Məhkəmə qərarları › İş №3(067)-1889/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1889/2025

23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1889/2025 23.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, zərərçəkmiş şəxs (tələbkar) Əmənova (Əliyeva) Əfsanə Ağagül qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx.xx.1988-ci ildə Xaçmaz rayonu, Ağyazı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Xaçmaz rayonu, Ağyazı Buduq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokola əsasən məlum olur ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsində xx.xx.2025-ci il tarixdə tənbeh edilmiş Xaçmaz rayon məhkəməsinin 2(067)-392/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədini icra olunmaması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən 21650 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-392/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 12 dekabr 2019-cu il tarixdən başlayaraq dörd uşağın saxlanılması üçün hər ay 115 manat sabit pul məbləğində aliment olmaqla, cəmi 460 manat aliment tutularaq tələbkar Əliyeva (Əmənova) Əfsanə Ağagül qızına ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə sabiq böyük icra məmuru Hikmət Maqsudov tərəfindən icraata başlanmış, müvafiq olaraq tərəflərə məlumat göndərilmişdir. İcra sənədi ilə bağlı aliment ödənişləri borclu tərəfindən qeyri-müntəzəm olaraq həyata keçirilmişdir. İcra sənədi xx.xx.2025-ci il tarixdə onun icraatına verilmişdir. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu inzibati məsuliyyət tədbirindən sonra müxtəlif tarixlərdə 500 manat, 700 manat məbləğlərində ödənişlər etmiş, sonuncu dəfə dekabr ayında 700 manat ödəniş etmişdir. Həmçinin borclu 26 may tarixində 5700 manat ödəniş etmişdir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla müraciət olunmuş, məhkəmənin qərardadı ilə təqdimat təmin edilmişdir. Hazırda borclunun 21650 manat aliment borcu vardır. Borclunun gəlir məlumatları hər ay yoxlanılır. Lakin borclunun gəliri, adına hər hansı əmlak aşkar edilməmişdir. Borclunun atası hər ay edilən ödəniş qəbzlərinin surətini təqdim etmişdir. O, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin barəsində qanunvericilikdə nəzərdə tutulmuş ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək qeyd olunan maddə ilə özünü təqsirli bilməmişdir. Belə ki, aliment təyin olunandan sonra uşaqlara hər ay ərzaqla, paltarla köməklik göstərmişdir. O, torpaq sahəsini satıb borcundan bir dəfə olmaqla 5000 manat ödəniş etmişdir. Hazırda fəhlə işləyir, başqa əmlakı yoxdur. Borcu 2026-cı ilin yay aylarına kimi tam ödəyib bağlayacaqdır. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs izahat verərək qalan aliment borcunu tələb etdiyini bildirmişdir. Borclunun bağı var, borcu ödəyə bilər. Aliment təyin olunandan sonra borclu ilə birlikdə yaşamamışlar. O, 3-cü qrup əlildir və müəllimə işləyir. Lakin 4 uşağı saxlamaqda çətinlik çəkir. Uşaq 4 aydır borclunun yanındadır, uşaq ona müraciət edib ki, ona şiddət göstərildiyi üçün atasının yanından götürsün. O, qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin müdafiəçisi bildirmişdir ki, Şəxs Rusiya Federasiyasında yaşamış və məhkəmənin qətnaməsi qəbul olunan zaman Şəxs məlumatı olmamışdır. Rusiya Federasiyasından qayıdandan sonra məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati həbs olunmuş, həbsdən çıxandan sonra 20 may 2025-ci i tarixdə 5760 manat ödəniş etmişdir. Borclunun zərərçəkmiş şəxsə etdiyi ödənişlərin hamısını zərərçəkmiş şəxs etiraf etmir, ödənişlər barədə hazırda çıxarışlar əldə etmişlər və şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra 10700 manat ödəniş etmişdir. Uşaqlardan biri 7 aydır ki, atasının yanında olmasına baxmayaraq, həmin uşağa görə də Şəxs aliment tutulur. Hazırda Prokurorluqda şikayət materialı, yəni uşağa təcavüz edilməsi araşdırılır. Həmçinin borclu vəd edir ki, yay aylarında borcunu tam şəkildə ödəyəcəkdir. Buna görə də İXM-nin 528.1-1-ci maddəsini tərkibi yoxdur. Şəxs işləmədiyi halda 10000 manatdan artıq ödəniş etmişdir. Şəxs yenidən ailə həyatı qurmuşdur. O, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasına tədqiq edilmiş: - Borclu Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən 22 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə təqdim olunmuşdur. - Xaçmaz rayon məhkəməsinin 2(067)-392/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X5. xx.xx.2014cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 12 dekabr 2019-cu il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 115 manat olmaqla, cəmi 460 manat sabit pul şəklində aliment alınaraq X6 verilməlidir. - xx.xx.2020-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 tərəfindən 2(067)-392/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası haqqında bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmişdir. - X1 Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə verdiyi “Ərizə”dən müəyyən edilir ki, həmin tarixə 22.350 manat aliment borcu vardır.Aliment borcunun ödənilməsi istiqamətində zəruri icra tədbirlərinin görülməsini xahiş etmişdir. - Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Xaçmaz RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, icra vərəqəsinin real icrasını təmin etmək məqsədi ilə Şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə dəvət olunmuş, o, halhazıradək heç bir üzürlü səbəb göstərmədən bildirişə və çağırışlara gəlməmişdir. Odur ki, Şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə gətirilməsinə köməklik göstərilməsinə göstəriş verilməsini xahiş etmişdir. - xx.xx.2025-ci il tarixli “Xəbərdarlıq” barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmişdir. - Xaçmaz rayon məhkəməsinin 8(067)-551/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından müəyyən edilir ki, borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən müəyyən edilir ki, borclu tərəfindən tələbkarın xeyrinə 05 may 2023-cü il tarixdən sonrakı müddət ərzində ümumilikdə 10706 manat məbləğində ödənişlər olunmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd edir ki, icra məmurunun istinad etdiyi Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranmasıüçün aşağıdakı hallar müəyyən olunmalıdır: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Qeyd olunan hallara istinad edərək, bir daha bu nəticəyə gəlinir ki, Şəxs əməlində inzibati xətanın tərkibi mövcud deyildir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati xəta kimi müəyyən edilmişdir. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin bir il ərzində hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn və subyektiv tərəfin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Materiala əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Şəxs tələbkara olan aylıq aliment öhdəliyini icra etməklə yanaşı aliment borcundan da ödənişlər edir, aliment borcunu qalan hissəsini isə yaxın zamanda ödəyəcəyinə söz verir. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, tərtib olunmuş inzibati protokolda inzibati xətanın nədən ibarət olası, icra sənədinin üzrsüz yerinə yetirilməməsi, inzibati xəta törədən şəxsin hərkətlərinin qərəzliliyinin nədən ibarət olması öz əksini tapmamışdır. Həmçinin, icra məmuru tərəfindən aliment öhdəliyinin davam edən öhdəlik olması və borclunun artıq həmin aliment borcundan müəyyən ödənişlər etdiyini nəzərə alınmadan inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Belə ki, icra məmuru tərəfindən borclu X8 İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi ilə bağlı İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin Borclu Şəxs icra sənədi üzrə ödənişlər etməsi onun icra sənədindəki tələbin icrasından yayınmağa çalışmadığını göstərir. İXM-in 528.1-1-ci maddəsi ilə məsuliyyət icra sənədindəki tələbin icra edilmədiyi bütün hallar üçün yox, yalnız İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi ilə bağlı, yəni, icra sənədindəki tələbin üzrsüz səbəbdən, qərəzli olaraq, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə yaranır. Hazırkı halda isə Şəxs hərəkətlərində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə bir il ərzində təkrar icra edilməməsi faktı aşkar edilməmiş, borcluya ümumiyyətlə rəsmi xəbərdarlıq göndərilməmiş, ona yalnız bir dəfə məhkəməyə təqdim edildiyi gün, yəni, xx.xx.2025-ci il tarixdə formal olaraq xəbərdarlıq məktubu verilmişdir. Bundan əlavə borclu hər hansı rəsmi və ya şifahi xəbərdarlığa ehtiyac olmadan tələbkara olan aylıq aliment öhdəliyini icra etməklə yanaşı aliment borcundan da ödənişlər etmişdir., Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Belə olduğu təqdirdə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Yəni barəsində protokol tərtib edilmiş hazırkı şəxs İXM-nin 528.1-1-ci maddəsindəki inzibati xətanı törədən subyekt deyildir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: xx xxxxxx 1988-ci ildə Xaçmaz rayonu Ağyazı kəndində anadan olmuş Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar