Məhkəmə qərarları › İş №3(067)-417/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-417/2025

07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-417/2025 07.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və qərardan şikayət verən şəxs X1 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Abduləlizadə Elvinin «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» 17 fevral 2025-ci il tarixli, EQ 26145658 saylı qərarından X2 tərəfindən verilmiş şikayət ərizəsinə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Abduləlizadə Elvin tərəfindən onun barəsində qəbul olunmuş «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» 17 fevral 2025-ci il tarixli, EQ 26145658 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, ona 17 fevral 2025-ci il tarixində DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Eivin Abduləiizadə tərəfindən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 327.1-ci (yol nişanlarının tələblərinə riayət edilməməsi) maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə qərar tərtib olunmuşdur. Yazılan protokol (protokol nömrəsi-EQ********) və qərara əsasən onun 16 fevral 2025- ci il tarixində, saat 12:27 də Quba şəhər H.Əliyev prospektində 5.8.1 yol hərəkət nişanının (zolaqlar üzrə göstərilən hərəkət istiqamətləri) tələbini pozduğu qeyd edilmişdir. Qeyd edilən vaxtda və yerdə o, mövcud nişanın (5.8.1 nişanı) təsir sahəsində 3-cü, yəni sol kənar zolaqdan işıqforun mövcud tələbini gözləməklə geriyə dönmə manevrini həyata keçirmişdir. Qərar ona 17 fevral 2025-ci il tarixində elektron formada təqdim olunmuşdur və hesab edir ki, şikayət eləmək üçün qeyd edilən müddəti aşmamışdır. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs - X2 iş üzrə izahatında göstərmişdir ki, 17 fevral 2025-ci il tarixində DİN BDYP-nin Mərkəz Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə cərimə tərtib olunmuşdur. Həmin protokolda 16 fevral 2025-ci il tarixində 12:27-də Quba şəhəri, H.Əliyev prospektində 5.8.1 yol hərəkət nişanının tələbini pozduğu qeyd edilmişdir. Lakin qeyd edilən vaxtda və yerdə o, mövcud nişanın təsir sahəsində 3-cü, yəni sol kənar zolaqdan işıqforun mövcud tələbini gözləməklə geriyə dönmə manevrini həyata keçirmişdir. İşıqforun sola dönmə işığı var, bu da sola və geriyə dönməyə imkan verir. Zolağın stop xəttindən arxada dayanmışdır. İşıqforun işığı yandıqdan sonra o, geriyə dönmüşdür. Ona mövcud vəziyyət ilə bağlı 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Ona görə də, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İnzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Abduləlizadə Elvinin «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» 17 fevral 2025-ci il tarixli, EQ 26145658 saylı qərarı ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə tapşırılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Abduləlizadə Elvinin «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» 17 fevral 2025-ci il tarixli, EQ 26145658 saylı qərarının surətindən müəyyən olunur ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək və işin hallarını araşdıraraq müəyyən etmişdir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür. Lakin inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, inzibati xəta haqqında qərarı, protokolu, həmçinin inzibati xəta hadisəsinin mövcudluğunu əks etdirən videogörüntüləri və ya səs yazılarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda işin hallarını müəyyən edən materiallar natamam olduğundan, iş üzrə obyektiv qərarın qəbul edilməsi mümkün deyildir. Beləliklə məhkəmə iş materiallarını, işin faktiki hallarını və yuxarıda sadalanan normaları müqayisəli şəkildə təhlil edərək, onlara məcmu halında hüquqi qiymət verməklə belə hesab edir ki, sözügedən yolda (Quba şəhəri, Heydər Əliyev küçəsi) X2 tərəfindən yol nişanlarının tələblərinin pozulub-pozulmaması müəyyən edilmədiyindən və qeyd olunan halların əlavə araşdırılması zəruri olduğundan, hazırkı halda işin hallarını müəyyən edən materiallar natamam olmaqla, iş üzrə obyektiv qərarın qəbul edilməsi mümkün olmadığından, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, X1 şikayəti qismən təmin edilməli, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Abduləlizadə Elvinin «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» 17 fevral 2025-ci il tarixli, EQ 26145658 saylı qərarı ləğv edilməli, habelə X2 barəsində işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Abduləlizadə Elvinin «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» 17 fevral 2025-ci il tarixli, EQ 26145658 saylı qərarı ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar