Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-2/2022 06.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Şikayət verən şəxs X2 nümayəndəsi Nümayəndə2, Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Şimal Ərazi Baş Gömrük İdarəsinin 05 mart 2021-ci il tarixli, MN 01400/0282 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəm iclasında baxaraq, m ü ə y y ə n e t d i : Şimal Ərazi Baş Gömrük İdarəsinin 05 mart 2021-ci il tarixli, MN 01400/0282 saylı qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 20000 manat dəyərində valyutanın 50 %-i miqdarında, yəni 10000 manat cərimə edilmişdir. X3 qərardan şikayət verərək, Şimal Ərazi Baş Gömrük İdarəsinin 05 mart 2021-ci il tarixli, MN 01400/0282 saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, qərarda göstərilən bəyənnamələr üzrə vəsait bank hesabına köçürülmüşdür. Belə ki, həmin vəsait bəyənnamə üzrə 2634.47 ABŞ dolları pul mal alan “Marti Frut”un törəmə şirkəti olan “Best Frut” tərəfindən ödənilmiş və bu barədə 20 sentyabr 2019-cu il tarixli üç tərəfli akt və digər yazışmalar mövcuddur. Məhkəmə iclasında şikayətçinin nümayəndəsi şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini və Şimal Ərazi Baş Gömrük İdarəsinin 05 mart 2021-ci il tarixli, MN 01400/0282 saylı qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, pul vəsaiti Elçin Aslanovun bank hesabına 180 gün ərzində köçürülüb. Bu hal bank hesabından çıxarışlar da, sübut edir. Məhkəmə iclasında Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi izahatında göstərmişdir ki, pul vəsaiti Elçin Aslanovun bank hesabına köçürülsə də, həmin pulun təyinatı müəyyən edilməmişdir. Bundan sonra isə Elçin Aslanov məsuliyyətdən yayınmaq üçün bəyannamələri gec də olsa, yəni 28.10.2021-ci il və 02.11.2021-ci il tarixdə banka təqdim edib. Bu hal isə həmin şəxsi inzibati məsuliyyətdən azad etmir. Bundan başqa, nümayəndə əlavə olaraq bildirmişdir ki, o, bildirmişdir ki, hazırkı iş üzrə inzibati tənbeh vermə haqqında qərarın gec, yəni 05 matr 2021-ci il tarixdə qəbul edilməsi üzrlü səbəbdən baş vermişdir. Belə ki, bu tipli inzibati xətalar üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən 17 may 2021-ci il tarixli qərar qəbul edilənədək, idarə tərəfindən bu tipli işlər üzrə icraat aparılması dayandırılmışdır. Qeyd olunanlara əsasən şikayətin təmin olunmamasına xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(103)-547/21 nömrəli 19.10.2021-ci il tarixli qərarına əsasən, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 3(067)-540/2021 saylı qərarı ləğv edilərək iş yenidən baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən apellyasiya şikayətində göstərilən xüsusatların və şikayətə əlavə edilmiş sənədlərin səhihliyi, yəni “Marti Frut” şirkətinin törəmə müəssisəsi olan “Best Frut”-un göndərilən malın pulunu ödəyib-ödəməməsi, habelə inzibati məsuliyyətə cəlb etmə müddətinin üzrsüz səbəbdən keçirilib-keçirilməməsi tərəflərin iştirakı ilə araşdırılaraq iş üzrə obyektiv nəticə verilməlidir. Hazırkı, məhkəmə baxışında Apellyasiya instansiya məhkəməsinin qərarında qeyd olunan göstərişlər, həmçinin işin digər halları tərəflərin iştirakı ilə araşdırılmışdır. Belə ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin 05 mart 2021-ci il tarixli, MN 01400/0282 saylı inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 20000 manat dəyərində valyutanın 50 %-i miqdarında, yəni 10000 manat cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş ləğv prosesində olan "xxxx" ASC-nin hesabdan çıxarışlarının surətindən müəyyən olunur ki, e-gömrük bəyannamələri 28.10.2021-ci il və 02.11.2021-ci il tarixlərdə banka təqdim olunmuşdur. Qeyd olunan sənədlərdən də, göründüyü kimi, e-gömrük bəyannamələri 28.10.2021-ci il və 02.11.2021-ci il tarixlərdə təqdim olunmaqla X2 bank hesabına əvvəlcədən köçürülmüş pul vəsaitinin hansı təyinat üzrə köçürüldüyü barədə məlumat 28.10.2021-ci il və 02.11.2021-ci il tarixlərdə banka təqdim olunmuşdur. Göründüyü kimi, X2 bank hesabına əvvəlcədən köçürülmüş pul vəsaitinin hansı təyinat üzrə köçürüldüyü barədə məlumat banka uzun müddət keçdikdən sonra, yəni Şimal Ərazi Baş Gömrük İdarəsinin 05 mart 2021-ci il tarixli, MN 01400/0282 saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul edildikdən sonra təqdim olunmuşdur. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, X3 barəsində inzibati məsuliyyətə cəlb etmə müddəti üzrlü səbəbdən ötürülmüşdür (keçirilmişdir). Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Qərardan da, göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, X3 barəsində inzibati məsuliyyətə cəlb etmə müddəti üzrlü səbəbdən ötürülmüşdür (keçirilmişdir). Bununla yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarında da, qeyd olunmuşdur ki, məhkəmələr İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Yuxarıda sadalananlara və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3, 12, 38, 43-48, 106-117, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : X3 tərəfindən Şimal Ərazi Baş Gömrük İdarəsinin 05 mart 2021-ci il tarixli, MN 01400/0282 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-2/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-2/2022
06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver