuşdur. Lakin o, barəsində nə kimi şikayət olunmasını bilməmişdir. Həmçinin bildirmişdir ki, zərərçəkmiş şəxslə aralarında rəsmi nikah olmasa da, zərərçəkmiş onun arvadıdır, onların birgə nikahından iki uşağı var, üçüncü uşaqları da doğulacaqdır. O, heç yerdə işləmir, qazanc əldə edə bilmir, arvadı da buna görə onunla mübahisə yaradır. Bir daha belə hərəkətlərə yol verməyəcəyinə, spirtli içki qəbul etməyəcəyinə söz verərək onun bağışlanmasını bildirmiş, həmçinin cərimə ödəməyə onun imkanı olmadığını qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun əlilliyi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, aralarında rəsmi nikah olmasa da, onunla Şəxs ər-arvaddırlar, onların birgə nikahından iki uşağı var və hazırda o, 3-4 aylıq hamilədir, yəni onların üçüncü uşağı da doğulacaqdır. Ailədə yalnız o işləyir. Belə ki, o, xadimə işləyərək ailəsinin maddi ehtiyaclarını ödəyir, kommunal xərcləri ödəyir, Şəxs isə heç yerdə işləmir, ailəsinə qazanc gətirmir, spirtli içki qəbul edərək tez-tez evə sərxoş gəlir, mübahisə yaradır və uşaqları bu hərəkətləri ilə qorxudur. Vüqar ailənin saxlanılması üçün heç bir köməklik etmir, sonuncunun idarə etdiyi avtomobili də o alaraq vermişdir ki, heç olmasa taksi kimi işləyib ailəsinə qazanc gətirsin, lakin əri Vüqar sərxoşluqla məşğul olur, yalnız özü üçün yaşayır. Aralarında da mübahisə bu səbəbdən yaranır. Sonuncu dəfə də o, sərxoş vəziyyətdə gələrək ucadan onu söyüb təhqir etmiş və o, bu barədə polisə şikayət etməli olmuşdur. Həmçinin bildirmişdir ki, əri Vüqar onu döymür, yaxud bu kimi hərəkətlər etməmişdir, yalnız onu nalayiq ifadələrlə söymüşdür. O, Şəxs həbs edilməsini istəmir, cərimə olunmasını istəyir. İş materiallarında olan 08 dekabr 2022-ci il tarixli raportdan, ərizədən və həmin tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X2 08 dekabr 2022-ci il tarixdə, saat 01:33 radələrində DİN-nin 102 xidmətinə zəng edərək əri Şəxs yaşadıqları Xaçmaz şəhəri, Qələbə küçəsində münaqişə yaratması barədə məlumat vermiş və əri Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 08 dekabr 2022-ci il tarixdə, saat 03:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1981-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə təqsirli bilinsin və onun xx.xx.2022-ci il saat 03:00-dan xx.xx.2022ci il saat 16:15-dək inzibati qaydada tutulması nəzərə alınaraq barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən (inzibati qaydada tutulmadan) azad edilsin. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə və Xaçmaz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar