Məhkəmə qərarları › İş №3(067)-393/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-393/2023

09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-393/2023 09.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz rayon məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(067)-1997/2022 saylı icra sənədinə əsasən 827 manat aliment borcunu ödəmir və icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(067)- 1997/2022 saylı icra sənədinə əsasən Şəxs 03 iyun 2022-ci ildən başlayaraq bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 193 manat sabit məbləğdə aliment tutularaq X2 verilməlidir. Borclu alimenti vaxtında və lazımınca ödəməmiş və 827 manat aliment borcu yaranmış, borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin bildirmişdir ki, borclu sonuncu dəfə aliment xx.xx.2023-cü il tarixində 190 manat ödəmiş, hazıradək cəmi 910 manat aliment ödəmişdir. Borclu ilə telefon əlaqəsi saxlanılmağa cəhdlər edilmiş, lakin sonuncuya zəng çatmamış, yaşadığı ünvana gedilmiş və artıq həmin ünvanda yaşamadığı müəyyən edilmiş, buna görə də barəsində axtarış elan edilməklə polis tərəfindən icra və probasiya şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, hazırda işsizdir, maddi imkanı yaxşı deyil, uzun illərdir kirayədə yaşayır, fəhləlik edərək qazanc əldə etmişdir və imkanı çatan qədər aliment ödəmişdir. İşsiz olduğundan 827 manat aliment borcu yaranmışdır. Həmçinin bildirmişdir ki, o, zərərçəkmişlə də danışmış və sonuncuya bu ayın on altısında alimentlə bağlı 250 manat ödəyəcəkdir. Hal-hazırda isə alimentlə bağlı hər hansı məbləğdə ödəniş edə bilmir. Onun cərimə ödəməyə maddi imkanı yoxdur, həbs edilməsindən asılı olmayaraq da o, yenə uşağı üçün valideyn borcu olaraq aliment ödəyəcəkdir. Ona alimenti ödəməsi üçün vaxt verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, o, uşağına tək baxır, borclu alimenti vaxtında və lazımınca ödəmədiyindən o, uşağı saxlamaqda çətinlik çəkir. O, borclunun 250 manat ödəyəcəyi ilə razılaşmır, yaranmış 827 manat aliment məbləğini birdəfəyə ödəməsini tələb edir. Həmin məbləğ onun uşağının haqqıdır. Həmçinin bildirmişdir ki, o, borclunu bağışlamır, sonuncuya dəfələrlə güzəşt etmişdir, ona görə də barəsində həbs inzibati tənbehinin təyin edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Xaçmaz rayon məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(067)-1997/2022 saylı icra sənədinə əsasən Şəxs 03 iyun 2022-ci ildən başlayaraq bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 193 manat sabit məbləğdə aliment tutularaq X2 verilməlidir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, həmçinin onun əmlak vəziyyəti yoxlanılmış, lakin mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak aşkar dilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. İş materiallarında olan Xaçmaz RPŞ tərəfindən Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış məktubun surətindən görünür ki, axtarış işi üzrə Şəxs 09 mart 2023-cü il tarixdə saxlanılaraq icra və probasiya şöbəsinə təhvil verilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1989-cu ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 09 mart 2023-cü il tarixdən, saat 00:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar