Məhkəmə qərarları › İş №3(067)-406/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-406/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-406/2024 27.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızınnın katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 29 avqust 1983-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və Xaçmaz şəhəri, Xanlar küçəsi, ev 23 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 25 mart 2024-cü il tarixdə axşam saatlarında Xaçmaz rayon ərazisində oğurluqlar etməkdə şübhəli şəxs qismində Xaçmaz şəhəri Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilərkən, o, polis əməkdaşlarıyla getməkdən imtina etmiş və nalayiq ifadələr işlədərək, polis əməkdaşları tərəfindən dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq hərəkətlərini davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra polis əməkdaşları həmin şəxsi məcburi qaydada Xaçmaz rayon Polis Şöbəsinə gətirmişlər. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X3 göstərdi ki, 25 mart 2024-cü il tarixdə təxminən saat 16:45 radələrində Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə olan zaman Xaçmaz rayon ərazisində oğurluqlar etməkdə şübhəli olan Şəxs Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilərkən, o, polis əməkdaşlarıyla getməkdən imtina etmiş və nalayiq ifadələr işlədərək, polis əməkdaşları tərəfindən dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq hərəkətlərini davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra polis əməkdaşları həmin şəxsi məcburi qaydada Xaçmaz rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, onun tərəfindən xaçmaz rayon Polis Şöbəsinin əməkdaşlarına qarşı hər hansı hüquqazidd hərəkətlərə yol verilməmiş və polis əməkdaşlarının dəvəti ilə Xaçmaz rayon Polis Şöbəsinə getmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 25 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ozünü təqsirli bilməyərək, onun tərəfindən xaçmaz rayon Polis Şöbəsinin əməkdaşlarına qarşı hər hansı hüquqazidd hərəkətlərə yol verilməməsi və polis əməkdaşlarının dəvəti ilə Xaçmaz rayon Polis Şöbəsinə getməsi barədə verdiyi izahatı inzibati məsuliyyətdən yayınma və özünü müdafiə xarakteri daşımaqla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs inzibati xətaya sərxoş vəziyyətdə yol verməsini və səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halı, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 25 mart 2024-cü il tarixli, № 97 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 25 mart 2024-cü il tarixdə saat 18:25 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 25 mart 2024-cü il tarixdən saat 18:25-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli 25 mart 2024-cü il tarixdən, saat 18:25-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar