Məhkəmə qərarları › İş №3(067)-243/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-243/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-243/2025 28.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə 24 avqust 2004-cü ildə Quba rayonunun Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Xaçmaz rayonunun Müşkür kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 28 yanvar 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir ondan ötrü ki, 27 yanvar 2025-ci il tarixdə Xaçmaz rayonu, Müşkür kənd sakini X5 tərəfindən Azərbaycan Respublikası DİN “102” xidmətinə oğlu Şəxs evdə ailə məişət zəmnində mübahisə edərək özünün bacısını və anasını döyməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu hadisə yerinə getmiş, Şəxs nizam-intizama dəvət edərək, Xaçmaz rayon Polis Şöbəsinə dəvət etsələr də, o, ailəsinin ünvanına yüksək səslə nəlayiq ifadələr işlədərək hərəkətlərini davam etdirmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati XətalarMəcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2 izahatında göstərmişdir ki, 27 yanvar 2025-ci il tarixdə Xaçmaz rayonu, Müşkür kəndində yaşayan X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti -zəng mərkəzi sisteminə zəng edərək oğlu Şəxs bacısını və anasını döyməsi barədə məlumat vermişdir. Həmin məlumat əsasında Xaçmaz RPŞ-nin əməkdaşları həmin ünvanda olarkən Şəxs küçədə yüksək səslə qarşı tərəfin ünvanına nalayiq söyüşlər söymüşdür. Polis əməkdaşları şəxsi nizam-intizama dəvət etsə də, o bunlara məhəl qoymamışdır. Şəxs polis əməkdaşları tərəfindən RPŞ-yə dəvət olunsa da o, tabesizlik göstərərək yenidən ailə üzvləri ilə münaqişə edərək üzərilərinə yeriməyə başlamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, əməlindən peşman deyildir. O, bir dəfə bacısını xəbərdar etmiş, o, isə onun sözlərinə məhəl qoymamışdır. Həmin günü çox əsəbləşmişdir və onu döymüşdür. Bacısının cəzasını aldığını və bunun ona dərs olduğunu düşünür. O da öz cəzasını alacaqdır. O, polis əkdaşlarını söyməmişdir, sadəcə onu Polis Şöbəsinə aparmaq istəyərkən getməyəcəyini bildirmiş və qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, 27 yanvar 2025-ci il tarixində qızı ilə oğlu Sahil mübahisə etmişlər və sonradan Sahil qızını döyməyə başlamışdır. Onların telefonlarını əllərindən alıb həyətə çıxmış, atasına görüntülü zəng edərək qızını döydüyünü demişdir. Bundan sonra polis əməkdaşları gələrək oğlu Sahillə həyətdə danışmış, sonra Sahili götürüb aparmışlar. Qızı nişanlıdı və nişanlısı ilə şəkil çəkərək paylaşım etmiş, oğlu Sahild ə bundan əsəbləşərək onu döymüşdür. Həyat yoldaşı “102” xidmətinə zəng vurub məlumat vermişdir. Polislər Sahili aparmağa gələndə oğlu Sahil həyətdə idi və onlarla necə danışmağından xəbəri olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 28 yanvar 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halı, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 28 yanvar 2025-ci il tarixli, № 60 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 28 yanvar 2025-ci il tarixdə, saat 00:15 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 28 yanvar 2025-ci il tarixdən, saat 00:15-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin 28 yanvar 2025-ci il tarixdən, saat 00:15-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar