Məhkəmə qərarları › İş №3(067)-1859/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1859/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1859/2025 16.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Xaçmaz RPŞ-nin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz RPŞ tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət edilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokola əsasən məlum olur ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində bükülü taparaq içərisində olan psixotrop maddə metamfetamindən istifadə etmişdir. Məhkəmə iclas zalında Xaçmaz RPŞ-nin nümayəndəsi izahat verərək bildirmişdir ki, vətəndaş Şəxs qardaşı “102” xidmətinə müraciət verərək Şəxs narkotik vasitədən istifadə etməsi barədə məlumat vermişdir. Daxil olmuş məlumatla bağlı Şəxs izahatı alınan zaman narkotik vasitədən istifadə etdiyini etiraf etmişdir. Vətəndaş narkoloji tibbi yoxlamadan keçirilmiş, tibbi rəyə əsasən onun narkotik vasitədən istifadə etməsi məlum olmuşdur. Şəxs barəsində İXM-nin 206-cı maddəsinə əsasən inzibati xəta haqqından protokol tərtib olunmuşdur. O, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək qeyd olunan maddə ilə özünü təqsirli bilmişdir. O, 3 ildir ki, narkotik vasitədən istifadə etməmişdir. Lakin 1 ay əvvəl istifadə etmiş və dərhal da əməlindən peşman olmuşdur. Bu vərdişdən uzaqlaşmaq istəyir. X14 müraciət etmişdir ki, narkotikdən uzaqlaşmaq üçün ona köməklik edilsin. Polis əməkdaşları onun qardaşının şikayəti ilə əlaqədar yaşadığı ünvana gələndə o, Sumqayıt şəhərində müalicədə olmuşdur. O, tramal preparatı qəbul etmişdir. Hazırda ev şəraitində müalicə alır, həkim qeydiyyatındadır. Ailəlidir, 2 övladı var, evin bütün ehtiyaclarını o qarşılayır və əməlindən peşmandır. O, barəsində aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, ekspertiza rəyi, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Xaçmaz rayonu, Nağı-oba kəndində qeydiyyatda olan, Xaçmaz şəhəri Eyyub Yaqubov küçəsi, ev 5-də yaşayan X5 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, 14 dekabr 2025-ci il tarixdə narkotik vasitə aludəçisi qardaşı Şəxs Xaçmaz rayonu, Nağıoba kəndində yerləşən evlərindən ona məxsus 10.000 manat dəyərində 1 ton fındığının oğurlaması barədə məlumat vermişdir. Həmin raport Xaçmaz RPŞ-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında xx.xx.2025 ci il tarixdə HK-1/3378 sayla qeydiyyata alınmış və Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Rüstəm Vahidov tərəfindən təhqiqat aparılmışdır. Bundan başqa, 14 dekabr 2025-ci il tarixdə X1 RPŞ-nə ərizə ilə müraciət edərək, qardaşı Şəxs ona məxsus fındıq məhsullarını oğurlamadığını, Şəxs narkotik vasitələrin aludəçisi olduğunu, bu səbəbdən əsəbləşərək qeyd olunan məzmunda məlumat verdiyini və bununla bağlı heç bir şikayət və tələbinin olmadığını bildirsə də, qardaşı Şəxs narkotik vasitə aludəçisi olduğu üçün barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı toplanmış materialda cinayət tərkibi müəyyən edilməmiş, bu səbəbdən də müraciət əsasında aparılmış yoxlamanın nəticələri üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı (qanunsuz olaraq narkotik vasitələrin istehlakı) maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan müəyyən edilir ki, Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X9 tərəfindən X3 AZərbaycan Respublikası DİN-nin 102 xidmətinə etdiyi müraciət əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanması rədd edilmişdir. X3 əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan qəbul edilmiş qərarın surəti barəsində inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyəti üzrə Xaçmaz RPŞ-nin İTB-yə göndərilmişdir. - xx.xx.2025-ci il tarixli, 7754 №-li Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin Abulator X2 rəyindən müəyyən edilir ki, müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. - “İnzibati qaydada tutma haqqında” protokoldan müəyyən edilir ki, BŞəxs Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X10 tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 18:15-də inzibati qaydada tutulmuşdur. -.xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan müəyyən edilir ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində bükülü taparaq içərisində olan psixotrop maddə metamfetamindən istifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə AR İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta hadisəsi törətmiş şəxsin şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alaraq, Şəxs barəsində aşağı həddə həbs növündə inzibati tənbeh təyin olunmalıdır Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 15 dekabr 2025-ci il tarixdən, saat 18:15-dən hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar