Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-353/2024 30.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, X2nun və onun vəkili, nümayəndəsi Vəkil, qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X8 16 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X4 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə 1000 manat məbləğində cərimə edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 16 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi X10 tərəfindən onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində Şabran rayonu ərazisində qanunsuz ov etmə iddiası ilə X10 və atası X5 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, X6 məxsus Mitsubishi markalı, dövlət qeydiyyat nişanı **-UL-*** olan avtomobilə İdarənin əməkdaşları tərəfindən baxış keçirilmiş və orada olan bir çox şəxsi alətlər, qeydiyyatı olan silahlar müsadirə olunaraq götürülmüşdür. Bundan sonra Emin Qulaməliyevə və atası X9 əməkdaşları tərəfindən diktə edilərək ərizə yazdırılmışdır. İşlərini bitmiş hesab edən İdarənin əməkdaşları daha sonra hadisə yerini tərk etmişlər. Bir gün sonra isə hər iki şəxs barəsində İXM-nin 272.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmiş, elə həmin İdarə tərəfindən də hər iki şəxsin 1000(min) manat məbləğində cərimə olunması barədə qərar qəbul olunmuşdur. Şikayətçinin vəkili və nümayəndəsi şikayət ərizəsini müdafiə etməklə, göstərilənləri təsdiq edərək, əlavə olaraq izahatında göstərdi ki, vətəndaşlar arasında olan münasibətlər qaydalarla tənzimlənir. Vətəndaş barəsində qanunsuz ov etməsi ilə əlaqədarnəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsinə dair protokol tərtib edilməli, akt yazılmalıdır. İş materialları ilə tanış olarkən nəqliyyat vasitəsinə baxış, əşyaların götürülməsi barədə protokol, hal şahidləri və ya videoçəkiliş yoxdur. Yalnız vətəndaşın etiraf ərizəsi və fotoşəkil əlavə etməklə kifayətlənmişlər. Cavabdeh tərəf yetərincə sübutların toplandığını, dağlıq ərazidə hal şahidlərini haradan tapacaqlarını, sübutların itə biləcəyini demişlər. Bildirmişdir ki, avtomobildən qiymətli zinət əşyasının itməsi faktı ortaya çıxmış, lakin ekologiya əməkdaşları and içirlər ki, bu barədə məlumatları yoxdur. Daha sonra isə zinət əşyasının avtomobilin salonun arxa hissəsinə düşdüyünü bildirmişlər, hansı ki, nəqliyyat vasitəsinə baxış keçirilərkən oraya düşmüşdür. İXM-nin 69-cu maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış keçirilərkən hal şahidinin iştirakı vacibdir. Qeyd edilən etiraf ərizəsində adi kəklik növündən bəhs edilir, lakin fotoşəkillərdə “Göyçək” kəklik olduğu görünür. Tüfənglərin götürüldüyü qeyd edilir, lakin rəsmiləşdirilməmişdir. İş materiallarında olan fotoşəkillərdə uyğunsuzluq müəyyən edilir. Əldə olunan sübutlar qanunsuz yolla əldə olunarsa sübut kimi qəbul edilə bilməz. Şikayət veən şəxsin atasına münasibətdə keçirilmiş digər məhkəmə prosesində yanaşma belə olmuşdur ki, məbləğ kiçikdir. Məbləğ bir qrup şəxs üçün kiçik olduğu halda, digərləri üçün əhəmiyyətli dərəcədə ola bilər. Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarışəxsin avtomobilinin pəncərə şüşəsindən ov silahının göründüyünü müşahidə etdiklərini bildirmişlər, lakin şəxsin təqsirliliyini sübut edəcək hər hansı dəlilyoxdur. Şəxs 15 ildir ki, qanuni ovçudur və ov bileti vardır. Avtomobil saxlanılaraq baxış keçirilmiş kəkliklər və ov tüfəngləri şəxsin avtomobildən aşkar edildiyini bildirərək barəsində daha yüngül cəza təyin olunacağı vəd edilərək onların dediklərini yazmağı bildirmişlər. Lakin həmin sübutlar qanunsuz olduğundan öz hüquqi qüvvəsini itirmiş hesab olunur. Ekologiya əməkdaşları öz dediklərinə əməl edərək müsadirə əmlaklarını şəxsə geri qaytararaq həm şəxsi 1000 manat, həm də onun atasını 1000 manat məbləğində cərimə etmişlər.Həmin vaxtı şəxsin atası əməli törətmiş, lakin özü atası ilə birlikdə olmamışdır. Şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. X1 şikayət ərizəsini müdafiə etməklə, göstərilənləri təsdiq edərək, əlavə olaraq qanunsuz ov etmədiyini və həmin gün ümumiyyətlə ov etmədiyini bildirmişdir. Atası və qayınatası hadisədən bir gün öncə ov etmişlər. Lakin ekologiya əməkdaşları onları eşitməmişlər. O, atasını ərazidən götürməyə gedərkən üzərilərində ekologiyanın əməkdaşları olmalarını bildirəcək hər hansı işarə və ya geyim olmayan şəxslər bir çox qanun pozuntularına yol verərək avtomobilin qarşısını kəsib baxış keçirmişlər. Avtomobili dayandırdıqdan sonra onların xüsusi geyimdə olduğu müəyyən olunmuşdur. Baxış zamanı nəqliyyat vasitəsində olan özünə və atasına məxsus silah götürülərək aktlaşdırılmışdır. Lakin atasının silahının bir hissəsi avtomobilin pəncərəsindən çıxmış vəziyyətdə olmamışdır. Onun silahı isə çexolda olmuşdur. Ekologiya əməkdaşları onu aldadaraq hər şeyi öz üzərinə götürməsini bu zaman atasının cərimə olunmayacağını bildirərək onu aldatmışlar. Belə ki, həmin vaxt onun atasına da ondan xəbərsiz yalan vəd verərək etdiyi əməli etiraf etməsini bildirmişlər. O, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə şikayəti qəbul etməyərək izahatında göstərdi ki,Konstitusiyanın 78-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər bir vətəndaşın təbiəti qorumaq borcudur. Ərazidə qanunsuz ovla məşğul olan şəxslərə qarşı mübarizə aparılır.Həmin ərazilərdə hal şahidlərinin iştirakını təmin etmək çox çətindir. Lakin hazırkı əməldə yetərincə sübutlar əldə olunmuşdur. Belə ki, şəxs özü də izahatında etiraf etmişdir və fotoşəkillər vardır. Şəxsin ovçuluq bileti olsa da, o, ov etmək üçün icazə almamışdır. Şəxs atasına ovçuluq etməsi üçün şərait yaratmışdır. Qrup halında xırda quş növlərini ov etməyə icazə yoxdur, yalnız böyük heyvanların ovlanmasında qrup halında 3 nəfərdən az olmayaraq ov etməyə icazə verilir. Şəxslərin həmin yerdə ov etmələri böyüdücü ilə monitorinq nəticəsində müşahidə edilmişdir. Şəxs özü şəkildəki quşun həmin kəklik olmasını etiraf etmişdir. Nazirlər Kabinetinin 30 sentyabr 2005-ci il tarixli 147-ci il tarixli qərarına əsasən nəqliyyat vasitələri ilə, gecə şəraitində və süni işıqlandırma vasitələrindən istifadə etməklə ov etmək qadağandır. Məhkəmə şikayətçinin, onun vəkili və nümayəndəsinin və qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 09 oktyabr 2023-cü il tarixli, MN ******* saylı protokoldan və 16 oktyabr 2023-cü il tarixli MN ******* saylı qərardan görünür ki, X3 rayonu, Zöhrab kəndi yaxınlığında, ov ərazisində özünə məxsus ov silahı ilə lazımı icazə almadan qanunsuz ovla məşğul olaraq iki ədəd kəklik quşu ovlamış və Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən 1000 (min) manat məbləğində inzibati cərimə olunmuşdur. 09 oktyabr 2023-cü il tarixli, 81813 nömrəli Aktdan və fotoşəkillərin surətlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilən növbəti nəzarət tədbiri zamanı Şabran rayonu, Zöhrab kəndindən cənub istiqamətində, dağlıq ərazidə “Pekap” markalı avtomobilə, ov tüfəngləri maşının pəncərəsindən çıxmış vəziyyətdə ov aparıldığı müşahidə olunmuşdur. 15 fevral 2024-cü il tarixli şikayətdən görünür ki, X10 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarları qanunsuz hesab edilməklə ləğv edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli izahatdan müəyyən olunur ki, şikayət vermiş şəxs X10 qanunsuz olaraq ov etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 75-ci maddəsinin İ, İİİ, Vİ və Vİİ bəndlərinə əsasəninzibati xəta haqqında iş üzrəinzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 272.3-cü maddəsinə əsasənov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanunun: 8.1-ci maddəsinə əsasən ovçuluq fəaliyyətinə və ovçuluq təsərrüfatlarının mühafizəsinə və istifadəsinə dövlət nəzarətinin məqsədi ov yerlərinin və ov obyektlərinin mühafizəsi, qorunub saxlanması, bərpası, artırılması və istifadəsi üzrə tədbirlərin yerinə yetirilməsində qanunvericilikdə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına nəzarəti təmin etməkdir. 12.1-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. 12.2-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. 18.2.3-ci maddəsinə əsasən ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmək ovçuların vəzifəsidir. "Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları"nın və "Ovçuluq təsərrüfatları haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında”” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarının: 2.2.-cü bəndində əsasən respublika ərazisində ov mövsümünün başlanmasını və müddətini Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edir və bu barədə media ilə əhaliyə məlumat verilir. 2.4-cü bəndində əsasən ov mövsümündə ov edilməsinə ərazinin epizootik durumundan asılı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən günlərdə yol verilir. Ovçulara ovun yalnız bu günlər ərzində ov obyektlərinin hər növünə ayrıca verilən ov etmək üçün icazədə göstərilən normaya uyğun ov etməyə icazə verilir. Ov etmək üçün icazədə ov obyektlərinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazədə göstərilən normada (sayda) əldə edilən ov məhsulları ovçulara məxsusdur. Göstərilən normadan (saydan) artıq əldə edilən ov məhsulları ovçulardan geri alınır və onlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülür. 2.7-ci bəndinə əsasən hər bir ovçu ova başlayanadək ov yerlərində təşkil edilmiş nəzarət-buraxılış məntəqəsinə gəlir. Burada ovçuluq təsərrüfatının işçiləri onun silahını, ovçuluq biletini, ov silahını saxlamağa daxili işlər orqanlarının icazəsini və ov etmək üçün icazəni yoxlayır və ovçuların qeydiyyat kitabında bu barədə müvafiq qeydiyyat aparılır. Ov başa çatdıqdan sonra ovçu yenidən nəzarət-buraxılış məntəqəsinə gəlməyə və ovladığını yoxlatmaq üçün göstərməyə borcludur. Yoxlamanın nəticələri ovçuların qeydiyyat kitabında, ov etmək üçün icazənin kötüyündə isə ovçunun nəzarət-buraxılış məntəqəsinə gəlməsi qeyd edilir. Nəzarət-buraxılış məntəqəsinə gəlmədən ov yerinə gedən və ya ovdan sonra çıxıb gedən ovçular ov qaydalarını pozmuş hesab edilir və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. Həmin Qərara əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzərdə tutulmamış günlərdə ov etmək və ovçuluq bileti və ov etmək üçün icazə olmadan ov etmək ov etməyə qadağanlar və məhdudiyyətlərə sırasına daxildir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X10 qanunvericiliyin tələblərini pozaraq, ov üçün lazımi icazə olmadanov etmiş, qeyd olunan hal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmiş, avtomobilə (hal şahidlərinin iştirakı olmadan, videoçəkiliş aparılmadan və protokol tərtib edilmədən) baxış keçirilmişdir. X13 öz izahatında qanunsuz ov etdiyini etiraf etmiş, ov və ov silahları müsadirə edilmiş, daha sonra həmin silahlar şəxslərə geri verilmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiş, onun barəsində müvafiq protokol tərtib edilmiş, həmin protokol əsasında inzibati xəta haqqında qərar qəbul edilmiş və şikayətçi inzibati qaydada 1000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı şikayət üzrə, yəni barəsində qəbul edilmiş qərarın əsaslı olmaması ilə bağlı sübutetmə yükü də məhz şikayətçinin üzərinə düşür. Şikayətçi tərəfindən isə şikayətini təsdiq edən kifayət qədər mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, şikayətçi Emin Qulaməliyevin şikayətində göstərdikləri özünümüdafiə xarakteri daşımaqla yanaşı gələcəkdə inzibati məsuliyyətdən yayınma məqsədi güdür. Belə ki, şikayətçinin mübahisəli qərarın sübutlar əsasında qəbul edilməməsi ilə bağlı gətirdiyi arqumentlər onun şəxsi mülahizələridir və mötəbər sübut və ya sənədlərə əsaslanmamışdır. Eyni zamanda, o məhkəmə iclasında inzibati xəta hadisəsinin olduğunu təsdiq etmiş, lakin həmin xətanın atası tərəfindən törədildiyini, onun qanunsuz ovda iştirak etmədiyini bildirmişdir. Buna baxmayaraq, o, inzibati xətanı törətməməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bunun əksinə olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə inzibati xətanın həm də şikayət verən şəxs X10tərəfindən törədilməsi barədə kifayət qədər sübutlar təqdim edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Qulaməliev Emin gündüz oğlunun atası Gündüz Qulaməliyev də həmin inzibati xətanın törədilməsinə görə inzibati məsuliyyətə cəlb edilərək 1000 manat məbləğində cərimə edilmiş, o da barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında qərardan məhkəməyə şikayət vermiş, həmin şikayətə baxılaraq qərarın dəyişdirilmədən saxlanılması barədə12 mart 2024-cü il tarixli, 3(067)-186/2024 saylı qərar qəbul edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarına əsasən inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. CPM-in 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyəminmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2020-ci il tarixli qərarına əsasən preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Məhz Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə əsaslanaraq bir daha qeyd etmək olar ki, Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəsini almış12 mart 2024-cü il tarixli, 3(067)-186/2024 saylı qərarı hazırkı iş üzrə hadisənin olmasına münasibətdə preyudisial əhəmiyyətə malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X8 16 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi üçün əsas olmadığına və X2nun göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X8 16 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-353/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-353/2024
30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver