Məhkəmə qərarları › İş №3(067)-193/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-193/2022

18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-193/2022 18.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 iştirakı ilə, 14.03.1988-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri N.Nərimanov küçəsi 78 saylı evdə yaşayan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 barəsində Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, 17.01.2022-ci il tarixdə Xaçmaz şəhəri Bakı prospektində yerləşən bazarda yoxlamanın aparılması nəzərdə tutulmuş lakin sahibkar X7 yoxlama barədə sənədləri qəbul etməmiş, yoxlamanın aparılması üçün şərait yaratmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokolu tərtib edilmiş şəxs izahat verərək bildirmişdir ki, o, fiziki şəxs olaraq iri və xırda buynuzlu heyvanların satışı ilə məşğuldur. X3 əməkdaşları tərəfindən ona ərazidə yoxlama aparılması barədə bildiriş verilməmişdir. Həmçinin bu barədə ona şifahi müraciətləri də olmamışdır. Bundan başqa sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq ondan həmin idarə əməkdaşları tərəfindən heç bir sənəd tələb edilməyib. Hesab edir ki, barəsində qərəzli olaraq inzibati xəta haqqında protokol tərtib edilib. Əlavə olaraq bildirdi ki, onun heç bir işçisi yoxdur. Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin nümayəndəsi məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası X3 nümayəndəsi protokolun əsaslı olduğunu bildirərək tənbeh tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 13, 14 və 17 yanvar 2022-ci tarixli aktlarda qeyd olunmuşdur ki, Xaçmaz şəhəri Bakı prospekti ünvanında fəaliyyət göstərən vəzifəli şəxs X1 fəaliyyəti ilə məşğul olduğu iribuynuzlu və xırdabuynuzlu heyvanların satışı bazarında baxış keçirilməsi üçün şərait yaradılmamışdır. Belə ki, sahibkar müvafiq yoxlama sənədlərini (qərar və çıxarış) yoxlayıcılardan qəbul etməmiş, əsaslı səbəblər olmadan yoxlamanın aparılması üçün şərait yaratmamışdır. Qeyd olunan aktlardan isə müəyyən olunur ki, həmin aktlar yalnız X3 əməkdaşları tərəfindən imzalanmışdır. İş materiallarında olan 12 yanvar 2022-ci il tarixli sahibkalıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Qida X2 X8 şəhəri Bakı prospekti ünvanında nəzarət qaydasında plandankənar (növbədənkənar) yoxlama keçirilməlidir. İşdə materiallarında olan 12 yanvar 2022-ci il tarixli XYQ-020 saylı qərardan görünür ki, fiziki şəxs X1 fəaliyyəti ilə məşğul olduğu obyektdə yoxlamaya 13.01.2022ci il tarixdə başlanmalı, 17 yanvar 2022-ci il tarixdə başa çatmalıdır. İş materiallarından isə müəyyən olunur ki, yoxlama aparılmasına dair qərar X5 təqdim olunmamış və yaxud da rəsmi şəkildə göndərilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının İXM-nin 101.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Hazırkı iş materiallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmamış, hüquq və vəzifələri izah edilməmiş, protokolun surəti ona verilməmiş və yaxud da göndərilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; 61.1.9. yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq.i 61.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. 61.3. İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 61.4. İnzibati xəta haqqında işə baxarkən hakim, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab edə bilər. 61.5. İnzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. 61.6. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən işin hallarının müzakirəsi yetkinlik yaşına çatmayanlara mənfi təsir göstərə biləcəyi hallarda, onlar müvəqqəti olaraq işdə iştirakdan kənarlaşdırılırlar. Bundan başqa, Azərbaycan Respublikasının İXM-nin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539 - 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Qeyd olunan hüquq normasından da göründüyü kimi, bu Məcəllənin 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539 - 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Bundan əlavə, Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Hazırkı iş materiallarından müəyyən olunur ki, protokol vəzifəli şəxs barəsində tərtib olunsa da, X4 vəzifəli şəxs olmasını təsdiq edən hər hansı bir sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar