Məhkəmə qərarları › İş №3(067)-409/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-409/2024

06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-409/2024 06.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə, Hüquqi şəxs Samur-Yalama Milli Parkı (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xaçmaz rayon X3-Yalama Milli Parkı barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 17 mart 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs Samur-Yalama Milli Parkı Xaçmaz rayon X2 X4 sorğusuna əsasən mülkiyyətində olan «LADA NİVA LEGEND 21214-012-50 MİNİK» markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Xaçmaz rayon X2 X5 verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs « Samur-Yalama Milli Parkı-nın nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Samur- Yalama Milli Parkı -nın nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi şəxs Samur-Yalama Milli Parkı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və digər iş materialları ilə tamamilə sübuta yetir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon X2 X4 sorğu məktubundan görünür ki, Xaçmaz rayon X2 X7 «LADA NİVA LEGEND 21214-012-50 MİNİK» markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi hüquqi şəxs Samur-Yalama Milli Parkı -dan xahiş olunmuşdur. İş materiallarında olan SX13464529AZ nömrəli xəbərnamədən görünür ki, Xaçmaz rayon X2 X4 sorğu məktubu xx.xx.2024-cü il tarixdə Samur-Yalama Milli Parkı-nın Kadrlar mütəxəssisi N. Rəfixanova tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X2 X4 İnzibati təcrübə üzrə baş inspektoru polis kapitanı X1 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 17 mart 2024-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Samur-Yalama Milli Parkı Xaçmaz rayon X2 X4 sorğusuna əsasən mülkiyyətində olan «LADA NİVA LEGEND 21214-012-50 MİNİK» markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Xaçmaz rayon X2 X5 vermədiyindən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar tətbiq edir. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunurş Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir; 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibtai materialda olan digər sənədlərlə müəyyən edilmişdir ki, səlahiyyətli orqan Xaçmaz rayon X2 X8 tərəfindən barəsində inzibati icraat aparılan hüquqi şəxs Samur-Yalama Milli Parkı-na sonuncunun mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi barədə sorğu göndərilmiş, sorğu Samur-Yalama Milli Parkı tərəfindən qəbul olunmuş, lakin səlahiyyətli orqanın sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində tələb olunan məlumat verilməmişdir. Bununla da, hüquqi şəxs Samur-Yalama Milli Parkı İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Samur-Yalama Milli Parkı-nın məsuliyyətini yüngülləşdirən və ağrlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Samur-Yalama Milli Parkı İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 55,114, 115, 128, 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Samur-Yalama Milli Parkı (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar