Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-361/2021 06.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Şəhriyar küçəsi 35 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xətaya dair materiala baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xətaya dair material tərtib edilərək baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 21 mart 2021-ci il tarixdə saat 10:43 radələrində VAZ 21441 Lada Samara markalı E711KH-126 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən YPX əməkdaşı tərəfindən saxlanılaraq, yoxlama zamanı müəyyən olmuşdur ki, sürücü avtomaşını sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da o, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilməyərək göstərmişdir ki, o, 20 mart 2021-ci il tarixdə axşam saatlarında evdə olarkən bir az spirtli içki qəbul etmişdir. Səhəri gün isə ayıq vəziyyətdə avtomobilinə minib şəxsi işləri ilə əlaqədar olaraq şəhərə çıxmışdır. Avtomobilini idarə edərkən yol polisi əməkdaşları onu saxlayıb, içkili olubolmamasını yoxlamaq üçün alkotesterə üfürməyi xahiş etmişlər. O da, alkotesterə üfürdükdən sonra, polis əməkdaşı ona içkili olduğunu bildirmiş və barəsində inzibati xəta protokolunun tərtib olunacağını söyləmişdir. O, inspektorun dedikləri ilə razı olmamış, ona görə ki avtomobili içkili vəziyyətdə idarə etməmişdir, həkim müayinəsindən keçməsini tələb etmişdir. Nəticədə inspektor onunla razılaşmış və onlar həkimin yanına getmişlər. Həkim müayinəsi zamanı da, o alkotesterə üfürdükdə, həkim bildirdi ki, onda çox cüzi miqdarda alkopromillər aşkar olunur, lakin həmin promillər içkili olmasını bildirmir. Bu zaman polis əməkdaşı həkimin qulağına nəsə pıçıldayıb, əlini həkimin cibinə saldıqdan sonra, həkim ona yüngül dərəcəli sərxoş olmasını yazmışdır. Həkimin yanından çıxdıqdan dərhal sonra, o, Xaçmaz rayon prokurorluğuna getmişdir ki, rayon prokuroruna baş vermiş hadisə ilə həm şikayət etsin, həm də prokurorun göstərişi ilə yenidən həkim müayinəsindən keçsin. Prokurorluğun qarşısında gözləyən zaman, hansısa dövlət maşını prokurorluğun yanına gəlməsinin şahidi olmuşdur. Ona məlum olmuşdur ki, qeyd olunan avtomobilidə Xaçmaz rayon polis şöbəsinin rəisidir. Polis rəisi onun narahat olmasını görüb nə baş verdiyini soruşduqda, o, rəisə məsələnin olduğu kimi danışmış və içkili olmadığını sübut etmək üçün hansısa polis əməkdaşının iştirakı ilə yenidən həkim müayinəsindən keçmək istədiyini bildirmişdir. Bu zaman polis rəisi müvafiq tapşırıq vermiş və digər polis əməkdaşları onu polis şöbəsinə dəvət edərək həkim müayinəsindən keçmək üçün göndərişi ona təqdim etdilər. O, göndərişi götürüb digər həkimin qəbuluna getmiş və müayinədən keçərək ayıq olması barədə rəy almışdır. İş materiallarında olan 21.03.2021-ci il tarixli 27 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi ” Aktından müəyyən olunur ki, Şəxs yüngül dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan 21.03.2021-ci il tarixli Xaçmaz RPŞ-nin məsul növbətçisinin göndərişindən görünür ki, 1984-cü il təvəllüdlü Şəxs sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün Xaçmaz rayon mərkəzi xəstəxanasına göndərilmişdir. İş materiallarında olan 21.03.2021-ci il tarixli 69 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi ” Aktından müəyyən olunur ki, Şəxs ayıqdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilmədiyindən onun barəsində başlanılmış inizibati xəta üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1984-cü ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə başlamış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-361/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-361/2021
06.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver