Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-373/2024 14.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs iştirakı ilə xx xxxxxx 1994-cü ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonu, Xudat şəhəri, Heydər Əliyev prospekti, dalan 1, ev 10 yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-469/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 1320 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında çıxış edən icra məmuru bildirdi ki, Xaçmaz rayon məhkəməsinin qərarına əsasən Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 13 noyabr 2023-cü il tarixdən başlayaraq hər uşaq üçün 190 manat olmaqla cəmi 380 manat və bir uşağın üç yaşına çatanadək hər ay 40 manat olmaqla cəmi 420 manat alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi 09 fevral 2024-cü il tarixdə icra şöbəsinin icraatına qəbul olunmuş və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Borclunun hal-hazırda 1320 manat aliment borcu vardır. Borclu yaranmış aliment borcundan ödəniş edə bilmir. Lakin zərərçəkmiş alimenti tələb edir. Əlavə olaraq bildirmişdir ki, zərərçəkmiş 20 fevral 2024-cü il tarixdə ərizə yazaraq borclunun 1000 manat aliment borcu olduğunu bildirmişdir və həmin gün xəbərdarlıq edilərək mart ayının 13-nə qədər yaranmış borcun yarısının ödənilməsi borcluya bildirilmişdir. Mart ayında yenidən 420 manat aliment borcu yaranmışdır və həmin borcdan 100 manat ödəniş etmişdir. Ümumilikdə 1320 manat aliment borcu qalmışdır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs verdiyi izahatda bildirdi ki, boşanma ərəfəsində uşaq üçün tələbkarın özünə 240 manat və fevral ayında isə 100 manat pul ödəmişdir. Aliment işi hazırda Apellyasiya məhkəməsindədir. İcra məmuruna da bildirmişdir ki, zərərçəkmişə 200 manatdan artıq pul ödəmişdir. Həmçinin bildirmişdir ki, dönər sataraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bir həftəyə zərərçəkmişə 200 manat pul ödəyəcək. Hazırda Ramazan ayı ilə əlaqədar işi zəifdir. Əlavə olaraq bildirmişdir ki, 350 manat maaşı var, hazırda başqa biri ilə ailəlidir və 1 uşağı var. Yaranmış 1200 manat aliment borcundan xəbəri olmayıb, lakin Ramazan ayından sonra borcu tam ödəyəcəkdir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs izahatda bildirdi ki, valideynləri yoxdur, qardaşı yoxdur və hazırda köməksiz vəziyyətdədir. Qonşular və həmçinin mədrəsədən ona köməklik edirlər. O, uşağının fiziki qüsurlu olduğunu və ərzaq almalı olduğunu bildirmişdir. Lakin borclu məhkəmə iclasında dediklərini icra edəcəyi təqdirdə şikayətinin olmadığını bildirmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-469/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2022-ci il tarixdə bağlanmış nikah qeydi pozulmuşdur. xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər iddiaçı (anaları) Zərərçəkmiş şəxs yanında (himayəsində) qalırlar. xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 13 noyabr 2023-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində aliment, xx.xx.2023-cü il təvəllüdlü X1 3 yaşına çatana qədər saxlanması üçün 40 manat məbləğində aliment (əlavə xərc) tutulub iddiaçı Zərərçəkmiş şəxs verilsin. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə qətnaməsi alimentin tutulması hissəsində dərhal icra olunsun. İş materiallarından müəyyən olunur ki, 09 fevral 2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş tərtib olunaraq borcluya göndərilmişdir. İş materiallarından görünür ki, borclunun iki dəfə izahatı alınmış, lakin yalnız bir dəfə, 20 fevral 2024-cü il tarixdə ona xəbərdarlıq olunmuşdur. İş materiallarından müəyyən olunur ki, tələbkar 20 fevral 2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə ərizə ünvanlayaraq Şəxs borcu tam ödəmədiyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməsini xahiş etmişdir. İcra məmurunun istinad etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: 1) məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; 2) borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; 3) borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; 4)borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; Qeyd olunan hallara istinad edərək, bir daha bu nətəcəyə gəlinir ki, Şəxs əməlində inzibati xətanın tərkibi mövcud deyildir. Göründüyü kimi, inzibati xəta haqqında protolokda ümumi sözlərdən, yəni qanunda qeyd olunmuş maddəni göstərməklə borclunun qərəzli icra vərəqəsini icra etməməsini qeyd etmiş, lakin protokolda qərəzli icra etməmənin nədən ibarət olması açıqlanmamışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə aşağıdakı əsasa görə Şəxs barəsində olan hazırkı iş üzrə icraata xitam verilməlidir. Həmin əsas inzibati məsuliyyəti istisna edir. Həmçinin borclunun məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun hər hansı konkret qanuni tələblərinin yerinə yetirilməməsi və ya icraməmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsinin hər hansı üzrsüz səbəblərdən olması məhkəmədə müəyyən edilmədi. Eyni zamanda, iş materiallarından və məhkəmə iclasında müəyyən edildi ki, icraata başlamaq haqqında qərardan qısa müddət keçmiş, müvafiq qətnamədən apellyasiya şikayəti verilmiş, o cümlədən icra məmuru tərəfindən yalnız bir dəfə borcluya xəbərdarlıq olunmuşdur. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. İcra sənədinin icra olunmamasında Şəxs qərəzli vəya üzrsüz səbəblər barədə icra məmuru ümumiyyətlə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həminMəcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olduğu təqdirdə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Yəni barəsində protokol tərtib edilmiş hazırkı şəxs İXM-nin 528.1-ci maddəsindəki inzibati xətanı törədən subyekt deyildir. İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-373/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-373/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver