Məhkəmə qərarları › İş №3(067)-195/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-195/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-195/2025 22.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs iştirakı ilə, xx xxxxx 2000-ci ildə Xaçmaz rayonu, Müşfiq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonu, Müşfiq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : 26 dekabr 2024-cü il tarixdə Şəxs idarəetmə hüququ və sığortası olmadan idarə etdiyi «BMW 320» markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xaçmaz şəhəri, Nəriman Nərimanov prospektində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməyərək hərəkətdə olmuş və nəticədə «KİO RİO» markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı, «LADA GRANTA» markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı, «OPEL ASTRA» markalı, **- RA-*** dövlət qeydiyyat nişanlı, «VAZ 1193» markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı və « OPEL ASTRA» markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dəyərək yol nəqliyyat hadisəsinin törənməsinə səbəb olmuşdur. Hadisə nəticəsində avtomobillərə ziyan dəymişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kapitanı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, 26 dekabr 2024-cü il tarixində saat 23:00 radələrində sürücü Şəxs idarə etdiyi «BMW 320» markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xaçmaz şəhəri N.Nərimanov prospekti ilə üzü Vağzal küçəsində saatda 90-100 km/saat sürətlə hərəkət olarkən qarşısına piyada çıxması səbəbindən avtomobilin sükanını sərt sola çevirib, sağa çevirmişdir. Maneədən qaçdıqdan sonra sərt sola çevirmək istəyərkən avtomobil dönməmiş və dayanmış vəziyyətdə olan avtomobillərə dəyərək yolun hərəkət hissəsində qalmışdır. Hadisə nəticəsində 4 avtomobilə ziyan dəymişdir. Şəxs avtomobili idarə etmək hüququ olmadan və avtomobilin sığortası olmadan sənədsiz şəkildə idarə edib. Bununlada Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta törədilmişdir. İnzibati xəhaqqında protokol tərəfimdən tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törədilmiş inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, sürücülük hüququnun məhdudlaşdırılması barədə xəbəri olmamışdır. Hadisə zamanı 4 avtomobilə dəymişdir. Digər avtomobillərə dəyən ziyan məbləğlərini ödəmiş və razılaşmışlar. Bir zərərçəkmiş isə pul istəyir. Avtomobili aylıq kredit ödəməklə almışdır. Barəsində həbslə əlaqədar olmayan cəza növünün təyin edilməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, tərtib olunmuş inzibati xəta haqqında 18 yanvar 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-ol mamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini və törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehlərdən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar