Məhkəmə qərarları › İş №3(067)-187/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-187/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-187/2023 07.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1981-ci ildə Xaçmaz rayonunun Həsənqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, sürücülük hüququ olmadan alkoqol sərxoşluğu vəziyyətində 01 fevral 2023-cü il tarixdə “MERCEDES BENZ 250” minik markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydasını pozaraq qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan avtomobillə toqquşaraq maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 01 fevral 2023cü il tarixdə, saat 21:30 radələrində idarə etdiyi “MERCEDES BENZ 250” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xaçmaz şəhəri, Bakı prospektində Xudat şəhəri istiqamətində hərəkətdə olarkən onunla eyni sitiqamətdə hərəkətdə olan X2 məxsus “MERCEDES BENZ C180” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobili yandan ötərək keçmək istəyərkən yol hərəkəti qaydasını pozaraq sonuncunun avtomobilinə dəyərək əzmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Hadisə yerinə YPX-nin əməkdaşları gəlmiş və hər iki avtomobilin sürücüsünün sərxoşluq vəziyyəti alkotester vasitəsilə yoxlanılmış, Şəxs avtomobili sərxoş halda idarə etməsi, həmçinin sonuncunun sürücülük hüququ olmadığı müəyyən edilmiş, hadisə yerinin sxemi tərtib edilmiş, Şəxs yol hərəkəti qaydasını pozması da müəyyən edilmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs barəsində hazırkı yol-nəqliyyat hadisəsi ilə əlaqədar İXM-nin 327.1-ci maddəsi ilə polis orqanı tərəfindən inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, 01 fevral 2023-cü il tarixdə qardaşına məxsus “MERCEDES BENZ 250” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobili Xaçmaz şəhəri, Bakı prospektində Xudat şəhəri istiqamətində idarə edərkən onunla eyni istiqamətdə hərəkətdə olan avtomobilin yanından ötüb keçmək istəyərkən onun idarə etdiyi avtomobilin təkəri partladığından o, idarəetməni itirərək həmin avtomobili yan tərəfdən vurmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Hadisə yerinə YPX-nin əməkdaşları gəlmiş, onu və digər sürücünü alkotester vasitəsilə müayinə etmiş, hadisə yerinin sxemini tərtib etmişlər. Həmçinin bildirmişdir ki, onun sürücülük hüququ olmamışdır. O, hadisə zamanı spirtli içki qəbul etdiyindən sərxoş olmuş, spirtli içki qəbul etməsinin səbəbi onun dişinin ağrıması olmuşdur. Törətdiyi əməldə özünü təqsirli bilmiş, həmin əməlinə görə peşman olduğunu bildirmiş və barəsində yüngül inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun əlilliyi yoxdur. İş materiallarında olan 02 fevral 2023-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs barəsində o, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 334.3-cü və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən protokol tərtib edilmişdir. İş materiallarında olan alkotester texniki vasitəsindən əldə edilmiş kağız daşıyıcılardan görünür ki, 01 fevral 2023-cü il tarixdə, saat 21:41-də barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin alkoqol qəbul etməsini müəyyən etmək üçün yoxlanılmış və onun qanında alkoqolun konsentrasiyasının 0,727‰ (promilli) olması aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi həmin Məcəllənin 334.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə görə, bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması həmin Məcəllənin 334.3-cü maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarının 2.2-ci bəndinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: 21 avqust 1981-ci ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 800 (səkkiz yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar