Məhkəmə qərarları › İş №3(067)-258/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-258/2024

07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-258/2024 07.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibiİsayeva Səbinə Cavanşir qızının katibliyi, şikayət vermiş şəxs X3, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 11 dekabr 2023cü il tarixli “inzibati tənbeh vermə haqqında” qərarından şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 11 dekabr 2023-cü il tarixli qərarı ilə X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 11 dekabr 2023cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırılmışdır ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır, onun əməlində heç bir inzibati xəta tərkibi yoxdur, ümumiyyətlə o, Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti ola bilməz. Məhkəmə iclasında şikayət verən şəxs X6 bildirmişdir ki, o, “Uğur” marketin ərzaq malları satışı hissəsini idarə edir. Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarı əsassız sayır. Ona görə o, heç vaxt həmin tullantıları yandırmamışdır. Tullantılar marketin yaxınlığındakı ümumi istifadədə olan zibilliyə tökülür. Həmin zibillikdə tullantıların yandırılması onun marağında deyil. Ona görə ki, orada baş verən yanğın onun obyektinə də keçə bilər, bundan başqa tullantıların yandırılması zamanı onun tüstüsü, pis qoxusu market üçün mənfi haldır və bu müştərilərin narahatlığına səbəb olar, marketin imicinə zərər vura bilər. Həmçinin onun yanğın baş verən vaxtdan əvvəl və sonra marketdən çıxan tullantıların daşınması ilə bağlı aidiyyəti qurumla müqaviləsi olub, lakin bilavasitə yanğın baş verən vaxt belə bir müqaviləsi olmayıb, buna səbəb həmin ərəfədə zibil daşıyan avtomaşınların fəaliyyət göstərməməsi olub. Zibillik marketdən 10- 15 metr aralıda yerləşir. Onun yanından ümumi istifadədə olan yol keçir və oradan əhali istifadə edir, istənilən şəxs yol ilə keçərkən zibilliyə siqaret də ata bilərdilər. Qeyd olunan zibilliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 təşəbbüsü ilə o, tikdirmiş, zibilliyin ətrafını mişar daşı və 2 metr hündürlüyündə dəmi barmaqlıqla hasara aldırmışdır. Marketin tullantılarının bir hissəsini oraya atır. 11 dekabr 2023-cü il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müffətişi Mahir Muradov tərəfindən əraziyə baxış keçirilərkən orada tullantıların yandırılması halı aşkar olunsa da, bu onun tərəfindən olmamışdır. Tullantılar olan ərazidə müşahidə kamerası yoxdur. Həmin ərazidə hər hansı tüstünün, rahatsızlığın olması onun mağazası üçün mənfi haldır və bu hal müştərilərinin narahatlığına səbəb olar. Belə olan halda, ona qarşı tətbiq olunmuş inzibati cərimə ilə razılaşmır və qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 məhkəmə iclasında izahatında bildirmişdir ki, 5-6 il əvvəl “Uğur” marketin yaxınlığında quyu qazılıb orada tullantılar yandırılırdı. Onun təşəbbüsü ilə X1 zibilliyin ətrafında antisanitar vəziyyətin yaranmaması üçün onun ətrafını mişar daşı və 2 metr hündürlüyündə dəmi barmaqlıqla hasara aldırmışdır. X3 marketdən çıxan tullantıların daşınması ilə bağlı aidiyyəti qurumla müqaviləsi olmamışdır və o, marketin yaxınlığında hasara aldırdığı zibillikdə sənaye və məişət tullantılarının qalaqlanması qaydalarını pozmaqla, göstərilən tullantıları yandırmış və bununla da ətraf mühitin mühafizəsi tələblərinə əməl etməmişdir. “Uğur Market”-i işlədən X6 marketin fəaliyyəti zamanı formalaşan tullantıların yerini müəyyənləşdirməmiş, müxtəlif tərkibli tullantıları qarışıq halda açıq havada yaşayış məntəqəsində yandırmışdır. O, tullantıların kimin tərəfindən yandırıldığını bilmədiyini qeyd etsə də, işlətdiyi marketin fəaliyyəti zamanı formalaşan tullantıların onun özünün icazəsi olmadan kiminsə kənardan gəlib yandırması mümkün deyildi. Çünki tullantıların yandırılması yerinin ətrafı bağlı və marketə çox yaxın olmaqla öz nəzarətindədir. Qeyd olunan əməlinə görə X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 11 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 2000 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərarın dəyişdirilmədən saxlanılmasını və şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş X6 barəsində toplanmış inzibati xəta haqqında iş üzrə icraat materialları tərəflərin iştirakı ilə öyrənib, müzakirə edərkən müəyyən etmişdir ki, X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən 2000 manat məbləğində inzibati cərimə olunmuşdur. Qərara əsasən X4 məxsus Xaçmaz-Xudat avtomobil yolunun Müzəffər-oba kəndi ərazisindən keçən hissəsində fəaliyyət göstərən “Uğur market” ticarət obyektinin fəaliyyəti zamanı formalaşan tullantıların emalı müəyyənləşdirilməmişdir. Müxtəlif tərkibli tullantılar qarışıq halda çeşidlənmədən açıq havada yaşayış məntəqəsinin ərazisində yandırılır. İş materiallarında olan 82810 saylı 24 noyabr 2023-cü il tarixli aktdan görünür ki, yoxlama zamanı Xaçmaz-Xudat avtomobil yolunun Müzəffər-oba kəndi ərazisindən keçən hissəsində fəaliyyət göstərən “Uğur” market ticarət obyektinin yaxınlığında yerləşən sahədə müxtəlif tərkibli tullantıları pərakəndə şəkildə yaşayış məntəqəsinin ərazisində qanunsuz yandırıldığı aşkar edilmişdir. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci və 271-ci maddələrinə əsasən 24 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş, lakin 11 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, o, Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə 2000 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə baxışında qərardan şikayət vermiş şəxs Yusif Seyidəliyev izahatında bildirmişdir ki, Xaçmaz Mənzil Təsərrüfatı İdarəsi ilə “Uğur” market arasında 01 dekabr 2023-cü il tarixli “məişət və istehsalat tullantılarının daşınmasına dair” müqavilə bağlanmış və müqaviləyə əsasən “İcraçı” “Sifarişçi”nin ünvanında yerləşən obyektin məişət tullantılarının daşınmasını həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin yanğın baş verən gün, yəni 11 dekabr 2023-cü il tarixdə Xaçmaz Mənzil Təsərrüfatı İdarəsi ilə “Uğur” market arasında sözügedən müqavilə mövcud olmamışdır. Xaçmaz Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 3(067)-1655/2023 saylı qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 11 dekabr 2023cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini İkram Rəhmanov apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 3(067)-1655/2023 saylı qərarının ləğv edilməklə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 11 dekabr 2023-cü il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(105)-60/2024 saylı qərarı ilə X6 barəsində tərtib edilmiş MN ******* saylı, 11 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati işin yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 3(067)-1655/2023 saylı qərarı ləğv edilmiş, işə başqa hakim tərəfindən yenidən baxılması üçün material Xaçmaz Rayon Məhkəməsi Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. Məhkəmə yuxarı instansiya məhkəməsinin araşdırılmalı hallar sırasına daxil etdiyi Xaçmaz Mənzil Təsərrüfatı İdarəsi ilə “Uğur” market arasında 01 dekabr 2023-cü il tarixli “məişət və istehsalat tullantılarının daşınmasına dair” müqavilə ilə əlaqədar qeyd edir ki, məhkəmə araşdırması zamanı X3 bilavasitə özünün izahatı ilə müəyyən olunmuşdur ki, yanğın baş verən gün, yəni 11 dekabr 2023-cü il tarixdə Xaçmaz Mənzil Təsərrüfatı İdarəsi ilə “Uğur” market arasında sözügedən müqavilə mövcud olmamışdır. Həmçinin iş materiallarında olan fotoşəkillərdən müəyyən olunur ki, “Uğur” market ticarət obyektinin yaxınlığında yerləşən sahədə müxtəlif tərkibli tullantılar qalıqlanmış və pərakəndə şəkildə yaşayış məntəqəsinin ərazisində yandırılmışdır. Tullantıların yandırılması yerinin ətrafı bağlı və marketə çox yaxındır. X6 qeyd olunan hallara da aydınlıq gətirə bilməmiş, şikayətini formal fikirləri ilə, yəni marketin ətrafındakı zibillikdə məişət tullantılarının yandırılmasının onun maraqlarına zidd olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinin dispozisiyasında qeyd edilir ki, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayət ilə bağlı onu qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən aşkar edilmiş inzibati xəta faktı əsasında inzibati xətanın subyekti, yəni inzibati məsuliyyətə cəlb olunmalı olan fiziki və ya vəzifəli şəxs müəyyən edilməli, inzibati xətanın subyekti olan şəxsin (fiziki və ya vəzifəli şəxs) əməlində inzibati xəta tərkibinin bütün digər əlamətlərinin olub-olmaması məsələsi, eləcə də, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar araşdırılmalı və əmələ düzgün hüquqi qiymət verilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddi hüquq normasına düzgün tövsif edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə araşdırması zamanı X6 tullantıların kimin tərəfindən yandırıldığını bilmədiyini qeyd etsə də, müəyyən olunmuşdur ki, o, işlətdiyi “Uğur Market”-in fəaliyyəti zamanı formalaşan tullantıların yandırılması yerini özü ətrafını bağlamaqla, kənar şəxslərin girişinə məhdudiyyət qoymuş və tullantıların həmin ərazidə yandırılmasını həyata keçirmişdir. Belə olan halda onun özünün icazəsi olmadan kiminsə kənardan gəlib qeyd olunan ərazidə məişət tullantılarının yandırılmasını həyata keçirməsi absurddur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 11 dekabr 2023-cü il tarixli “inzibati tənbeh vermə haqqında” qərarından şikayəti yalnız formal mülahizələrə əsaslandığından, şikayət təmin edilməməli, X3 “Uğur Market”-in fəaliyyəti zamanı formalaşan müxtəlif tərkibli tullantıları qarışıq halda açıq havada yaşayış məntəqəsində yandırması sübuta yetdiyindən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 11 dekabr 2023-cü il tarixli “inzibati tənbeh vermə haqqında” qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə 2000 (iki min) manat məbləğində inzibati cərimə edilməsinə dair MN ******* saylı, 11 dekabr 2023-cü il tarixli “inzibati tənbeh vermə haqqında” qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar