Məhkəmə qərarları › İş №3(067)-426/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-426/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-426/2024 28.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1978-ci ildə Xaçmaz rayonunun İlxıçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, inzibati tənbehə məruz qalmış, Xaçmaz rayonunun Çarxı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayon məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2(067)-2743/2019 saylı qətnaməsinə əsasən borclu Şəxs 855 manat məbləğində pulun alınıb tələbkar Zərərçəkmiş şəxs, 920 manat məbləğində pulun alınıb digər tələbkar X1 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Lakin borclu Şəxs icra sənədində göstərilən tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 göstərdi ki, Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 16 oktyabr 2019-cu il tarixli, 2(067)-2743/2019 saylı icra sənədinə əsasən borclu Şəxs 855 manat məbləğində pulun alınıb tələbkar Zərərçəkmiş şəxs, 920 manat məbləğində pulun alınıb digər tələbkar X1 verilməsi təmin edilməlidir. Məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə bağlı borcluya dəfələrlə rəsmi bildirişlər göndərilərək xəbərdarlıq edilməsinə, icra şöbəsinə dəvət edilərək ona qanunun tələbləri dəfələrlə izah edilməsinə və 2022-ci ildə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon məhkəməsi tərəfindən barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq keçən müddət ərzində ödəniş etməməklə icra sənədini üzürsüz səbəbdən icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən ondan 855 manat məbləğində pulun alınıb tələbkar Zərərçəkmiş şəxs, 920 manat məbləğində pulun alınıb digər tələbkar X1 verilməsi qət edilmişdir. Həmin borc məbləğindən borclu Zərərçəkmiş şəxs 100 manat ödəniş edə bilmiş, digər borclu Kamal Şərifovla borcun ödənilməsi ilə bağlı razılığa gəlmiş, işləmədiyindən və maddi imkanı olmadığından, eləcə də törətdiyi cinayət əməlinə görə bir neçə ay həbsdə olduğundan borclu olduğu pul məbləğlərini tələbkarlara ödəyə bilməmişdir. Yaxın vaxtlarda işləyib ödənişləri edəcəkdir. Hazırda isə borcundan ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında izahat verən Zərərçəkmiş şəxs göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Şəxs 855 manat məbləğində pulun alınıb ona, 920 manat məbləğində pulun alınıb digər tələbkar Kamal Şərifova verilməsi qət edilmişdir. Lakin borclu Şəxs keçən müddət ərzində ona cəmi 100 manat ödəniş etmiş, qalan məbləği isə dəfələrlə tələb etməsinə, İcra Şöbəsi tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmış, eləcə də digər borclu Kamal Şərifovun da pulunu ödəməmişdir. Şəxs barəsində şikayətçidir və iş üzrə qanuni qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 28 mart 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 05 mart 2022-ci il tarixli, 3(067)-511/2022 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Şəxs qeyd olunan icra sənədi üzrə Xaçmaz rayon məhkəməsinin 05 mart 2022-ci il tarixli, 3(067)- 511/2022 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 28 mart 2024-cü il tarixdən saat 17:45-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar