Məhkəmə qərarları › İş №3(067)-283/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-283/2021

12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-283/2021 12.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə xx xxxxx 1972-ci ildə Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmış, Xaçmaz rayonunun Dədəli kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 20:35 radələrində yaşadığı Xaçmaz rayonunun Dədəli kəndindəki evin qarşısında sərxoş vəziyyətdə küçədə ünvansız nalayiq söyüşlər söyərək ailə üzvlərini və ətrafda yaşayanların narahatlığına səbəb olan ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, xx xxxxx 2021-ci il tarixdə yaşadığı ünvanda valideyinləri onunla mübahisə etmiş, lakin o, valideyinlərinə və ətrafda yaşıyanlara qarşı hər hansı bir hüquqa zidd hərəkətlərə yol verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 göstərdi ki, X1 onun oğludur. Oğlu Şəxs tüfeyli həyat tərzi keçirir, mütəmadi olaraq spirtli içkilər qəbul edir, sərxoş vəziyyətdə evə gələrək onu və digər ailə üzvlərini narahat edir. xx xxxxx 2021-ci il tarixdə saat 20:00 radələrində Şəxs yenidən sərxoş vəziyyətdə evə gələrək onunla və arvadı ilə mübahisə edib, onları narahat etmiş, sonra küçəyə çıxaraq küçədə də onların ünvanına və ünvansız söyüşlər söyüb ətrafda yaşayanları da narahat etmişdir. Bundan sonra o, oğlunun hərəkətləri barədə Xaçmaz rayon Polis Şöbəsinin növbətçi hissəsinə mobil telefonla zəng edərək məlumat vermişdir. Məhkəmə işdə inzibati xəta törətmiş şəxsin izahatını, şahidin ifadəsini dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında xx xxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, şahid ifadəsi, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İnzibati xəta törətmiş şəxs Şəxs hər hansı hüquqa zidd hərəkətə yol verməməsi və izahatında irəli sürdüyü bu kimi dəllilər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər yalnız özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 3(067)-111/2021 saylı qərarından görünür ki, Şəxs məhkəmənin qeyd olunan qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətinə həbs inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs xətaya sərxoş vəziyyətdə yol verməsi və eyni xətanı il ərzində təkrar törətməsi məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan xx xxxxx 2021-ci il tarixli, 87 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 22:15 radələrində tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli xx xxxxx 2021-ci il tarixdən saat 22:15 radələrindən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 15 (on beş) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli xx xxxxx 2021-ci il tarixdən saat 22:15-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar