Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-211/2023 15.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1970-ci ildə Xaçmaz rayonunun Uzun-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Uzun-oba kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz rayon məhkəməsinin 22 may 2020-ci il tarixli, 2(067)-1111/2020 saylı icra sənədinə əsasən 4800 manat aliment borcunu ödəmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 22 may 2020-ci il tarixli, 2(067)-1111/2020 saylı icra sənədinə əsasən Şəxs 08 aprel 2020-ci ildən başlayaraq üç uşağın saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul şəklində aliment alınaraq X2 verilməlidir. Borclu tərəfindən alimentlə bağlı ödənişlər edilmiş, lakin lazımınca və vaxtında ödənilmədiyindən 4800 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, tələbkara üç uşağın saxlanması üçün hər ay cəmi 300 manat aliment ödəməlidir. O, tələbkara uşaqların saxlanması üçün hər ay az-az olmaqla pul ödəmişdir. Ona görə də onun qeyd olunan məbləğdə aliment borcu yaranmışdır. Alimenti hər ay tam məbləğdə ödəməməsinin səbəbi işsizliyi, maddi imkanı ilə bağlı olmuşdur. O, uşaqlarının saxlanılmasından boyun qaçırmır, borcu olduğunu başa düşür. İmkanı çatdığı məbləğdə uşaqları üçün aliment ödəmişdir. Həmçinin bildirmişdir ki, hazırda onun alimentlə bağlı ödəniş etməyə maddi imkanı yoxdur. Barəsində cərimə inzibati tənbehinin təyin edilməməsini, həbs inzibati tənbehinin təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Məhkəmə iclasında zərərçəkən şəxs izahatında bildirmişdir ki, borclu Şəxs alimentlə bağlı ödənişləri ona çətinliklə ödəyir. Belə ki, borclu alimenti az miqdarda olmaqla, o, sonuncuya zəng edərək tələb etdikdən sonra ödəyir. Həmçinin bildirmişdir ki, borclunun barəsində həbs inzibati tənbehin təyin edilməsini istəmir. İş materiallarından görünür ki, 22 may 2020-ci il tarixli, 2(067)-1111/2020 saylı icra sənədinə əsasən Şəxs 08 aprel 2020-ci ildən başlayaraq üç uşağın saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul şəklində aliment alınaraq X2 verilməlidir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1970-ci ildə Xaçmaz rayonunun Uzun-oba kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 15 fevral 2023-cü il tarixdən, saat 16:50-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-211/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-211/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver