Məhkəmə qərarları › İş №3(067)-364/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-364/2021

17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-364/2021 17.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 oğlunun iştirakı ilə, 23.10.1989-cu ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Xaçmaz şəhəri, N.Ələskərov küçəsi, ev 57-də yaşayan X3 Xaçmaz Rayon Polis Şöbəsinin 30.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Polis Şöbəsinin 30.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarı ilə X7 oğlu Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar bilinərək, 100 manat miqdarında cərimə edilmişdir. X1 Rayon Polis Şöbəsinin 30.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarı əsasında onun 1.500 manat məbləğində cərimə edilməsinə dair qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 28 aprel 2021-ci il tarixdə günorta saatlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində piyada yolu ilə tək yol gedərkən sonradan adlarını bildiyi Ceyhun və Vüsal adlı polis əməkdaşları ona yaxınlaşıb qoruyucu maska taxmadığıma görə cərimə olunacağımı demişlər. O onlara qoruyucu maskasının olduğunu və istifadə etdiyini, sadəcə qızmar hava olduğuna görə təngənəfəs olduğu üçün maskanı bir neçə dəqiqəlik çıxardığını, həmçinin, yol ilə tək getdiyini, ətrafdakılarla hər hansı bir şəkildə heç bir təması olmadığını, ətrafda insanların toplaşmadığını və belə olan halda onun qoruyucu vasitə olan maskadan istifadə etməyə biləcəyini bildirmişdir. Bu barədə ölkə Prezidentinin də çıxışını onlara xatırlatmışdır. Lakin onlar buna məhəl qoymamış və onu PPX avtomaşınına mindirib Xaçmaz rayon Polis Şöbəsinə aparmışlar. Orada şəxsiyyətini, yaşadığı ünvanı müəyyən etmiş və ona 100 manat cərimə olunacağını və 1 ay ərzində cərimə ödəməli olduğunu bildirmişlər, bundan sonra o, sərbəst buraxılmışdır. Polis əməkdaşları onu saxlayarkən heç bir hüquq və vəzifələrini izah etməmiş, ona heç bir protokol və ya qəbul edilmiş qərar təqdim edilməmişdir. 30 aprel 2021-ci il tarixdə o, cərimə edilməyindən narazı olduğunu bildirmək üçün Xaçmaz rayon Polis Şöbəsinə getmiş, cərimə olunmağı barədə qərarın surətinin təqdim edilməsini istəmişdir. Lakin həmin gün orada ona guya 29 aprel 2021-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokola imza etdirilmiş və protokol ona təqdim edilimişdir, qərarı isə hələ sistemə vurmadıqlarını bildirmişlər. O, oradan çıxıb vəkilin yanına məsləhət almaq üçün gedəndə vəkil bildirmişdir ki, protokoldan şikayət verilməsi mümkün deyil, ona inzibati tənbeh haqqında qərar təqdim edilməlidir. Xaçmaz rayon Polis Şəbəsindən çıxandan 15 dəqiqə sonra yenidən ora qayıdıb qərarın ona təqdim edilməsini istəmiş və dərhal “inzibati tənbeh vermə haqqında” 30 aprel 2021-ci il tarixli MN№ ******* saylı qərarı ona təqdim edilmişdir. Həmin qərarda qeyd olunur ki, onun tərəfindən 28 aprel 2021-ci il tarixdə N.Nərimanov prospektində ictimai yerdə fərdi qoruyucu vasitədən istifadə edilməməsi ilə bağlı Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə məni 100 manat məbləğində cərimə etmişdir. Buna görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 oğlu Xaçmaz Rayon Polis Şöbəsinin 30.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarının ləğv edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin dəlillərini və iş materillarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək, Xaçmaz Rayon Polis Şöbəsinin 30.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qərardan göründüyü kimi inzibati xətanın törədilməsi tarixi kimi 28 aprel 2021-ci il qeyd olunub, lakin protokol 29 aprel 2021-ci il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 101.1.-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli “Xüsusi karantin recimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Bu tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu Qərar 2020-ci il 21 noyabr tarixindən qüvvəyə minmişdir.Həmçinin Nazirlər Kabineti tərəfindən 29 may 2020-ci il tarixdə qoruyucu tibbi maskaların taxılması məcbur olan yerlərin siyahısını təsdiq edilmişdir. Belə ki, Azərbaycan ərazisində COVİD-19 infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; açıq sahəli ofislərdə və istehsalat yerlərində; tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Nazirlər Kabinetinin qeyd olunan qərarlarından da göründüyü kimi insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda qoruyucu tibbi maskaların taxılması məcburidir. Azərbaycan Respublikası İXM-nin 128.1.-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər.Azərbaycan Respublikası İXM-nin 128.2.3.-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8.barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.0.10.bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.0.11.bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt recimində tərtib olunmadıqda. Məhkəmə hesab edir ki, işin hallarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 29 may 2020-ci il tarixdə təsdiq edilmiş qoruyucu tibbi maskaların taxılması məcbur olan yerdə tibbi maskadan istifadə etməməklə, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcud olmamasına görə iş üzrə icraata xitam verilməsi üçün əsas vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Xaçmaz Rayon Polis Şöbəsinin 29 aprel 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X7 oğlunun şikayəti təmin edilməli və Xaçmaz Rayon Polis Şöbəsinin 30.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 53, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Xaçmaz Rayon Polis Şöbəsinin 30.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X7 oğlunun şikayəti təmin edilsin. Xaçmaz Rayon Polis Şöbəsinin 30.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar