Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-430/2023 15.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Xaçmaz rayon X3 Təhülkəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1978-ci ildə Quba şəhərində olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İnzibati xəta haqqında protokolla müəyyən edilmişdir ki, Şəxs 13 mart 2023-cü il tarixdə Xaçmaz rayonun Mərkəz bazarında “Azərlotereya” tərəfindən istehsal olunan “Pozqazan” lotereyalarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə ona 250 manat məbləğində maddi zərər vurmuşdur. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X3 təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X2 göstərdi ki, Şəxs 13 mart 2023-cü il tarixdə Xaçmaz rayon Mərkəz bazarda “Azərlotereya” tərəfindən istehsal olunan “Poz-qazan” lotereyalarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə ona 250 manat məbləğində maddi zərər vurmuşdur. Barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olub dolanır. 13 mart 2023-cü il tarixdə saat 15 radələrində Xaçmaz rayon Mərkəzi bazarına gəlmiş, orada bazarın girişində bir qadının Azərlotereya tərəfindən istehsal edilən "Poz qazan” lotereyalarının satışı ilə məşğul olduğunu görüb, həmin qadından lotereya alaraq pozmağa başlamışdır. O, üzərində olan 25 manat pulun hamısını poz qazan lotereyasına xərcləsə də, uduş əldə edə bilməmişdir. Daha sonra lotereya satışı ilə məşğul olan qadından lotereya alaraq pulu cibində olduğunu və pozduqdan sonra verəcəyini demiş, sonuncu da ona etiraz etməyərək lotereya vermişdir. Onun üzərində pul qalmasa da, lotereyaların hər-hansı birində uduş əldə edib pulu ödəyəcəyinə ümid etmişdir. Bu barədə lotereya satana heçnə deməmişdir, lotereya satıcısına demişdir ki, pul cibindədir, biletləri pozduqdan sonra pulunu ödəyəcək. Lakin hər dəfə o, qadından lotereya alaraq pozsa da, heç bir uduş əldə edə bilməmiş və nəticədə o, lotereya satana 250 manat pul borclu qalmışdır. Həmin vaxt o, qadına onunla birlikdə Quba şəhərinə getməsini və orada borclu qaldığı 250 manat pulunu verəcəyini təklif etsə də, satıcı qadın buna razı olmayaraq 102 xidmətinə zəng vurmuşdur. O, polislərin gələcəyini görüb məsuliyytdən yaxa qurtarmaq üçün qaçmışdır. Lotereya satan qadın arxası ilə qışqırdığı üçün, o, təxminən 100 metr qaçdıqdan sonra, bazarda olan adamlar onu saxlamışdırlar. Daha sonra polis əməkdaşları gəlib onu Xaçmaz RPŞ-nə gətirmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində izahat vermiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, ailəsi ilə birlikdə Xaçmaz rayonu Qımıl-qışlaq kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olub dolanır. O, Xaçmaz rayon Mərkəzi bazarında “Azərlotereya” tərəfindən istehsal edilən “Poz-qazan” lotereyalarının satışı ilə məşğul olur. 13 mart 2023-cü il tarixdə, saat 17 radələrində müştəri kimi üzdən tanıdığı şəxs ona yaxınlaşıb pulunu verərək 5 manat dəyərində olan lotereya biletləri alaraq pozmağa başlamışdır. Həmin şəxs ona ilk öncə pozduğu 20 manatlıq lotereyaların pulunu ödəmişdir. Daha sonra yenə də, bilet pozmaq istədikdə o müştəriyə pulun olub-olmadığını soruşmuş, müştəri isə “pulum olmasa silmərəm” cavabını vermişdir. Müştəri əvvəllər də gəlib lotereya pozduğundan və cibində pulun olmasına onu inandırdığından, o müştəriyə inanıb lotereyaları vermişdir. Elə bilmişdir ki, müştərinin cibində pul var və o pulu dərhal ödəyəcək. Müştəri 250 manatlıq lotereya sildikdən sonra, o pulu tələb etmişdir. Lakin müştəri ona üzərində pul olmadığını, birlikdə Quba rayonuna getmələrini, pulunu orada verəcəyini demişdir. O, isə həmin şəxslə razılaşmamış və pulunu dərhal verməsini tələb etmişdir. O, müştəriyə 102 xidmətinə zəng vuracağını dedikdən sonra, həmin şəxs qaçaraq uzaqlaşmağa başlamışdır. Lakin orada olan şəxslər həmin şəxsi tutaraq saxlamağa müvəffəq olmuşlar. Daha sonra o, həmin vaxt bazarda xidmətdə olan Xaçmaz rayon Mühafizə polisinin əməkdaşlarını çağıraraq həmin şəxsin ona qarşı etdiyi dələduzluq barədə məlumat vermiş, polis əməkdaşları da həmin şəxsi polis şöbəsinə gətirərək təhvil vermişlər. Sonradan ona həmin şəxsin Quba şəhər sakini Şəxs olması məlum olmuşdur. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, araşdırılan inzibati xətada soyğunçuluq cinayətinin əlamətləri olduğundan, inzibati xəta haqqında iş üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Belə ki, hadisəinin gedişatından görünür ki, Şəxs cibində 20 manat pul ola-ola, həmin pulu Xaçmaz rayonu Mərkəz bazarda lotereya satışı ilə məşğul olan Zərərçəkmiş şəxs vermiş və bunun müqabilində 4 ədəd 5 manat dəyərində olan lotereyaları pozmuşdur. Satıcı Zərərçəkmiş şəxs deməsinə əsasən o, Şəxs adını bilməsə də, daimi müştəri kimi üzdən tanıyırmış. Şəxs uduzduğu 20 manat pulu satıcı Zərərçəkmiş şəxs ödəyərək, sonuncunun etibarını qazanmış və cibində yenə pulun olmasını bildirməklə əlavə lotereyaların silməsini istəmişdir. Satıcı Zərərçəkmiş şəxs Şəxs etiraz edərək, ilk öncə pulun verilməsini və əvəzində lotereya biletin pozmasını bildirsə də, Şəxs sonuncuya “pulum olmasa silmərəm” deməklə Zərərçəkmiş şəxs inandıraraq onu aldatmış və etibarından sui-istifadə etməklə 50 ədəd lotereya biletləri silmişdir. Həm Zərərçəkmiş şəxs, həm də Şəxs ifadələrindən müəyyən olunur ki, satıcı Zərərçəkmiş şəxs müştəri Şəxsla lotereya biletlərin nisyə satışı barədə razılığa gəlməmişdir, aralarında belə bir razılıq olmamışdır. Satıcı Zərərçəkmiş şəxs inanmışdır ki, müştərinin cibində pul var və həmin pul ona dərhal ödəniləcək. Müştəri isə cibində pulun olmadığını bilə-bilə özgə əmlakı ələ keçirmək üçün satıcının etibarından sui-istifadə etməklə aldatmışdır. Daha sonra, polislərin gələcəyini başa düşərək, hadisə yerindən qaçmışdır. Düzdür, Şəxs araşdırma zamanı bildirmişdir ki, cibində pul olmasa da, lotereyaları pul udmaq ümidi ilə silirmiş. Pul udacağı təqdirdə isə borcunu bağlayacağını bildirmişdir. Lakin məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Şəxs pul udaraq borcunu bağlayacağına ümidli olsa da, pul udmayacağını da və bu halda satıcıya maddi ziyan vuracağını düşünməli idi. Həmçinin Şəxs satıcı ilə şifahi nisyə-alqı satqı müqaviləsini bağlamamışdır, ona görə ki, satıcının buna razı olmayacağını başa düşürdü. Özgənin əmlakından yararlanmaq üçün aldatma üsuluna əl atmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.3-cü maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Məhkəmə Cinayət Məcəlləsinin 25.3-cü maddəsinə istinadən hesab edir ki, -Şəxs öz hərəkətinin (cibində pulu olmaya-olmaya satıcını aldadıb, lotereya bilətlərini silmək məqsədilə ələ keçirməsi) ictimai təhlükəli olduğunu dərk etmişdir (əks halda, o, satıcıya pulun olmadığını, lotereya biletlərini pozub, pulu isə sonradan verəcəyini təklif edərdi. Satıcının buna razı olmayacağını dərk edərək aldatma üsuluna əl atmışdır) -Şəxs törətdiyi əməlin ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmişdir ( udacağı təqdirdə pulları ödəyəcəyini düşünməsi hərəkətinin ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi, lakin bunları arzu etməməsinə dəlalət edir, yəni Şəxs daha çox pul udub, borcunu bağlamaq niyyətində olub, nəyinki uduzub pulu verməmək). -Və təbii ki, Şəxs belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdir. Beləliklə də, məhkəmə hesab edir ki, Şəxs əməli dolayı qəsdlə törədilib. Əməlin tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, Xaçmaz RPŞ-nin əməkdaşlarının Şəxs əməlini Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə, yəni xırda talama kimi tövsif etməkləri düzgün deyil. Belə ki, polis əməkdaşları belə qənaətə gəlmişlər ki, Şəxs əməlində dələduzluq cinayətinin əlamətləri olsa da, ələ keçirilmiş əmlakın dəyəri 500 manatdan aşağı olduğundan, əməl xırda talama kimi tövsif edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7№li Qərarın 20-ci bəndinə əsasən təqsirkar şəxs tərəfindən aldatma və ya etibardan sui-istifadə etmə əmlaka əlçatanlığı təmin etmək məqsədi ilə tətbiq edildikdə və bu halı əmlakın mülkiyyətçisi və ya sahibi müəyyən etdikdən sonra da təqsirkar zərər çəkmiş şəxsin iradəsinə zidd olaraq əmlakın ələ keçirilməsi və ya onu özünün və ya digər şəxslərin sərəncamında saxlanılması üçün aşkar hərəkətlər etdikdə onun əməli bu hərəkətlərin xarakterindən və ictimai təhlükəliliyindən asılı olaraq soyğunçuluq və ya quldurluq kimi qiymətləndirilməlidir (məsələn, şəxsin mobil telefondan zəng etmək adı ilə onu mülkiyyətçidən və ya sahibindən götürməsi, zərərçəkmiş əmlakının geri qaytarılmasını tələb etdikdən dərhal sonra hadisə yerindən qaçması, yaxud da telefonu özündə saxlamaq məqsədi ilə zərər çəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməsi və ya belə zorakılıq tətbiq edəcəyi ilə hədələməsi). Qeyd olunan Plenumun 20-ci bəndinin müddəalarını araşdırılan hadisə ilə müqayisəli şəkildə tədqiq etsək görürük ki, Şəxs aldatma yolu ilə lotereya biletlərini ələ keçirib istifadə edərək onları dəyərdən saldıqdan sonra, satıcının ondan lotereya biletlərin nominal dəyərinin ödənilməsini tələb etməsini və pulun dərhal ödənilməyəcəyi təqdirdə polisə məlumat verəcəyini eşitdikdən sonra qaçması ona dəlalət edir ki, təqsirkar əmlakın sərəncamında saxlanılması üçün aşkar hərəkətlər etmişdir. İlk öncə belə təəsürat yaranır ki, təqsirkar şəxs qaçarkən özü ilə hər hansı bir əmlak aparmamışdır və aldatma yolu əldə etdiyi əmlak artıq onun sərəncamında yox idi. Amma lotereya biletlərin özəlliyi ondan ibarətdir ki, digər əmlaklardan fərqli olaraq, lotereya biletləri pozulmadığı halda nominal dəyərlə qiymətləndirilir, pozulduğu halda isə ya dəyərdən düşür, ya da uduşdan asılı olaraq müxtəlif məbləğdə dəyərli ola bilir. Tədqiq olunan hadisə isə, Şəxs artıq lotereya biletlərini nominal dəyərdə olarkən aldatma yolu ilə əldə etmişdir və onları pozub, dəyərdən düşdüyünü gördükdən sonra, nominal dəyəri təşkil edən 250 manatı ödəməmək üçün qaçmışdır. Məhkəmə belə hesab edir ki, Şəxs qaçması 250 manatın ödənilməməsi üçün, dolayısı ilə yararlandığı biletlərin dəyərini təşkil edən 250 manatın əldə saxlanılması üçün törədilmişdir. 250 manat pul fiziki olaraq onun əlində olmasa da, o həmin pula zərərçəkmişin iradəsinə zidd şəkildə yiyələnmişdir, zərərçəkmiş isə onun əməlini ifşa etdikdə, Şəxs 250 manatı qaytarmamaq üçün hadisə yerindən qaçmışdır. Beləliklə də, məhkəmə hesab edir ki, Şəxs əməlində əmlakı açıq formada talama, yəni soyğunçuluq cinayətin əlamətləri olduğundan, onun əməli ətraflı araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır: 114.2.3. inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə; İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2023-cü il saat 19:45-də inzibati qaydada tutulmuşdur. Hazırda Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyindən, o, dərhal həbsdən azad olunmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 85 və 114-cü maddələri rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalında dərhal tutulmadan azad olunsun. Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180-cı maddəsinin dispozisiyasında qeyd olunan soyğunçuluq cinayətinin əlamətləri olduğundan, iş üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-430/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-430/2023
15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver