Məhkəmə qərarları › İş №3(067)-306/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-306/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-306/2024 04.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1975-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1625/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən üç uşağın saxlanması üçün hər ay cəmi 300 manat aliment borcunu ödəmədiyindən yaranmış 12200 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1625/2020 saylı, 25 avqust 2020-ci il tarixli icra sənədinə əsasən borclu üç yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay ümumilikdə 300 manat məbləğində aliment pulu ödəməlidir. 08 sentyabr 2020-ci il tarixdə icraata daxil olmuşdur. Ümumilikdə 12200 manat aliment borcu yaranmışdır. Borclu bundan əvvəl aliment borcunu ödəmədiyinə görə üç dəfə inzibati məsuliyyətə cəlb olunmuşdur. Tələbkar yaranmış aliment borcunu tələb edir. Həmçinin bildirmişdir ki, 18 avqust 2023-cü il tarixdə X6 məktub göndərmişdir ki, Şəxs 12 aprel 2020-ci tarixdən qeydiyyatdadır, lakin münasib iş təklif etmək mümkün olmamışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, həmin işlə əlaqədar olaraq 15 gün və 8 gün müddətinə iki dəfə inzibati qaydada həbs olunmuşdur. 2020-ci il tarixdən bir dəfə 300 manat aliment pulu ödəniş etmişdir, lakin uşaqlarını görə bilmir. O, xəstə olduğuna görə işləyə bilmədiyini, xəstəlik xərclərinin bacı-qardaşları tərəfindən təmin olunduğunu bildirmişdir. O, 20 il sürücü işləmişdir, lakin iş üçün müraciət etsə də, əslində 2-ci qrup əlildir, lakin hələ sənədlərini düzəldə bilməyib, xəstə olduğu üçün işə götürülmür. O, 4 dəfə ağır infarkt keçirmişdir, beynində şiş əmələ gəlmişdir, xəstəlik sənədləri isə hazırda evdədir. O, uşaqlarının sosial yardımla dolandığını, lakin işləyərsə hər ay 100, 200 manat aliment pulu ödəniş edə biləcəyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 04 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan 25 avqust 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2005ci il təvəllüdlü X2, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün mülki iş məhkəməyə daxil olduğu gündən yəni xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay bir uşağa 100 (yüz) manat məbləğində aliment cavabdeh Şəxs alınaraq iddiaçı X1 verilməlidir. İş materiallarından müəyyən olunur ki, 08 sentyabr 2020-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş tərtib olunaraq borcluya göndərilmişdir. İş materiallarında olan borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən borclunun adında heç bir əmlakının olmadığı müəyyən olunmuşdur. İş materiallarından olan borclunun izahatından və ona göndərilmiş xəbərdarlıq məktublarından müəyyən olunur ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclunun yaranmış borcunu ödəməsi üçün lazımi tədbirlər görülmüşdür. İş materiallarından olan epikrizdən müəyyən olunur ki, Şəxs keçirmiş olduğu miokart infarktı ilə əlaqədar həkim müayinəsində olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxxx 1975-ci ildə şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar