Məhkəmə qərarları › İş №3(067)-439/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-439/2021

02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-439/2021 02.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, il ərzində təkrarən inzibati xəta törətmiş, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 105-də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 332.1, 333.2 və 327.1-ci maddələri ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 08 mart 2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 333.1, 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinərək, ona 400 (dörd yüz) manat cərimə inzibati tənbeh növü təyin edilməsinə baxmayaraq, qeyd olunan inzibati xətanı il ərzində təkrar törədərək, 28 may 2021-ci il tarixdə saat 22:41 radələrində «X1» Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq, Xudat-Xaçmaz istiqamətində avtomaşını sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs ifadə verərək göstərmişdir ki, 08 mart 2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 333.1, 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinərək, ona 400 (dörd yüz) manat cərimə inzibati tənbeh növü təyin edilməsinə baxmayaraq, qeyd olunan inzibati xətanı il ərzində təkrar törədərək, 28 may 2021-ci il tarixdə saat 22:41 radələrində idarə etdiyi «Hyundai Sonata» markalı avtomaşınla Xudat şəhərindən Xaçmaz şəhəri istiqamətində hərəkətdə olarkən DYPX-nin əməkdaşı tərəfindən saxlanılmışdır. Yoxlama zamanı onun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi məlum olmuşdur. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 08 mart 2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1, 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinib, ona 400 (dörd yüz) manat cərimə inzibati tənbeh növü təyin edilmişdir. Şəxs AR İXM-nin 332.1,333.2 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaya yol verməsi tərtib edilmiş 28 may 2021-ci il tarixli İXP seriyalı ******* saylı protokolla, onun özünün etirafı və 08 mart 2021-ci il tarixli qərarından təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs inzibati xətanı etiraf edərək törətdiyi əməldən peşman olduğunu məsuliyyətini yüngülləşdirən hal kimi, eləcə də məsuliyyətini ağırlaşdıran haların olmamasını nəzərə alaraq, barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla cərimə inzibati tənbeh növünün təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1,333.2 və 327.1-ci maddələri ilə təqsirli bilinib ona 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnu məhdudlaşdırılmaqla, 500 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh növü təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar