Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-284/2024 19.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, şikayət vermiş şəxs X2, qərarından şikayət olunan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, X2 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində 5000 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Barəsində inzibati qərar çıxarılmış fiziki şəxs X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 fevral 2024-cü il tarixli MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 08 fevral 2024-cü il tarixli MN № ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 253.3.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; Həmin Məcəllənin 130.1 -ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qərarın surəti poçtalyon tərəfindən xx.xx.2024-cü il tarixdə ona verilmişdir. Aşağıda şərh olunanlara əsasən qərarla razı deyil və hesab edir ki, həmin qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehin tətbiq edilməsi haqqında 08 fevral 2024-cü il tarixli MN № ******* saylı qərarında inzibati xəta haqqında qərar qəbul edilməsinə səbəb kimi göstərilir ki, “Xaçmaz rayonu Çaxmaqlı kəndi yaxınlığında Ağçay çayının sağ sahilində 5 (beş) ədəd müxtəlif cinsli (palıd, qovaq) bioloji inkişafda olan ağacları lazımı icazə sənədi olmadan kəsərək məhv etmişdir. O, qərarla razı deyil, ona görə ki, hər hansı ərazidə, o cümlədən Ağçayın sağ sahilində hər hansı cinsli ağac kəsməmişəm, ümumiyyətlə qərarda göstərilən tarixdə həmin ərazidə olmamışdır. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hər hansı bir əməkdaşı onu həmin ərazidə hər hansı cinsli ağac kəsən zaman müəyyən etməmiş və ağac kəsən yerdə onu tutmamışlar. Çünki qeyd etdiyi kimi o, hər hansı cinsli ağac kəsməmiş və belə bir niyyətim yoxdur və olmamışdır. Göründüyü kimi tərtib edilmiş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Həmin Məcəllənin 135.1 -ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi. Qeyd olunanlarla əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 fevral 2024cü il tarixli MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati qərar çıxarılmış fiziki şəxs X4 izahatında göstərmişdir ki, həmkəndlisi Məmmədov Namiklə uzun müddətdir ki, münasibəti pozulmuşdur. Bütün kənd camaatı da bilir ki, Namik Məmmədovla aralarında ədavət vardır. Namik Məmmədov çayın kənarında olan ağacların kəsildiyini görüb onunla qərəzli olduğuna görə qaynar xəttə zəng edərək onun adını çəkərək şikayət etmişdir. Həmin ərazi kənd çayının içindədir, orada ağac kökləri var. Kənd ərazisində olan çayın içində ağac, kolkosu təmizləyiblər. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Ağçay ərazisinə baxış keçirən gün o, kənddə olan yas mərasimində olmuş, ağac kəsməmişdir, bununla bağlı şahidi də var. Yas mərasimindən qayıdanda kəndin yolunda bir neçə nəfərin toplandığını görmüş və orada eşitmişdir ki, çay kənarında ağaclar kəsilmiş və bunu onun etməsi barədə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verilmişdir. Həmin idarənin əməkdaşı ondan ağacları kəsməsi ilə bağlı izahat verməyi tələb etmiş, o, isə şifahi olaraq ağacları kəsmədiyini demişdir. Qaynar xəttə zəng vurmuş Namik Məmmədov şikayətinin əsasında protokol tərtib edildiyini görsün deyə Mahir Muradov onu aldadaraq izahat yazdırmış, həmin izahatın və protokolun sonradan məhv ediləcəyini bildirmişdir. Evi Ağçaydan kənarda yerləşir. Əgər o, həmin ağacları kəsmiş olsaydı həmin ərazidə şəkillərini çəkərdilər. Bu barədə heç bir sübut yoxdur. O, kasıb adamdır, yaşadığı evin şəraitinin şəkillərini məhkəməyə təqdim etmişdir. Qərarından şikayət olunan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, Çaxmaqlı kənd sakini Məmmədov Namik 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 168 saylı qaynar xəttinə zəng edərək Xaçmaz rayonunun Çaxmaqlı kənd ərazisindən keçən Ağçayın ətrafında ağacların kənd sakini Mirisa Bayramov tərəfindən kəsildiyi barədə məlumat vermişdir. Mirisa Bayramov 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət edilərək izahatı alınmış, o, izahatında ağacları özü kəsdiyini etiraf etmişdir. Ağacları niyə kəsdiyini ondan soruşanda o, maddi vəziyyətinin aşağı olduğunu, evində istilik üçün odun ala bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 ifadəsində göstərmişdir ki, Mirisa qonşusudur, eyni kənddə yaşayırlar. Ondan şikayət olunan gün qonşuluqda yas mərasimində birgə olmuşlar. Yas mərasimindən qayıdarkən yolun kənarında bir neçə nəfərin yığıldığını görmüşlər. Həmin vaxt 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi də orada olmuşdur. Mirisa kasıb adamdır, öz təsərrüfatı ilə məşğuldur. Namik Məmmədov da onlarla eyni kənddə yaşayır. Məhkəmə barəsində inzibati qərar çıxarılmış şəxsin və inzibati tənbeh vermə haqqında qərar çıxarmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolundan müəyyən olunur ki, X1 rayonunun Çaxmaqlı kəndinin yaxınlığında Ağçay çayının sağ sahilində 5 ədəd müxtəlif diametrli və müxtəlif cinsli (palıd, qovaq) bioloji inkişafda olan ağacları lazımi icazə sənədi olmadan kəsərək məhv etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli aktından müəyyən olunur ki, Çaxmaqlı kənd sakini Namik Məmmədovun 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 168 saylı qaynar xəttinə zəng edərək ağacların kəsilib məhv edilməsi barədə verdiyi məlumata əsasən onun iştirakı ilə yerində araşdırma aparılmışdır. Araşdırma zamanı X10 rayonunun Çaxmaqlı kəndinin yaxınlığında Ağçay çayının sağ sahilində kəsilmiş ağacları göstərərək, həmin ağacların Xaçmaz rayonunun Çaxmaqlı kənd sakini Mirisa Bayramov tərəfindən kəsilərək aparıldığını bildirmişdir. Əraziyə baxış keçirilərək, kəsilmiş palıd və qovaq ağacları müəyyən edilmişdir. Mirisa Bayramov 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət edilərək izahatı alınmış, o, izahatında ağacları özü kəsdiyini etiraf etmişdir. İş materiallarında olan X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış xx.xx.2024cü il tarixli izahatından müəyyən olunur ki, Xaçmaz rayonunun Çaxmaqlı kəndinin yaxınlığında Ağçay çayının kənarında palıd, qovaq ağaclarını kəsərək yandırmaq üçün şəxsi ehtiyacları üçün aparmış, həmin ağacları kəsmək üçün icazə sənədi yoxdur və həmin sənədin tələb olunduğunu bilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, fiziki şəxs qismində X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində 5000 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 253.3.3-cü maddəsinə əsasən su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Barəsində inzibati qərar çıxarılmış fiziki şəxs X4 məhkəmə araşdırması zamanı qanunsuz ağac kəsmədiyini bildirsə də, onun Xaçmaz rayonunun Çaxmaqlı kəndinin yaxınlığında Ağçay çayının sağ sahilində mühafizə zolağında yerləşən yaşıllıq sahələrində 5 (beş) ədəd müxtəlif cinsli (palıd, qovaq) bioloji inkişafda olan ağacları lazımı icazə sənədi olmadan kəsərək məhv etməsi faktı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli aktı, xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol ilə, həmçinin X2 özünün iş materiallarında olan xx.xx.2024-cü il tarixli izahatı ilə təsdiqini tapır. Məhkəmə şikayət ilə bağlı onu qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən aşkar edilmiş inzibati xəta faktı əsasında inzibati xətanın subyekti, yəni inzibati məsuliyyətə cəlb olunmalı olan fiziki və ya vəzifəli şəxs müəyyən edilməli, inzibati xətanın subyekti olan şəxsin (fiziki və ya vəzifəli şəxs) əməlində inzibati xəta tərkibinin bütün digər əlamətlərinin olub-olmaması məsələsi, eləcə də, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar araşdırılmalı və əmələ düzgün hüquqi qiymət verilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddi hüquq normasına düzgün tövsif edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən işin halları kifayət qədər araşdırıldığından və X2 Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 253.3.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan digər sübutlarla yanaşı onun xx.xx.2024-cü il tarixli etiraf edici izahatı ilə təsdiqini tapdığından, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış fiziki şəxs X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməməli və həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Fiziki şəxs X2 Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 253.3.3-cü maddəsi ilə təqsirli bilinərək, onun barəsində 5000 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 fevral 2024cü il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №3(067)-284/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-284/2024
19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver