Məhkəmə qərarları › İş №3(067)-256/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-256/2024

19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-256/2024 19.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, X1 nümayəndəsi Nümayəndə1, Qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndələri Nümayəndə2 və X5 İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı Regional X15 nümayəndəsi X5 iştirakları ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis müavini X13 17 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X8 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə 700 manat məbləğində cərimə edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 17 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi X17 tərəfindən onunla əsaslandırılmışdır ki,o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 17 yanvar 2024-cü il tarixli, MN ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsinə əsasən 700 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarın surətinin ona poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə göndərilmiş, xx.xx.2024-cü il tarixdə həmin qərar ona çatmış və şikayət vermə müddətini keçməmişdir. Həmçinin şikayət ərizəsinə əlavə olaraq qeyd olunmuşdur ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehin tətbiq edilməsi haqqında 17 yanvar 2024-cü il tarixli, MN ******* saylı qərarında inzibati xəta haqqında qərar qəbul edilməsinə səbəb kimi göstərilir: “5saylı RMTM-nin Xaçmaz meşəbəyiliyinin 3 saylı dolayının ərazisində qanunsuz olaraq 22 ədəd yaş köküstü ağacları kəsməklə kol-kosdan təmizləmişdir. Bununla bağlı tərəfindən Xaçmaz RPŞ-nin İB-nə şikayət verilmiş, həmin iş üzrə geniş çərçivəli araşdırma aparılmış, həmin 22 ədəd ağac yaş köküstü ağacların kəsilməsi ilə heç bir əlaqəsi olmadığı üzə çıxmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, onun o ağacların kəsilməsi ilə əlaqəsi olmamış, ona inzibati tənbeh vermə haqqında cərimənin yazılması əsassız olmuşdur. Şikayətçinin nümayəndəsi Nümayəndə1 şikayət ərizəsini müdafiə etməklə, göstərilənləri təsdiq edərək, əlavə olaraq izahatında göstərdi ki, iş üzrə istintaq aparılmasına və müstəntiqin məktubu verilməsinə baxmayaraq, istintaqın nəticəsini gözləmədən inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. O, İXM-nin 61.3-cü maddəsinə əsasən X8 hüquqlarının pozulduğunu bildirmişdir. Belə ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatətlər rədd edilmiş olsun. Düzdür 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsindən bildiriş təqdim olunmuşddur, lakin o, müstəntiqin ağac kəsmə ilə bağlı istintaqın aparılması barədə məktubu 17 yanvar tarixdə həmin idarəyə təqdim edilərək bildirilmişdir ki, istintaqda araşdırılma aparıldığı təqdirdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilə bilməz. İXM-nin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud, maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və s. maddələr üzrə inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və s. digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Rasim Mütəllimovun orada işləyən şəxslərə rəhbərlik etdiyi üçün yalnız onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunub. Həmin ərazidə 1 böyük ağac kəsilərək qol-budağı budanmışdır. Həmçinin özlərinin də dediyinə görə cəmi 5-6 ağac kəsilmişdir. Əlavə olaraq bildirmişdir ki, 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsiX17nu inzibati tənbeh vermə haqında qərara əsasən 700 manat məbləğində cərimə etmişdir. Qərarda 22 yaş köküstə ağacın kəsliməklə kol-kosdan təmizlənməsi göstərilmişdir. Məhkəmə zamanı müəyyən olundu ki, əraziyə ilk gələn meşə idarəsinin əməkdaşı Səməndər adlı şəxs olmuş və 5-6 ağacın kəsildiyini bildirsə də ,qərarda 22 ağacın kəsilməsi qeyd olunmuşdur. Lakin 22 ağacın mövcudluğundan söhbət gedə bilməz. O, oraya getdiklərində Quba rayon sakinləri olan tanımadığı şəxslər tərəfindən ağacları kəsdiklərini görmüş və şəxsən onları saxlayaraq polis şöbəsinə dəvət etmələrini, şəxsiyyətlərini müəyyən etmələrini təklif etsə də, meşə idarəsi əməkdaşları şəlahiyyətləri olmadığını bildirərək əvəzinə Rasim Mütəllimovu cərimə etmişlər. İş istintaqda araşdırıldığından inzibati tənbeh vermə haqqında qərar qəbul edilməyərək gözlənilməsi barədə arayış təqdim olunmasına baxmayaraq, İXM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Qərar qəbul edilərkən sübutlara istinad edilməmişdir. O, bildirmişdir ki, Səməndər adlı şəxs tərəfindən şəkillər çəkilmişdir, lakin ağacların onlar tərəfindən kəsildiyi görülməmişdir. Ağacları digər şəxslər kəsmişlər və motorlu mişarlar da əllərində olmuşdur. Hadisə 6 yanvar tarixdə olub, lakin akt 7 yanvar tarixdə tərtib edilmişdir. 07 yanvar tarixdə meşə idarəsinin əməkdaşları aktı imzalamaq üçün onları dəvət etsələr də, o, polisə müraciət etmələrini bildirmişdir. Buda müddətin pozulmasıdır ki, hadisənin 6 yanvar tarixdə olmasına baxmayaraq,akt həmin gün deyil, 7 yanvar tarixdə tərtib edilmişdir. X24 tərəfindən kəsilməsi sübuta yetirilmədiyindən ərizənin qismən təmin edilməsi, işə xitam verilərək araşdırılması üçün aidiyyəti orqana göndərilməsi haqqında qərar qəbul olunması məhkəmədən xahiş olunmuşdur. Həmçinin, əvvəlki məhkəmə iclasında şikayətçinin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, həmin meşə ərazisi nəzarətsizdir, bir neçə dəfə orada müxtəlif şəxslər tərəfindən qanunsuz bitkilər əkilib-becərilmiş, həmin ərazi baxımsız və yarasız hala salınmışdır. Lakin onlar qeyd olunan meşə ərazisini öz ərazisinin infrastrukturuna zərər vurduğu üçün lazımsız tullantılardan və əkilib-becərilməsi qadağan olunan bitkilərdən təmizləmişlər. Qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə2 şikayəti qəbul etməyərək izahatında göstərdi ki,İXM-nin 253.1-ci maddəsinə əsasən meşə fonduna daxil olan ağacların kəsilməsi və məhv edilməsindən söhbət gedir. Ekspertiza keçirilmir, çünki kəsilən ağaclar fakt olaraq göz önündə olmuşdur. Belə ki, Nazirlər Kabinetinin müvafiq hesablama barədə qərarları vardır ki, X15 mütəxəssisi hətta hüquq mühafizə orqanları tərəfindən müraciətlər olduqda rəy verir və ekspertizaya ehtiyac olmur. Odur ki, kəsilən ağaclar və ağacları kəsən şəxslərə rəhbərliyi edən şəxs həmin vaxt orada olduğundan kəsən şəxslərin şəxsiyyətlərini müəyyən etməyə və həmçinin əlavə inzibati araşdırmaya ehtiyac olmamışdır. Şahidlərinin bildirdiklərinə görə Rasim Mütəllimov bu yaxınlarda dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. Şahidlərin dediyinə görə Rasim Mütəllimov meşə ərazisinə daxil olmaqla özlərinin istirahəti üçün müəyyən yer düzəlmək istəmişdir. Qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı Regional X15 nümayəndəsi X9 şikayəti qəbul etməyərək izahatında göstərdi ki, meşə idarəsinin əməkdaşı tərəfindən həmin ərazinin və kəsilən ağacların şəkilləri çəkilə bilər, lakin ağacları kəsən şəxslərin şəxsiyyət vəsiqələrini tələb edə bilməz və ya əllərindəki ağac kesmədə istifadə olunan motor və ya ləvazimatları əllərindən ala bilməz. Aktı tərtib etmək üçün 3 gün müddət vardır, bu müddət ərzində əməli törədən şəxsin şəxsiyyəti müəyyən edilir, lakin bu mümkün olmadıqda hüquq mühafizə orqanlarına müraciət olunur. Həmin yerdə hər hansı mübahisə olmadığı üçün və Rasim Mütəllimovun özü meşəyə dəymiş ziyanı ödəyəcəyini bildirdiyi üçün polisə müraciət olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında bildirmişdir ki, o, dolayın mühafizəsini təşkil edərkən həmin sözügedən ərazidə kol-kosun təmizləndiyini, ağacların budandığını görmüşdür. Həmin əraziyə getdikdə orada fəhlələr və Rasim Mütəllimov olmuşdur. Rasim Mütəllimov yaxınlaşaraq həmin ərazinin ona məxsus olmasını və fəhlələrin onun üçün işlədiklərini bildirmişdir. O, Rasim Mütəllimova qanunsuz iş gördüyünü bildirmiş və rəhbərliyinə məlumat vermişdir. Şöbə müdiri əraziyə gələrək meşə ərazisinə baxış keçirmiş və Rasim Mütəllimova izah olunmuşdur ki, meşə fonduna aid olan ağacların kəsilməsi, kol-kosdan təmizlənməsi qanunsuzdur. Daha sonra Rasim Mütəllimovun idarəyə gəlməsi bildirilmişdir, akt tərtib edilmişdir. Rasim Mütəllimov idarəyə növbəti gün gələcəyini və orada etdiyi əməlini bildirəcəyini demişdir. Həmin ərazinin və fəhlələrin şəkillərini çəkmişdir. Orada əvvəllər bu kimi hallara rast gəlinməmişdir. Həmin bağ sahəsi meşə ərazisi ilə həmsərhəddir və həmin bağ sahəsi əvvəllər əkin sahəsi kimi istifadə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X23 izahatında bildirmişdir ki, meşə idarəsinin məlumatına əsasən əraziyə baxış keçirilmiş və Rasim Mütəllimov tərəfindən kənar şəxsləri gətirərək həmin ərazidə meşə ərazisinin təmizlənməsi müəyyən edilmişdir. Lakin onların etdikləri qanunsuz hərəkətlər dərhal saxlanılsa da, bir gün sonra yenidən həmin ərazidə təmizlik işləri aparıldığı görülmüşdür. İdarənin məlumatına əsasən həmin əraziyə gedilərək araşdırma aparılmış, damğalandıqdan sonra kəsilən ağacların diametrləri ölçülmüşdür. Pay torpağı meşə ərazisi ilə həmsərhəddir. Meşə ərazisilə pay torpağı arasında qorunması zolağının olmasına baxmayaraq, buna əməl edilməmişdir. Ağac qələmləri meşə zolağına çox yaxın məsafədə əkilmişdir ki, yaxın illərdə həmin ağac qələmləri böyüyərək meşə ərazisinə daxil olub meşə fondu ağaclarının inkişafına maneə törədəcəkdir. Rasim Mütəllimov aktın tərtib edilməsində iştirak etməsi üçün meşə idarəsinə dəvət olunmasına baxmayaraq o, idarəyə getməmişdir. İnzibati xəta haqqında protokol tərtib edilərək 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Rasim Mütəllimov fəhlələr və motorlarla həmin ərazidə olmuş və bir həftə sonra ona meşəyə dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 izahatında bildirmişdir ki, təxminən 5-6 yanvar tarixdə əraziyə baxmağa getdiklərində meşə ilə sərhəddə, onlardan 80, 100 metr uzaq məsafədə səs olduğu üçün Rasim Mütəllimov həmin səs gələn yerə yaxınlaşmışdır. Həmin vaxt o və digər şahid X30 Mütəllimovun ucadan danışaraq həmin şəxsləri sorğu-sual etdiyini eşidib nə baş verdiyini maraqlanmaq üçün onların yanına getmişlər. Həmin şəxslər Quba rayonundan gəldiklərini və qış üçün ağac kəsərək odun tədarükü etdiklərini bildirdilər. Daha sonra Səməndər adlı meşə idarəsinin əməkdaşı həmin yerə gəlib nə baş verdiyini maraqlanmış və ağac kəsildiyini öyrəndikdən sonra həmin şəxsləri sorğu-sual etmişdir. Təxminən 15 dəqiqə sonra Nümayəndə1 onlara yaxınlaşmışdır. Səməndər Nümayəndə1 həmin şəxslərin ağac kəsdiklərini bildirdikdə Nümayəndə1 ona polisə müraciət etməsini demişdir. Rasim Mütəllimov əlində həmin vaxt hər hansı motorlu mişar olmamışdır. Daha sonra şəkillər çəkildi, lakin heç bir araşdırma aparılmadan və həmin kəsilən ağacların diametrləri ölçülmədən gözəyarı baxaraq çıxıb getdi. Məhkəmə iclasında şahid qismində dindirilən X18 izahatında bildirmişdir ki, yanvar ayının əvvəllərində bağ sahəsində çay içərkən aralıda tanımadığı şəxslərin ağac kəsmələrini görən Rasim Mütəllimov həmin şəxslərə yaxınlaşmışdır. Bu zaman o və digər şahid Namiq Məmmədovda nə baş verməsini öyrənmək üçün Rasim Mütəllimovun ardınca getmişlər. Tanımadıqları həmin şəxslər Qubadan gəldiklərini və qış üçün ağac kəsərək odun tədarükü etdiklərini bildirmişlər. Daha sonra Səməndər adlı meşə idarəsinin əməkdaşı gəlmiş və Rasim Mütəllimovu hədələmişdir. Səməndərin dediyinə görə həmin ağacları Rasim Mütəllimov kəsmişdir, lakin Rasim Mütəllimovun ağac kəsimi ilə əlaqəsi olmamış və həmin şəxsləri tanımamışdır. Məhkəmə şikayətçinin nümayəndəsinin, qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) nümayəndəsinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, 5 saylı Regional X15 07 yanvar 2023-cü il tarixli Aktından görünür ki, X11 məxsus pay torpağı 5 saylı RMTM-nin Xaçmaz meşəbəyiliyinin 3 saylı dolayının 28-ci kvartalı ilə bitişikdir. Həmin meşə ərazisini X17 fəhlələri gətirərək meşə fondu torpağında olan meşə cinsinə aid müxtəlif sayda və müxtəlif cins ağacları kəsmiş, orada olan təbii bərpanı məhv edərək təmizləmiş və kol-kosları yandırmışdır. İş materiallarında olan 02 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X8 Xaçmaz RPŞ-yə ərizə ilə etdiyi müraciət ilə bağlı toplanmış HK-1/146 nömrəli material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, aşkar edilmiş ağac kəsmə faktı üzrə müvafiq səlahiyyətli orqan tərəfindən inzibati icraatın açılması haqqında qərar qəbul edilməsi nəzərə alınması qeyd edilmişdir. İş materiallarında olan 9 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, 06 yanvar 2024-cü il tarixdə Xaçmaz meşəbəliyinin 3 saylı dolayının ərazisində qanunsuz olaraq 22 ədəd yaş köküstə ağacları kəsməklə kol-kosdan təmizlədiyi üçün 5 saylı RMTM-nin müşəbəyisi X23 tərəfindən X17 barəsində İXM-nin 253.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan 09 yanvar 2024-cü il tarixli Meşələrin İnkişafı Xidmətinin 5 saylı Regional X15 Xaçmaz RPŞ-yə ünvanlandığı məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə X17 qanunsuz olaraq 22 ədəd yaş köküstə ağacları kəsmiş, nəticədə X31 134.11 manat məbləğində ziyan vurmuşdur. İş materiallarında olan 08 fevral 2024-cü il tarixli Meşələrin İnkişafı Xidmətinin 5 saylı X22 X2 ünvanlandığı məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə Mərkəzin Xaçmaz meşəbəyiliyinin 3 saylı dolayının ərazisindən qanunsuz olaraq müxtəlif cins və diametrli 22 ədəd yaş kök üstə ağacları kəsmiş, nəticədə X31 134.11 manat məbləğində ziyan vuraraq Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarında olan 17 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X20 tərəfindən X17 Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsinə əsasən 700 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarından görünür ki, Nümayəndə1 Xaçmaz Rayon Polis Şöbəsinə müraciətinə əsasən şikayət əsasında Xaçmaz RPŞ-nin istintaq bölməsində araşdırma aparılması barədə arayış əldə olunmuş və həmin arayışın surəti 17 yanvar 2024-cü il tarixində müvafiq idarəyə təqdim olunmuşdur. İş materiallarında olan fotoşəkillərdən müəyyən edilir ki, X17 və bir neçə nəfər şəxsin iştirakı ilə meşə fondu torpağında olan meşə cinsinə aid müxtəlif sayda və müxtəlif cins ağacları kəsilmiş, orada olan təbii bərpa məhv edilərək təmizləmiş və kol-kosları yandırımışdır X8 nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixli vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə X6 və X10 şahid kimi dindirilmələrini xahiş etmişdir. X8 nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixli vəsatətlə məhkəməyə müraciət edərək vəsatətin təsviri hissəsində göstərilən suallar və əsaslar üzrə inzibati orqandan faktlar tələb edilərək İXM-nin müvafiq maddələrinə uyğun olaraq inzibati orqanın qərarının əsaslılığının yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görəfiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin İV və V hissələrinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci (texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda) və 13.1.6-cı (ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda) maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 saylı Qərarı ilə təsdiq olunmuş “Yaşıllıqların götürülməsi qaydası”nın 1.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir. Bu Qaydanın 2-ci bəndinin İ, İİ, İİİ və İV hissələrinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsinə yol verilir. Bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X11 məxsus pay torpağı 5 saylı RMTM-nin Xaçmaz meşəbəyiliyinin 3 saylı dolayının 28-ci kvartalı ilə bitişikdir, həmin torpaqlar arasında hasar yoxdur. Həmin meşə ərazisini X17 fəhlələri gətirərək meşə fondu torpağında olan meşə cinsinə aid müxtəlif sayda və müxtəlif cins ağacları kəsməsi, orada olan təbii bərpanı məhv edərək təmizləməsi və kol-kosları yandırmasına görə Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiş, buna görə barəsində müvafiq protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati xəta haqqında qərar qəbul edilmiş, habelə şikayətçi inzibati qaydada 700 manat məbləğində cərimə edilmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı şikayət üzrə, yəni barəsində qəbul edilmiş qərarın əsaslı olmaması ilə bağlı sübutetmə yükü də məhz şikayətçinin üzərinə düşür. Şikayətçi tərəfindən isə şikayətini təsdiq edən kifayət qədər mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, şikayətçi Rasim Mütəllimovun şikayətində göstərdikləri özünümüdafiə xarakteri daşımaqla yanaşı gələcəkdə inzibati məsuliyyətdən yayınma məqsədi güdür. Belə ki, şikayətçinin mübahisəli qərarın sübutlar əsasında qəbul edilməməsiilə bağlı gətirdiyi arqumentlər onun şəxsi mülahizələridir və mötəbər sübut və ya sənədlərə əsaslanmamışdır.Deməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən inzibati araşdırma aparılmaqla, X8 Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə inzibati cərimə edilməsi barədə 17 yanvar 2024-cü il tarixli qərarı qəbul edərkən inzibati xətalar haqqında qanunvericiliyin normalarının tələbləri pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis müavini X12 17 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi üçün əsas olmadığına və X1 göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis müavini X12 17 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar