Məhkəmə qərarları › İş №3(067)-1921/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1921/2025

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1921/2025 23.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, X1 Ekologiya və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X4 məhkəməyə müraciət edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarını ləğv edərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə 5 saylı RMTM-nin Xaçmaz meşəbəyliyinin 1 saylı dolayın ərazisindən qanunsuz olaraq kol-kosun kəsilməsinə görə 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd olunan ərazidə otlaq sahədə o, hər-hansı ağac, kol-kos kəsilmədən yalnız ot biçmişdir bu ot biçmə ta qədim zamanlardan mal heyvanları otarmaq məqsədi ilə kəsilib və bunun ana təbiətiə zərəri olmayıb. Lakin vəzifəli şəxs əməlində inzibati xəta tərkibi olmadığı halda onu inzibati məsuliyyətə cəlb etməklə barəsində 700 (yeddi yüz) manat məbləğində cərimə etmişdir. O, ürək və böyrək xəstəsidir, ailəsini alın təriylə dədə baba qaydasında ana təbiətə zərər yetirmədən ot biçib heyvanını yedirib çətinliklə dolanır. Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları meşə ərazisində ot biçməyini deyil kol-kosu təmizləməyini qeyd edərək barəsində əsassız və qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib etmişdilər. Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilk növbədə hansı kolun-kosun kəsildiyini öyrənməli və İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun prosessual qaydalara riayət etməklə qanuni tədbirlərini görməlidirlər. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar əsassız şəkildə qəbul edilmişdir. Vəzifəli şəxs işi aydınlaşdırmadan, inzibati araşdırma aparmaq zəruriyyəti tələb olunduğu halda inzibati araşdırma aparmadan kor təbii öz fərziyəsinə əsasən “inzibati xəta haqqında” protokol tərtib etmiş və həmin protokolun əsasında “inzibati tənbeh vermə haqqında" qərar qəbul etmişdir. Ona görə də qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 şikayəti qəbul etməyərək izahatında göstərmişdir ki, araşdırma aparılan zaman aşkar edilmişdir ki, X4 qanunsuz olaraq meşə ərazisində kol-kosu kəsərək ziyan vurmuşdur. Şəxs müəyyən etdikdən sonra akt tərtib edilmişdir. X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə inzibati xəta törətmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən X5 izahatında göstərmişdir ki, araşdırma aparılan zaman həqiqətən də müəyyən olundu ki, X4 qanunsuz olaraq meşə ərazisində kol-kosu kəsərək ziyan vurmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan inzibati tənbeh verilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarından müəyyən olunur ki, X4 Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsinin tələblərini pozduğuna görə 700 manat inzibati cərimə edilmişdir. Bu fakt tərtib olunmuş akt, fotoşəkillər və digər sənədlərlə təsdiqini tapmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar şəxsin özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. İş materiallarına əlavə edilmiş fotoşəkillər, qərar, akt və izahatlardan müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, X1 şikayəti əsassız olduğundan rədd edilməlidir. X4 xx.xx.2025-ci il tarixində Xaçmaz meşəbəyliyinin 1 saylı dolayından qanunsuz olaraq kol-kosu təmizləmişdir. Bununla bağlı kifayət qədər mötəbər sübutlar var və bunu şikayətçi özü də təkzib etmir. Şikayətçi baş verən inzibati xətanı törətmədiyini, yalnız heyvanları üçün ot yığdığını bildirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X1 barəsində qəbul olunmuş inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : X1 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar