Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-219/2025 23.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxs Kayxiyeva (Səimova) Aygül Rəşid qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs iştirakı ilə xx xxxx 1983-cü ildə Xaçmaz şəhərində anadan olmuş, subay, işləyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2ayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokola əsasən məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4565/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə borclu Şəxs 7810 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında çıxış edən icra məmuru bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4565/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 3 uşağın saxlanması üçün 05 sentyabr 2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 600 manat məbləğində aliment tutularaq tələbkar X4 ödənilməlidir. Hazırda Şəxs 7810 manat məbləğində aliment borcu vardır. Əlavə olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədirlərin görülməsini məhkəmədə xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs verdiyi izahatda özünü təqsirli bildiyini qeyd edərək bildirdi ki, 05 dekabr 2022-ci il tarixədək Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizliyi Xidmətində işləmişdir. Həmin vaxta kimi hər ay əmək haqqından 600 manat tələbkarın xeyrinə ödənişləri etmişdir. Lakin o müəyyən səbəblərə görə işdən çıxarılmış və işləmədiyi üçün ödənişlərin müəyyən qismini ödəmişdir. Bunun nəticəsində aliment borcu yaranmışdır. Hazırda işləyir və 2024-cü ilin noyabr ayından əmək haqqının hər ay 70 faizinə yönəldilərək 2024-cü ilin dekabr ayından tələbkarın hesabına ödənilir. Yaranmış aliment borcundan hal-hazırda 4000 (dörd) min manat məbləğində ödəniş etmək istəyir. Həmçinin ödənilməmiş qalıq aliment borcunu isə hissə-hissə ödəmək fikrindədir. Çünki hazırda işlədiyi işdə ona 6 aylıq sınaq müddəti təyin olunmuşdur. Sınaq müddəti bitdikdən sonra filial müdiri vəzifəsinə təyin olunmaqla aylıq 1200 manat əmək haqqı olacaqdır. O, hər ay 600 manat məbləğində aliment ödənişindən əlavə ödənişlər etməklə yaranmış aliment borcunu da bitirmək fikrindədir. Lakin bir neçə ay vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs verdiyi izahatında bildirdi ki, borclu işlədiyi dövrdə əmək haqqından 900 manat pul ödəməli halda 600 manat məbləğində pul ödənişləri etmişdir. Bütün bunlar aliment borcunun yaranmasına səbəb olmuşdur. O, müəllimə işləyir və 650 manat məbləğində əmək haqqı vardır. Lakin qızının çənə sümüyünün əməliyyat olunması üçün 5000 min manat məbləğində pul lazım olduğunu bildirmişdir. Oğlunun isə ayağının altı düz olduğu üçün zəruri ləvazimata 300 manat pul vermişdir. Lakin borclu uşaqlarının xərcləri ilə maraqlanmamışdır. Hal-hazırda borclu ödəniş etdiyi üçün və qalıq qalan aliment borcunu da ödəyəcəyinə söz verdiyi üçün heç bir şikayəti və ya tələbi yoxdur. İş materiallarında olan və məhkəmə iclasına tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən 23 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4565/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)- 2385/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin alınması üsulu dəyişdirilərək, cavabdeh Şəxs 02 oktyabr 2008-ci il təvəllüdlü X6, 02 fevral 2010-cu il təvəllüdlü X2 və 13 mart 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment, mediasiya prosesində ödənilmiş 50 manat rüsum tutularaq iddiaçı X4 ödənilməlidir. - xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X8 tərəfindən 2(103)-4565/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuşdur. - xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası barədə bildiriş, xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli xəbərdarlıqlar borcluya təqdim edilmişdir. - xx.xx.2025-ci il tarixli və xx.xx.20225-ci il tarixlərdə borclunun Xaçmaz rayon İcra və Probasiya şöbəsinə verdiyi izahatlardan müəyyən edilir ki, borclu həmin tarixədək 1790 manat ödəniş etmişdir. Lakin hazırda maddi imkanı yaxşı olmadığından icra sənədi üzrə tələbi tam şəkildə icra etməmişdir. - Borclu barəsində məlumatları elektron sorğulanması sənədlərindən onun adında hər hansı əmlak və ya gəlir məlumat müəyyən edilməmişdir. - Məhkəmə iclas zalında borclu tərəfindən ödəniş edilməsi barədə icra məmurunun tərtib etdiyi xx.xx.2025-ci il tarixli “Akt”dan müəyyən edilir ki, borclu Şəxs 4000 (dörd min) manat məbləğində tələbkarın xeyrinə ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd edir ki, icra məmurunun istinad etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Qeyd olunan hallara istinad edərək, bir daha bu nəticəyə gəlinir ki, Şəxs əməlində inzibati xətanın tərkibi mövcud deyildir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclas zalında borclu Şəxs yaranmış aliment borcundan 4000 (dörd) min manat məbləğində ödəniş edərək qalıq qalan aliment borcunun isə bir neçə ay sonra hissə-hissə olmaqla ödənişlər edəcəyinə dair vədi və bundan sonra zərərçəkmiş şəxsin hazırkı halda şikayətinin olmadığını bildirməsi, barəsində inzibati xəta haqında icraat aparılan şəxsin əməli qərəzli olaraq törətmədiyini həmçinin, İXM-in 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş “..üzrsüz səbəbdən..” şərtinin ödənilməməsi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını nümayiş etdirir. Qeyd olunan əsasa görə Şəxs barəsində olan hazırkı iş üzrə icraata xitam verilməlidir. Həmin əsas inzibati məsuliyyəti istisna edir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Belə olduğu təqdirdə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Yəni barəsində protokol tərtib edilmiş hazırkı şəxs İXM-nin 528.1cimaddəsindəki inzibati xətanı törədən subyekt deyildir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53cümaddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: xx xxxx 1983-cü ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-219/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-219/2025
23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver