Məhkəmə qərarları › İş №3(067)-313/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-313/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-313/2022 17.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Şikayətçi – X5, Qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X7 və Xaçmaz rayon prokurorluğunun nümayəndəsi X2 iştirakları ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X11 Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Bəhruz Məhəmmədovun 21 yanvar 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X5 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Baş Prokurorunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevin 21 yanvar 2022-ci il tarixli qərarı ilə X9 barəsində Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X11 Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən X6 21 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə Mahəddin Əkbərov Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 şikayət ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X11 Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən X6 21 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X9 izahatında bildirdi ki, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Tikan-oba kəndində yaşayır. Rəsmi qaydada heç bir yerdə işləməsə də ailəsini dolandırmaq üçün hərdən Xəzər dənizindən həvəskar balıqçı kimi xırda balıq ovlayır. 07 noyabr 2021-ci il tarixdə həmkəndlisi X21 oglu ilə taxta qayıqda Xəzər dənizinə girib xırda balıq ovlamaq istəmişlər. Dənizdə güclü dalğa qalxdığı üçün heç balıq ovlamadan tez bir zamanda geri qayıtmalı olmuşlar. Geri qayıdarkən suyun üzərində bir ədəd ölmüş nərə cinsli balığı görüb onu götürmüşlər ki, ekologiya korlanmasın və sahilə çıxarıb onu itlərə versindlər. Qayıqla sahilə çıxdıqda Tikan-Oba ərazisinə aidiyatı olmayan iki nəfər tanımadığları DSX-nin xüsusi geyimində əməkdaşları onlara yaxınlaşmışlar. Onlar həmin iki nəfərdən kim olduqlarını soruşduqda həmin şəxslər özlərini Dövlər Sərhəd Xidmətinin əməkdaşlrı olduqlarını və çörək pulu üçün çıxdıqlarını bildirmişlər. Hətta onlar onların hərbi sərhəd tərəfindən kitabçalarını götrərək kitapçaya möhür vurmuşlar, onlardan hörmət olunmasını istədikdə onlar çəkİiş edərək, onlardan sənədlərini istədikdə orada olan adını təqdim elməyən Baş leytenant geymində olan sərhədçi çəklişi görərək gəldiyi mülki maşına, qırmızı rəngli 06 markalı ** SG *** dövlət qeydiyyat nişanlı maşına qaçaraq üzünü gizlətdi. Onların çəkiliş etdiyilərinə baxmayaraq o, qayığa heç bir baxış keçirmədən idarə etdiyi mülki maşına minərək oradan uzaqlaşmışdır. Bu barədə çəkilişi məhkəməyə təqdim etmişdir. Həmin günün axşamı onları DSX-nin İsti-su qəsəbəsində yerləşən zastavaya Yəhya adında baş leytinant İsti-suya dəvət etmiş, hər ikisinin adından Yəhya izahatlar yazmış və izahatları oxuturmadan onlara imzalatdırmışdır. Bundan da əlavə onlarda olan dənizə giriş-çıxışa dair kitabı alaraq ora 07 noyabr 2021-ci il tarixdə onları sahildə saxlamış hərbiçilərin həmin kitaba vurduqları möhürün üzərinə yenidən eyni tarixli möhür vurmuşdur ki, əvvəlki hərbçilərin qanunsuz əməlləri ört-bastır edilsin ( həmin kitabın foto şəklini məhkəməyə təqdim edəcəm). Həmin vaxt orada olmuş Rauf adında polkovnik leytenant onlara təklif etdi ki, səhərisi günə mütləq qaydada bir ədəd nərə cinsli balığı tapıb taxta qayığın yanında şəkil çəkdirilməlidir, əks halda bundan sonra onlar dənizə buraxılmayacaq və söz vermişdir ki, onlardan birini 200 manat cərimə ediləcəkdir. Onlarda Rauf müəllimin sözünə inanaraq bazardan bir ədəd nərə cinsli balıq alaraq onu doğradıq və sahildə qayığın yanında DSX-nin əməkdaşlarının iştrakı ilə fotoşəkil çəkdirmişlər. Yəni onlara istinad olunan hadisə yuxarıdakı qaydada baş vermiş, onlar dənizdən nərə cinsli balığı ovlamamışlar, sadəcə olaraq suyun üzərində ölmüş balığı görüb onu götürmüşlər. Bundan sonra onları DSX-nin istintaq idarəsində müstəntiq Nicat müəllim dindirmiş, yuxanda göstərilən məzmunda izahatları alınmışdır. 03 fevral 2022-ci il tarixdə ona poçt vasitəsi ilə HTSN yanında D ETX rəisi səlahiyyətlərini müvəqqəti icra edən X6 barəsində tərtib etdiyi 21 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar daxil olmuş, həmin qərara əsasən o, İXM-nin 272.1 -ci maddəsi ilə təqsirli bilinib 1000 manat inzibati cərimə olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan zaman ona bildirmişdirlər ki, yüngül cərimə ilə işi bağlanacaq və o, 200 manat cərimə ödəmişdir. Sonra ona məlum olmuşdur ki, ödədiyi cərimə təbiətə dəymiş ziyana görə imiş və ona əlavə olaraq inzibati xəta törətdiyinə görə 1000 manat cərimə yazılmışdır. Odur ki, qeyd olunanların nəzərə alınmasını, ona əsassız tətbiq olunmuş 1000 manat cərimənin həddindən artıq yüksək olduğunu nəzərə alaraq qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X12 şikayəti qəbul etməyərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Baş Prokurorunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevin 11 yanvar 2022-ci il tarixli qərarı ilə başlanmış inzibati icraat əsasında aparılmış müvafiq araşdırmanın nəticəsində X9 07 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevin 11 yanvar 2022-ci il tarixli qərarı hüquqlarını təmsil etdiyi Xidmətin icraatına daxil olmuş, habelə inzibati araşdırma ilə bağlı şikayətçiyə 11 yanvar 2022-ci il tarixdə bildiriş göndərilərək Natiq Nurəddinova barəsində inzibati xəta haqqında icraat aparılması ilə bağlı xəbərdar edilmişdir. Bundan başqa, şikayətçinin şikayətinin əsaslarından birini təşkil edən balığın ölü tutulması arqumentinə münasibətdə qeyd edir ki, balıq ölü tutulmur, havasız qaldıqda ölür. Natiq Nurəddinovun inzibati xəta əməlini törətməsi inzibati araşdırma zamanı tam sübuta yetirilmiş və qanunvericiliyin verdiyi hüquq əsasında Xidmətin rəisi vəzifəsini müvəqqəti icra edən X10 onun inzibati cərimə edilməsi haqqında 21 yanvar 2022-ci il tarixli qərar qəbul etmişdir. Odur ki, görülmüş tədbirlər İXM-nin və ekoloji sahəni tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun icra edildiyinə görə qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Xaçmaz rayon prokurorunun nümayəndəsi X3 izahatında göstərdi ki, Azərbaycan Respublikası Baş Prokurorunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ekologiya və təbii sərvətlər barədə materiallar toplanır, qərar çıxarılır və aidiyyəti üzrə orqana baxılması üçün göndərilir. Dənizdəki ölü balığı heç vaxt, heç kim götürmür. Həmçinin, Natiq Nurəddinovun şikayətinin əsassız olduğunu və barəsində qəbul edilmiş qərarın əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə şikayətçinin, onun nümayəndəsi və vəkilinin, qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin), eləcə də Xaçmaz rayon prokurorunun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir İşdə olan Azərbaycan Respublikası Baş Prokurorunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevin 11 yanvar 2022-ci il tarixli qərarının surətindən görünür ki, X9 “Balıqçılıq haqqında” Azərbaycan Respublikası qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilməsi tələblərinə zidd olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozub, çəkisi 1 kq 660 qr olan 2 ədəd nərə cinsli balığı Xəzər dənizindən ovlamış, 07 noyabr 2021-ci il tarixdə DSX-nin X14 Regional Şöbəsinin əməkdaşları tərəfindən X20 Bölməsinin xidməti ərazisinin sağ cinahında rejim sularından qayıdan İS-3307 bort nömrəli üzmə vasitəsinə baxış keçirilərkən 1 ədəd nəzərə cinsli balıq aşkar edilmişdir. İşdə olan DSX-nin X19 Şöbəsinin əməkdaşları və X15, eləcə də X9 tərəfindən 07 noyabr 2021-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, həmin gün, saat 17:10da ümumi çəkisi 1 kq 400 qr olan nərə cinsli balıq araşdırma aparılması məqsədilə X15, eləcə də X4 götürülərək Sahil Mühafizəsi ŞRŞ-nin anbarındakı soyuducuya yerləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X11 Xidmətinin 11 yanvar 2022-ci il tarixli, 12/003ix-21 saylı məktubdan görünür ki, X9 barəsində İXM 272.1-ci maddəsi ilə baxılan inzibati xəta haqqında işlə bağlı məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulması inzibati xətaya səbəb olan əməldir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su resursları ovunun Qaydaları”nın 2.5.3-cü yarımbəndinə əsasən balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə nəsli kəsilmək üzrə olan qiymətli balıq və digər su bioresursları növlərinin (qaya balığı (kələmo), zərdəpər, xəzər qızılbalığı, dəniz sıfı, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, poru) ovu qadağandır. Balıq və digər su bioresurslarının ovu zamanı bu balıqlar ov alətinə düşərsə, onlar diri halda suya buraxılmalıdır. Bu Qaydaların 3 nömrəli əlavəsinə əsasən nərəkimilər fəsiləsi balıqçılıq obyektlərinə aid edilmiş qiymətli balıq və digər su bioresurslarının siyahısına daxildir. Bu Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Sözügedən Məcəllənin 60.4-cü maddəsinə əsasən bildiriş bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. İş materiallarından da göründüyü kimi Azərbaycan Respublikası Baş Prokurorunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevin 11 yanvar 2022-ci il tarixli qərarı ilə X9 barəsində Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, toplanmış inzibati material baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmiş, və Nazirliyin yanında X11 Xidmətinin icraatına dail olmuşdur. Bundan sonra, X9 barəsində İXM 272.1-ci maddəsi ilə baxılan inzibati xəta haqqında işlə bağlı məlumat verilmişdir. Beləliklə, X1 inzibati araşdırma ilə bağlı razı olmaması və dənizdən suyun üzərində bir ədəd ölmüş nərə cinsli balığı görüb onu götürərək sahilə çıxarıb onu itlərə vermək istəmələri ilə bağlı fikirləri özünümüdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətdən yayınma məqsədi güdür. Belə ki, X11 Xidməti tərəfindən şikayətçi Natiq Nurəddinova barəsində İXM 272.1-ci maddəsi ilə baxılan inzibati xəta haqqında işlə bağlı məlumat verilmişdir. Bu hal məhkəmə iclası zamanı şikayətçi Natiq Nurəddinovun özü tərəfindən etiraf edilməklə, yanaşı digər mötəbər sübutlar, o cümlədən izahatlarla öz təsdiqini tapmışdır. Eyni zamanda, şikayətçi Natiq Nurəddinovun 07 noyabr 2021-ci il tarixdə 1 ədəd nərə cinsli balığı ovlamaması, habelə dənizin çirklənməməsi üçün onu sudan çıxarması barədə bildirdikləri də özünümüdafiə xarakteri daşımaqla, şikayətçinin şəxsi mülahizələridir və mötəbər sübut və ya sənədlərə əsaslanmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası İXM-in 43.1-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157 188, 190, 191.1, 195.1, 196, 197, 204 - 208, 221, 227, 227-1, 229, 249, 251.3, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 296.2, 325.1, 326, 327.8, 332.4 - 332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2 - 339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 368 - 379, 381 - 383, 387, 388, 398, 399, 401 - 404, 406 - 409, 410.3, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 441, 442, 443.1, 448, 449, 450.1, 451, 456, 459.1, 459.2, 462 (siyasi partiyalara münasibətdə) 464 466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479 - 481, 482.1, 496.2, 499.2, 502 - 504, 506 - 508, 510, 511, 513, 515 - 517, 520, 523, 525 - 535, 537.1, 544.1, 547, 549, 551 - 554, 558 - 561, 562.1, 562.2, 563.2, 567 - 569, 571, 573, 574, 590 - 592, 594 - 596, 598 (monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə), 599 - 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-in 43.2-cü maddəsinə əsasən, bu Məcəllənin 54.2- ci maddəsində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanının 5.23cü bəndinə əsasən həmin Məcəllənin 272-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. İşin faktiki hallarından, tədqiq olunmuş mötəbər sənəd və sübutlardan, habelə bu sahəni tənzimləyən müvafiq normativ hüquqi aktların tələblərindən də göründüyü kimi Azərbaycan Respublikası İXM-in 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxmaq, nəinki rayon (şəhər) məhkəmələrinin, həmçinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətinə verilmişdir. Əgər, şikayətçinin qeyd etdiyi inzibati araşdırmanın aparılmasında, həmçinin qərarın qəbul edilməsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X11 Xidmətinin səlahiyyəti olmadığı düşünülsə idi, bu zaman Azərbaycan Respublikası Baş Prokurorunun Cinayət təqibindən kənar icraatlar idarəsi 11 yanvar 2022-ci il tarixli qərarla X9 barəsində Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə toplanmış inzibati materialı baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə deyil, aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə göndərər, bu tip mübahisənin yaranmasının qarşısını alardı. Eyni zamanda, baxılır dedikdə, bu geniş mənada başa düşülməli, habelə bu, müvafiq orqan tərəfindən zəruri qərarın qəbul edilməsi imkanının olması kimi anlaşılmalıdır. Deməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X11 Xidmətinin inzibati araşdırmanın aparılmasında, eləcə də Mahəddin Əkbərovun barəsində Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə 21 yanvar 2022-ci il tarixli inzibati cərimə edilməsi barədə səlahiyyəti olmuş, habelə bu zaman inzibati xətalar haqqında qanunvericiliyin normalarının tələbləri pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X11 Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Bəhruz Məhəmmədovun 21 yanvar 2022-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi üçün əsas olmadığına və X1 göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X11 Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Bəhruz Məhəmmədovun 21 yanvar 2022-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar