Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-375/2025 21.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Zuxul-oba kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xaçmaz Rayon Polis Şöbəsinin Yalama PB-dən daxil olan protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə X1 3 ədəd fındıq qələmini və 1 ədəd fındıq kolunu zədələyərək 400 manat maddi ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, xx.xx.2025-ci il tarixdə keçmiş ərinin adına olan pay torpağında qurumuş alaq otlarını oğlu ilə birlikdə təmizləyərək arxın üstündə yandırmışlar. Orada olan 1 ədəd fındıq koluna və 3 ədəd fındıq qələminə oddan ziyan dəyməmişdir. Ona görə də, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid X3 ifadəsində göstərmişdir ki, özünə məxsus olan pay torpaq sahəsində fındıq bağı salıb. xx.xx.2025-ci il tarixdə qardaşı oğlu ona zəng edib bildirmişdir ki, pay torpaq sahəsində yanğın olmuş, sahədə 3 ədəd fındıq qələmi və 1 ədəd fındıq kolu zədələnmişdir. Hadisənin kimin törətməsini görən olmasa da, hesab edir ki, bu hadisə onun mərhum qardaşının arvadı Nailə tərəfindən törədilə bilərdi, ona təxminən 400 manat ziyan dəymişdir. Məhkəmədə şahid X2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə atasına məxsus olmuş pay torpağında qurumuş alaq otlarını anası ilə birlikdə təmizləyərək arxın üstündə yandırmışlar. Sonradan odu özləri söndürmüşlər. Orada olan 1 ədəd fındıq koluna və 3 ədəd fındıq qələminə oddan ziyan dəyməmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında tərəflər arasında yaranmış mübahisənin inzibati xarakterli olduğu qeyd edilməklə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, işdəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda (beş min manatdan yuxarı olmayan məbləğ) ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Müəyyən edilmişdir ki, Şəxs keçmiş ərinin adına olan pay torpağında qurumuş alaq otlarını oğlu ilə birlikdə təmizləyərək arxın üstündə yandırmış, od söndükdən sonra oradan çıxıb getmiş və bunun əksini təsdiq edə biləcək heç bir sübut yoxdur. Ona görə də, Şəxs tərəfindən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələməsi təsdiq edilmir və onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 232-1-ci -ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşdəki sübutlarla birmənalı olaraq Şəxs özgənin əmlakını qəsdən məhv etməsi və ya zədələməsi təsdiq edilmir və bu səbəbdən də işdə olan şübhələr də Şəxs xeyrinə həll olunmalıdır. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №3(067)-375/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-375/2025
21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver