Məhkəmə qərarları › İş №3(067)-441/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-441/2022

22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-441/2022 22.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Xaçmaz rayonunun Krasnı-Xutor kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Krasnı-Xutor kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 10 fevral 2022-ci il tarixdə idarə etdiyi “Mercedes” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomaşınla Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisində hərəkətdə olarkən yolun kənarında ictimai nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş duracaq yerində dayanaraq, ictimai nəqliyyat vasitəsininin gəlməyini gözləyə sərnişin Zərərçəkmiş şəxs qızının yanına yaxınlaşraq, onun narahaçılıqına səbəb olan ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X2 göstərdi ki, Şəxs fərdi qaydada avtomobillərin təmiri sexində işləyir. 10 fevral 2022-ci il tarixdə özünə məxsus olmayan “Mercedes” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomaşını, sexdən götürərək Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisində sürmüş və avtomobil ilə hərəkətdə olarkən yolun kənarında ictimai nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş duracaq yerində dayanaraq ictimai nəqliyyat vasitəsininin gəlməyini gözləyən sərnişin Zərərçəkmiş şəxs qızının yanına yaxınlaşaraq sonuncuya bir neçə dəfə avtomobilə əyləşməyi təklif etmiş və bununla da, Zərərçəkmiş şəxs qızının narahatçılığına səbəb olan ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, avtomobillərin təmiri sexində işləyir. 10 fevral 2022-ci il tarixdə özünə məxsus olmayan “Mercedes” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadığı Uzunoba kəndindən Xaçmaz rayonu istiqamətində hərəkətdə olarkən Müzəffəroba kəndində bir nəfər xanımın yolun qırağında tək dayandığını görüb avtomobili onun yanında saxlayaraq, Xaçmaza gedirsə apara biləcəyini söyləmişdir. Xanım onunla getmək istəmədiyini bildirsə də, o, bu təklifi tanımadığı xanıma bir neçə dəfə etmiş və maşına əyləşməyi təklif etmişdir. Xanım təkidlə ona etiraz etdiyindən və DİN-in 102 xidmətinə məlumat verdiyindən, oradan uzaqlaşmışdır. Törətdiyi inzibati xəta əməlinə görə səmimi peşmançılıq hissi keçirdiyini və zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs qızı göstərdi ki, o, Xaçmaz rayonu Müzəffəroba kəndində yaşayır. 10 fevral 2022-ci il tarixdə evdən çıxaraq yolun qırağında olan duracaqda dayanıb ictimai nəqliyyat vasitəsini gözləmişdir. Həmin vaxt yolun digər tərəfində azyaşlı uşaqları da durmuşdurlar. Bu zaman vaxt tanımadığı şəxs, hal-hazırda məhkəmə iclasında olan Bəşirov X3 markalı maşınla ona yaxınlaşaraq, maşına əyləşməyi və Xaçmaza getməyi təklif etmişdir. O, tanımadığı şəxsə etiraz etsə də, həmin şəxs əməllərinə son qoymamış və maşına əyləşmək təkliflərini etməyə dəvəm etmişdir. Həmin vaxt yolun kənarında olan uşaqları bundan qorxaraq evə qaçmışlar. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 qaynar xətt xidmətinə zəng vuraraq məlumat vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 22 fevral 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 07 (yeddi) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 22 fevral 2022-ci il tarixdən saat 18:20-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN SƏRXAN SƏMƏDZADƏ Düzdür: HAKİM XİDİR QULİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar