Məhkəmə qərarları › İş №3(067)-1888/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1888/2022

27.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1888/2022 27.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, zərərçəkən şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Xaçmaz rayonunun Padar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Padar kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 11 sentyabr 2022-ci il tarixdə, saat 17:35 radələrində Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən 19-cu kilometrliyində idarə etdiyi “VAZ 21061” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, 11 sentyabr 2022-ci il tarixdə, saat təxminən 17 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ 21061” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisində Zərərçəkmiş şəxs avtomobil ilə vurmuşdur. Lakin o, həmin yolda 60 km/saat sürətlə hərəkətdə olmuş, həmin zaman qarşısında yük avtomobili getmiş, zərərçəkmiş şəxs həmin yük avtomobilinin arxa hissəsindən qaçaraq yolu keçmək üçün yola daxil olmuş, o, bu zaman idarəetməni itirərək zərərçəkmişi yolun sağ kənarında vurmuşdur. Həmçinin bildirmişdir ki, zərərçəkmiş yolun hərəkət hissəsinə anidən çıxmışdır. O, zərərçəkmişə vurduğu xəsarətlərlə bağlı sonuncunun müalicəsinin xərcini ödəmişdir. Məhkəmə iclasında zərərçəkən şəxs izahatında bildirmişdir ki, 11 sentyabr 2022-ci il tarixdə o, avtomobil yolunda hərəkətdə olan yük avtomobilinin arxa hissəsindən qaçaraq yolu piyada keçmək istəyərkən Şəxs onu idarə etdiyi VAZ 2106 markalı avtomobil ilə vurmuşdur. Nəticədə ona bədən xəsarətləri yetirilmiş, hadisə yerindən onu xəstəxanaya aparmışlar, o, xəstəxanada ayılmışdır. Həmçinin bildirmişdir ki, Şəxs ona vurduğu xəsarətlərə görə müalicə xərcini ödəmiş, onun barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan inzibati xəta haqqında protokoldan, hadisə yerinə baxış protokolunun, yol-nəqliyyat hadisəsinin sxeminin, izahatların təsdiqlənmiş surətlərindən, fotoşəkillərin surətlərindən görünür ki, 11 sentyabr 2022-ci il tarixdə, saat 17:35-də Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən 19-cu kilometrliyində Şəxs idarə etdiyi “VAZ 21061” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun Gəndob istiqamətindəki hərəkət hissəsi ilə hərəkətdə olarkən yolun Yalama istiqamətindəki hərəkət hissəsinin sağ kənarında dayanmış piyada Zərərçəkmiş şəxs qarşı tərəfdəki ehtiyat hissəyə keçmək üçün qəflətən yolun hərəkət hissəsinə qaçmış və Şəxs idarə etdiyi “VAZ 21061” markalı avtomobillə Zərərçəkmiş şəxs yolun Gəndob istiqamətindəki hərəkət hissəsinin sağ kənarında yerləşən ehtiyat hissə üzərində vurmuş, nəticədə piyada Zərərçəkmiş şəxs bədən xəsarəti yetirmişdir. İş materiallarında olan AB seriyalı, 532952 nömrəli, etibarlılıq müddəti xx.xx.2023cü il tarixədək olan sürücülük vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs sürücülük hüququ olmuşdur. İş materiallarında olan etibarnamənin və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiqlənmiş surətlərindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs “VAZ 21061” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədək olan etibarnamə əsasında idarə etmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 11 sentyabr 2022-ci il tarixli, 421 nömrəli Aktın təsdiqlənmiş surətindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs yuxarıda qeyd olunan hadisə zamanı ayıq vəziyyətdə olmuşdur (sərxoş olmamışdır). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 12 sentyabr 2022-ci il tarixli, 484 nömrəli ekspert rəyinin təsdiqlənmiş surətindən görünür ki, 1957-ci il təvəllüdlü X1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ çiyin və sağ böyrün sıyrıqları və sağ baldırın əzilmiş-cırılmış yarası bərk küt əşya (əşyalar) təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsinə dair 11 oktyabr 2022-ci il tarixli qərarın təsdiqlənmiş surətindən görünür ki, materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İXM-nə görə, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması həmin Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Azərbaycan Respublikası İXM-nə görə, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi həmin Məcəllənin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1990-cı ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar